“İnanırıq ki, digər ərazilərdə də yerləşdirilən minaların xəritələri əldə olunacaq”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan dövləti dünya birliyində özünün layiqli yerini tutur. Bu gün Azərbaycan qalib ölkə kimi regionda söz sahibi olmaqla yanaşı, dünyanın xarici siyasətində də dəyişikliklərin edilməsinə müvəffəq oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə icra edən rəşadətli Azərbaycan Ordusu dünyaya bir-birindən önəmli mesajları ünvanladı.

Artıq Dağlıq Qarabağ münaqişəsi anlayışının olmadığını, ən əsası, quruculuq, torpaqlarımızın bərpası dövrünün başlandığını bəyan edən dövlətimizin başçısı İlham Əliyev müharibə bitdiyi gündən minalı sahələrin xəritələrinin verilməsi məsələsini gündəmə gətirdi və bu istiqamətdə mühüm addımlar atıldı.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizin böyük hissəsini minalayıb ki, bu da həmin ərazilərin bərpasını xeyli ləngidir:

“Eyni zamanda, müharibə bitdikdən sonra mina xəritələrinin Azərbaycana verilməməsi hərbi cinayət hesab olunur. Məlumdur ki, müharibə başa çatandan sonra xeyli sayda günahsız insan minaların qurbanı olub. Azərbaycan dövləti Ermənistanın mina xəritələrinin verilməsi üçün mümkün təsir imkanlarından istifadə edərək və bu haqda beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edib. Bu istiqamətdə görülən işlər öz səmərəsini verməkdədir”.

Deputat bildirib ki, tarixi Qələbəmizdən bir müddət sonra Ermənistan Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsini təqdim etdi. Bu addımın davamlı olacağı, bütün işğaldan azad edilmiş ərazilərimizin mina xəritələrinin veriləcəyi heç kəsdə şübhə doğurmurdu:

“Bu əminliyə əsas verən Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyidir. Hazırkı şəraitdə Azərbaycan ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tam icrası, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların bərpası, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial yanaşma ortaya qoyur. Azərbaycan, həmçinin minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı ardıcıl mövqe sərgiləyir. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Azərbaycan dövlətinin növbəti uğurudur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yüksək diplomatik məharət nümayiş etdirərək Azərbaycanın bu istiqamətdə davamlı uğurlar qazanmasını təmin edir”.

S.Fətəliyeva qeyd edib ki, minalanmış ərazilərin xəritələrinin alınması bir çox cəhətdən müstəsna əhəmiyyətə malikdir. Birincisi, xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınması baxımından olduqca önəmlidir. Bu nailiyyət vasitəsilə on minlərlə vətəndaşımızın, eləcə də minatəmizləyənlərin həyatı təhlükədən xilas ediləcək. Çünki Ermənistanın bu torpaqları kütləvi surətdə minalaması insanlığa qarşı cinayətdir:

“İşğaldan azad olunmuş ərazilərimizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri infrastrukturun yaradılması və bərpa işləri üzrə mühüm addımlar atılır, strateji əhəmiyyət kəsb edən layihələr reallaşdırılır. Heç şübhəsiz, minalanmış ərazilərin xəritələrinin alınması ilə işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, bərpa və yenidənqurma işləri daha intensiv xarakter alacaq. Bu da Böyük Qayıdış prosesini, daha dəqiq desək, yüz minlərlə həmvətənlərimizin öz doğma yurdlarına qayıtmasını sürətləndirəcək. Digər tərəfdən, məlumdur ki, Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə reallaşdırılır. Füzuli rayonunun strateji önəmini, bölgədə bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsini nəzərə alsaq, minalanmış ərazilərin xəritələrinin alınmasının necə böyük əhəmiyyət kəsb etdiyini bir daha anlayarıq. İnanırıq ki, dövlətimizin uğurlu diplomatiyası nəticəsində digər ərazilərdə də yerləşdirilən minaların xəritələri əldə olunacaq”.

Etikxeber.az

Read Previous

“Avro-2020”nin yarımfinal mərhələsinin ilk oyunu: İTALİYA-İSPANİYA – 4:2 – İTALİYA İLK FİNALÇI OLDU – YENİLƏNİB – (3)

Read Next

“Çox təəssüflər və əfsuslar olsun ki, Şəhidimin BDU-nu bitirməsindən iki il vaxt keçməsinə baxmayaraq, diplomunu hələ də ala bilməmişik…”-ŞƏHİD TƏRXAN QURBANOVUN ANASI ELMİRA QURBANOVA ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir