“İmkansızlıq və şəraitsizlik insanlar üçün məhrumiyyətlər yarada bilər, lakin heç bir amil təhsilin qarşısında sədd ola bilməz…”-MİLLƏT VƏKİLİ BİR DAHA İNTERNET PROBLEMİNDƏN NARAZILIQ ETDİ…

Təhsil sistemində mövcud vəziyyəti ideal durum kimi cəmiyyətə sırımaq niyyətindən uzaqıq, istər təhsilin keyfiyyəti, təhsil haqları, istər müəllimlərin maaşları və s. sahələrdə problemlər var, bunu bilirik. Etiraf edək ki, bizim müstəqillik tariximiz qədər yaşı olan bütün dövlətlərdə aşağı-yuxarı eyni mənzərədir. Lakin ümidliyik, çünki əsas olan bu istiqamətdə siyasi iradə, dövlətin niyyətidir ki, Azərbaycan dövləti təhsil hüququnun realizəsi üçün davamlı tədbirlər görür, daha yaxşı təklif və fikirləri də tətbiq etməyə hər zaman hazırdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Təsəvvür edin, təhsilin maddi texniki bazasının yaxşılaşdırılması, yeni məktəb binalarının tikintisi baxımından müqayisə etsək, yalnız son 5 ildə tikilən məktəblərin sayı bir çox post sovet dövlətlərin müstəqillik tarixi boyu tikdiyi məktəblərin sayından çoxdur. Əlbəttə, arqument kimi neft amilini qabarda bilərsinizz, lakin bu halda paralel olaraq müharibə amilini də, milyondan artıq məcburi köçkün amilini də qabartmaq lazımdır, tənqid edərkən biz bütün bunların fonunda qərəzdən uzaq durub qiymətləndirməliyik”-deyən millət vəkili onu da bildirib ki, fikirləri ehkam deyil, mübahisələndirə bilinər.

“Lakin unutmayaq ki, təhsildə bu gün görülən işlərin nəticəsini görmək üçün 10 illər lazımdır, təhsil uzunmüddətli investisiyadır. Fürsətdən istifadə edib, təmsil etdiyim bölgənin qarşılaşdığı bir problem də dilə gətirim. Bu gün Biləsuvarda internetə qoşulmağa imkanı olmayan, yaxud imkanı olan, lakin texniki problemlər baxımından evinə internet çəkilməyən 10-larla ailənin vəziyyəti məni ciddi narahat edir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, habelə aztəminatlı ailələrdən olan məktəblilərin onlayn dərslərə qoşulmaq üçün internet ehtiyacının qarşılanması üçün ayrı-ayrı telefon operatorları ilə danışıqlarımız olub.

Rayonun yeni rəhbərliyi də bu istqamətdə ciddi səylər başladıb, inanıram ki, problem açıq qalmaz, əks halda pandemiya şəraitində onlayn dərslərin tam effektindən danışa bilməyəcəyik. İstənilən halda unutmayaq ki, imkansızlıq və şəraitsizlik insanlar üçün məhrumiyyətlər yarada bilər, lakin heç bir amil təhsilin qarşısında sədd ola bilməz. Ona görə də ümidli olaq, gələcəyimizi, inkişafımızı yalnız və yalnız təhsildə görək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Qeyri-qanuni məskunlaşdırma siyasəti apararaq, ermənilər Azərbaycan torpaqlarından Azərbaycanın izini yox etməyə çalışır”-MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRİ

Read Next

Bu dəfə Zahid Orucun “komitəsi”-YIĞIŞIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir