İmişlinin Təhsil Şöbəsində qalmaqal – “Qapını da arxadan bağladı…”

Oktyabrın 19-da iş vaxtının sonuna yaxın İmişli rayon təhsil şöbəsinin inzibati binasında qalmaqal baş verib. İşdən azad edilən Muradxanlı ümumi orta məktəbinin direktoru Zakir Nəzərov şöbə müdiri ilə mübahisə edib.

Etikxeber.az “Sputnik”ə istinadən xəbər verir ki, əsəblərini cilovlaya bilməyən direktor ucadan çığıraraq ayrı-ayrı şəxslərin ünvanına söyüş yağdırıb. İnzibati bina şəhərin mərkəzi hissəsində, xidmət təşkilatlarının əhatəsində yerləşdiyindən, onun qarşısına xeyli sayda şəhər sakini toplanıb. Bir qədər sonra binaya polis əməkdaşları daxil olub və etirazçı direktor məcburi qaydada İmişli Rayon Polis Şöbəsinə aparılıb. Məktəb direktoru Zakir Nəzərov mübahisənin vəzifə üstündə deyil, işdən azad olunması ilə bağlı olduğunu deyib: “Mən 42 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bir kənd məktəbinin təkcə direktoru yox, sıravi müəllimi, qara fəhləsi, ocaqçısı, qarovulçusu olmuşam. Yaşa görə vəzifədən azad etməyi qalsın bir yana, şöbə müdiri məni müəllim kimi də işdə saxlamaq istəmir. Halbuki, müqavilə əsasında yaşı 65-dən yuxarı nə qədər direktor vəzifədə saxlanılıb, müəllim işə götürülüb. Mən özümə qarşı olan bu ədalətsiz, qərəzli münasibətə etiraz edirəm”.

O, şöbə müdirinin göstərişi əsasında saxlanıldığını bildirib: “Məni tutub bir otağa saldırtdırdı və qapını arxadan bağladı. Sonra da polis çağırdı. Bir sutka haqsız yerə saxlanılmışam”. İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov baş verənlərə belə münasibət bildirib: “O, 65 yaşı tamam olduğundan, direktor vəzifəsindən azad edilib. Lakin bu günədək möhürü təhvil verməyib. Üstəlik sərxoş vəziyyətdə inzibati binaya daxil olaraq ucadan söyüş söyməyə başlamışdı. Polisə məlumat verdik, gəlib apardılar”.

Etikxeber.az

Read Previous

“Seçkilər şəffaflıq və demokratiya şəraitində keçiriləcək” – Səfirin müşaviri

Read Next

TQDK buraxılış imtahanları və yekun qiymətləndirmə ilə bağlı yeni təqvim planını təsdiqlədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir