Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyunun 24-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının onuncu günündə “G” və “H” qruplarında növbəti oyunlar keçiriləcək.
Etikxeber.az xəbər verir ki, günün ilk oyununda “G” qrupunda yer alan İngiltərə və Panama komandaları üz-üzə gələcəklər. Digər iki qarşılaşma isə “H” qrupundakı komandalar arasında keçiriləcək. Yaponiya ilə Seneqal, Polşa ilə Kolumbiya milliləri görüşəcəklər.
Dünya çempionatının onbirinci gününə saat 16:00-da “Nijniy Novqorod” stadionunda İngiltərə və mundialın debütantı Panama oyunu ilə start veriləcək. İngiltərə millisi mundialın ilk turunda Tunus millisini 2:1 hesabı ilə məğlub edib. Panama yığması isə Belçika komandasına 3:0 hesabı ilə uduzub. “G” qrupunun ikinci turun ilk oyunu iyunun 23-də keçirilib. Belçika millisi Tunis yığmasından üstün olub (5:2).
Qeyd edək ki, indiyədək 14 dəfə mundiallarda iştirak edən “dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.
İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.
Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.
Görüşü misirli Qrişa Gehad idarə edəcək.
Saat 19:00-da başlayacaq günün ikinci matçı “Yekaterinburq Arena”da keçiriləcək. “H” qrupunda ikinci tura Yaponiya və Seneqal yığmaları ilə start veriləcək. Bu komandalar bir-biri ilə heç vaxt qarşılaşmayıblar. Seneqal yığması qrupun ilk turunda Polşa millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Yaponiya isə birinci turda gözlənilmədən Kolumbiya yığmasından üstün olub (2:1). Seneqal və Yaponiya görüşündə hər hansı bir komanda qalib gəlsə mundialın “play-off” mərhələsinə vəsiqə qazanmış olur.
Qeyd edək ki, Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da, məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.
Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-cı ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponlar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
Görüşü italiyalı Canluka Rokki idarə edəcək.
Günə saat 22:00-da start veriləcək “Kazan Arena”da Polşa və Kolumbiya millilərinin görüşü ilə yekun vurulacaq. “H” qrupunda yer alan Polşa millisi ilk turda Seneqala (2:1), Kolumbiya isə Yaponiyaya (2:1) uduzub. Polşa və Kolumbiya altı dəfə bir biri ilə qarşılaşıblar, bunlardan üçündə polşalılar, üçündə isə Kolumbiya yığması üstün olub.
Avropa təmsilçisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatının ikiqat bürünc mükafatçısıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.
Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).
Görüşü meksikalı Ramos Cezar idarə edəcək.
***
Artıq günün ilk matçı başlayıb.
İngiltərə və Panama milliləri qarşılaşırlar.
***
Oyunda hesab açılıb və dalbadal vurulan qolların hesabına İngiltərə yığması 2:0 önə çıxıb.
***
İngilislər daha iki qol vuraraq, hesabı 4:0-a çatdırıblar.
***
Oyun birinci hissədə 5:0 başa çatıb.
***
İngilislər ikinci hissədə hesabı yenidən artırıblar-6:0.
***
İkinci hissənin sonlarına yaxın panamalılar cəmi bir qolunu əvəzini çıxa biliblər və oyun 6:1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.
***
Yaponiya-Seneqal millilərinin qarşılaşması başlayıb.
***
Oyunun ilk dəqiqələrində hesab açılıb.
Seneqallar 1:0 önə keçiblər.
***
Oyun 2:2 hesabı ilə başa çatıb.
***
Polşa-Kolumbiya oyununda hesab 1:0 kolumbiyalıların xeyrinədir.
***
Kolumbiyalılar hesabı 3:0-a çatdırıblar.
Etikxeber.az