İmişlili İkinci Vətən Müharibəsi Şəhidi, Mayor, iki övladı əmanət qalan-EMİN SÜLEYMANOVUN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (2)

İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Emin Bəhmən oğlu Süleymanovun Anım Günüdür.

Emin Süleymanovun bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.

Anım Günü ilə bağlı bu gün Şəhidin Xubyarlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr edilmiş şeirlər səsləndirilib, qısa çıxışlar olunub.

Kövrək, təsirli anlar yaşanıb, ziyarət iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Şəhidin anası Tamara xanıma, həyat yoldaşı Məhsəti xanıma və övladlarına Allahdan səbr və dözüm arzulanıb

Məzarını ziyarətdən sonra ailə üzvlərinin, yaxınlarının, İmişli və digər bölgələrdən olan Şəhid ailələrinin, Qazilərin, İmişli rayon rəhbərliyinin iştirakı ilə Şəhidin Anım mərasimi keçirilib, adına ehsan süfrəsinə açılıb.

Bir daha ruhuna dualar oxunub.

Etikxeber.az-ın xəbərinə görə, 1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində dünyaya gələn Emin Süleymanov ailənin 7 övladından biri olub.

Ailədə 5 qardaş, 2 bacı olublar.

İki qardaş və bir bacısını, o cümlədən atasını illər öncə itirib.

Qardaşlarından biri 20 Yanvar Şəhidlərindən, biri isə Birinci Qarabağ Savaşının Qazisi olub.

1983-1992-ci illərdə orta məktəbin rus bölməsində oxuyub, 1992-95-ci illərdə Cəmiş Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.

1995-99-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsilə yiyələnib, ona Leytenant hərbi rütbəsi verilib.

Sonrakı illərdə Mayor rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

43 günlük şərəfli döyüş yolu keçib.

Şuşanın azad edilməsindən bir gün sonra, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, noyabr ayının 9-da isə Şuşa-Laçın dəhlizi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhidliyi barədə isə həmin gün ailəsinə, həyat yoldaşına məlumat verilib, ancaq nəşi 4 gün sonra, 2020-ci ilin noyabr ayının 13-də doğulub boya-başa çatdığı İmişlinin Xubyarlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Emin Süleymanovun iki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

Emin həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından, Qəhrəmanlarından olub.

İstər Şəhidliyindən öncə, istərsə Şəhidliyindən sonra həm Ali Baş Komandanın, həm də Müdafiə nazirinin əmri ilə bir neçə medalla təltif olunub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:35

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mehriban Zeynalovanın təşkilatı tələbələr üçün “Məişət zorakılığı törədən şəxslərlə sosial işin təşkili” mövzusunda iki günlük-TƏLİM KEÇDİ VƏ… – FOTOLAR

Read Next

Anım Günündə İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Teymurovun-AİLƏSİNİ VƏ OCAĞINI ZİYARƏT… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir