“İnformasiya cəbhəsində yazılan Zəfər…Qubadlıya Zəfər yürüşü…Davamı gələcək-bu gün də, sabah da…”-MİLLƏT VƏKİLİ YAZIR

“Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır…”.

Bu fikirlər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Bu fikirləri Yaponiyanın nüfuzlu qəzetlərindən olan “Nikkei” qəzetinə müsahibəsində dilə gətirib.

İkinci Vətən Müharibəsi, ikinci Qarabağ savaşı başlayandan, sentyabrın 27-dən bu yana bütün cəbhələrdə ard-arda uğurlara imza atan Ali Baş Komandan informasiya savaşının yükünü, ağırlığını da tam mənada öz üzərinə götürüb və sözün əsl mənasında bu cəbhədə də sərrast atəşlər açmaqda, düşməni öz ağır, sarsıdıcı, öldürücü zərbələri ilə sıradan çıxarmaqda, məğlubiyyətə, fiaskoya uğratmqdadır.

Dərs ardınca dəsr keçməkdə, uğur ardınca uğur qazanmaqda, tarix dalınca tarix, Zəfər dalınca Zəfər yazmaqdadır. Öz sərrast, tutarlı, arqumetli, mətiqli fikirləri, çıxışları, faktları ilə düşməni və qanlı havadarlarını hər mənada susdurmaqdadır.

Qardaş və dost Türkiyənin, qonşu Rusiyanın, Fransanın, Qətərin və digər neçə-neçə ölkənin nüfuzlu media quruluşlarına (bəzən bir gün ərzində iki müsahibə) verilən müsahibələr cəbhədəki uğurların, zəfərlərin, qələbələrin sanki mənəvi-siyasi-ideoloji mənbəyini, məzmununu, rəhnini təşkil edir. O qədər sistemli, o qədər ardıcıldır ki, tam mənada qüsursuz və tam anlamında möhtəşəm.

Bunu da yalnız İlham Əliyev fəhmi, İlham Əliyev məntiqi, İlham Əliyev qətiyyəti, İlham Əliyev cəsarəti edə bilər(di) və edir. Bu missiya ancaq onun üstünə, boyuna, möhtəşəm qamətinə biçilmişdi və biçilib.

O da bu missiyanı-hər mənada XİLASKARLIQ missiyasını əsl Sərkərdə, əsl Baş Komutan kimi yerinə yetirməkdə, icra etməkdə, Azərbaycan adlı yeni DASTAN yazmaqdadır…

17 illik siyasətinə, uğurlarına, nailiyyətlərinə, zəfərlərinə, qələbələrinə yenilərini əlavə etməkdə, yenilərini qatmaqdadır. “Nikkei” qəzetinə müsahibəsi də bunun növbəti-əyani təsdiqidir.

Müsahibədən sitat:

“…İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik”.

Bəli, əsl dövləti Lideri, əsl Ali Baş Komandan yanaşmasıdır. Haqlı bizik, güclü də bizik, Haqdan yanayıq, Haqqı da gətirəcəyik, təmin edəcəyik…fəlsəfəsidir.

Açıqlaması da belədir: Kimsə bizə şərt qoya, nəyisə diktə edə bilməz! Şərt qoyan da, diktə edən də bizik və biz olacağıq-müstəqil, qüdrətli, Zəfər yazan Azərbaycan!

Daha bir sitat:

“Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmçinin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır…”.

Hər şey net və birmənalıdır, vasitəçilik missiyasını apardıqlarını iddia edənlərin əsl qiymətləndirilməsi, əsl tərifidir.

Bu günə qədər heç nəyə nail ola bilməyiblərsə, nail olmaq istəməyiblərsə, buna zərrə qədər cəhd göstərməyiblərsə, bundan sonra da edən, nail olan deyillər, necə deyərlər, hər mənada öz göbəyimizi özümüz kəsməliyik, kəsirik, kəsəcəyik və bu yolda da kimsə bizə mane ola bilməz, bilməyəcək.

Növbəti möhtəşəm sitat:

“…Ermənistanın dediyi kimi, əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o, sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik”.

Bəli, yenə açıq, net, birmənalı mövqe, yanaşma, mesaj. Qardaş və dost Türkiyəsiz heç nə alına bilməz.

Bunu da hər kəs birdəfəlik anlamalı, dərk və qəbul etməlidir.

Müsahibədə də bir daha vurğulandığı kimi, “onlar artıq bu təcavüzə son qoymalıdırlar”.

Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik.

Bəli, srağagün daha 20 kənd və bir qəsəbə, İranla dövlət sərhəddinin tam nəzarətə götürülməsi, dünən daha 13 kənd, Qubadlıya Zəfər yürüşü…

Bu gün, sabah yenə də olacaq, yenə də davamı gələcək, gətiriləcək…

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

10:59, 24 oktyabr

Jalə ƏLİYEVA,

Millət vəkili,

Etikxeber.az

Read Previous

Ermənistan yeni atəşkəs rejimini də-POZDU – MN MƏLUMAT YAYDI – DÜŞMƏN LAÇIN ŞƏHƏRİNDƏN RAYONUN SƏFİYAN KƏNDİNİ, HƏMÇİNİN, TƏRTƏRİ, FÜZULİNİ, AĞDAMI, QUBADLINI VƏ AĞCABƏDİNİ ATƏŞƏ TUTDU – ERMƏNİLƏR TƏRTƏRİ “SMERÇ”-LƏ VURDU – YENİLƏNİB – (5)

Read Next

“Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq… Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi…”-İlham Əliyev Rai-1 telekanalına-MÜSAHİBƏ VERDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir