İnkişafın, islahatların 11 aprel 2018-ci il dönəmi-KAMİLƏ ƏLİYEVA YAZDI

2018-ci ilin aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək  cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Seçkilərdə iştirak edən seçicilərin 86 faizindən çoxu cənab İlham Əliyevə səs verməklə Azərbaycan dövlətinin inkişafına, güclü dövlətə çevrilməsinə, gələcək illərdə  də xalqımızın firavan və əmin-amanlıq şəraitində yaşamalarına səs vermiş oldular.

Cənab İlham Əliyevin prezidentliyi dövründə dövlətimiz böyük inkişaf və tərəqqi yolu keçib. Dünya siyasətində Azərbaycan dövlətinin mövqeyi möhkəmlənmiş, iqtisadiyyatımız hər il artan templə yüksəlmişdir.

Prezident cənab İlham Əliyev xalqımızın milli maraqlarını hər zaman uca tutmuşdur.Seçkilərdən əvvəl yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, eləcə də seçki günü keçirilmiş “exit-poll” ların nəticələrinin seçkilərin nəticələri ilə üst-üstə düşməsi onu göstərdi ki, seçkilər xalqın iradəsini əks etdirib.

Beynəlxalq təşkilatlar və müşahidəçilər də 11 fevralda Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə, demokratik və şəffaf keçirildiyi haqqında rəy vermişlər.2003-2018-ci illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz beynəlxalq qurumlarda böyük diplomatik uğurlar qazanmışdır. BMT, AŞ, ATƏT, NATO və bir çox nüfuzlu beynəlxalq təşkilatlarda Prezident cənab İlham Əliyevin etdiyi qətiyyətli çıxışlara və qaldırdığı problemlərə böyük hörmətlə yanaşılmışdır.2018-ci ildə keçirilmiş seçkilərdə xalqın cənab İlham Əliyevə səs verməsi bir daha onu göstərdi ki,  ölkəmizdə radikal düşüncəli insanların və xalqına xor baxanların Azərbaycanın siyasi həyatında yeri yoxdur.

Özlərini “vətənpərvər” hesab edənləri, əslində isə milli satqınlıq edən və vətənini, xalqını xaricdən göndərilən pullara satan ünsürləri Azərbaycan xalqı yerində otuzdurdu. Xalqımız bu cür “siyasətçiləri” yaxşı tanıyır və onları lider kimi yalnız ətrafında olan 5-10 adam qəbul edə  bilər. Prezident cənab İlham Əliyev hər zaman vurğulayır ki, güclü iqtisadiyyatı  olan dövlətlər müstəqil siyasət apara bilərlər. Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə iri miqyaslı iqtisadi islahatlar həyata keçirilmişdir.  Aparılmış bu iqtisadi islahatların nəticəsidir ki, 2003-2018-ci illər tariximizə böyük iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur.  Bu dövrdə büdcə gəlirlərimiz 13,5 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, eləcə də ixracatın həcmi 6 dəfə artmışdır. Əhalimizin nominal gəlirləri 8,6 dəfə, minimum əmək haqqı 12,9 dəfə artmışdır.  Bütün sahələrdə sürətli iqtisadi artım olmuşdur. Ən böyük nəaliyyət isə işsizlik səviyyəsinin 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsinin isə 44,7 faizdən 5,4 faizə enməsidir.

 Prezident cənab İlham Əliyevin iqtisadi siyasətinin ən ali məqsədi insan amili və onun sosial rifahının yüksək səviyyədə olmasıdır. Bu baxımdan 2003-2018-ci illər ərzində maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdır. Sosial infrastruktur da inkişaf edib, bu dövrdə 3000 dən çox məktəb, 600 dən çox xəstəxana tikilib və ya təmir edilmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub. Azərbaycan dünyada ən çox islahatlar aparan 10 ölkədən biridir.2003-2018-ci illər ərzində sahibkarlığın inkişaf etdirilməsi və iş adamları tərəfindən yeni müəssisələrin yaradılması üçün dövlət tərəfindən sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər ayrılmışdır. Bu da ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük dəstək olmuşdur.  2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru da sürətli inkişafını davam etdirmişdir.Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. 2007-ci ildə isə Azərbaycanı qaz ixrac edən ölkəyə çevirən Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2014-cü ilin sentyabrın 20 -də  dünyanın ən böyük iqtisadi layihələrindən olan “Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 

Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar və banklar tərəfindən qoyulmuşdur ki, bu da beynəlxalq maliyyə təşkilatlarının Azərbaycan dövlətinə və onun rəhbərinə olan inamın təzahürüdür. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə təbii qaz ixracı reallaşmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP layihəsi çərçivəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməkdədir.Prezident cənab İlham Əliyev bütün xalqı milli ideya ətrafında birləşdirib. Xalqımızda azərbaycançılıq məfkurəsi,  vətənə, dövlətə sadiqlik ruhu yüksəldi. Ordu quruculuğunda sürətli şəkildə böyük işlər görüldü. Ordumuz dünyanın ən müasir silahları ilə təchiz edildi. Bunun nəticəsində 2016-cı ilin aprelində ordumuz döyüş meydanında Ermənistan ordusuna ağır məğlubiyyət yaşadaraq torpaqlarımızın bir hissəsini işğaldan azad etdi.  Bu hərbi qələbə Vətən Müharibəsində Ermənistan üzərində tam qələbəmizin təməlini qoydu.2003-2018-ci illər ərzində ölkəmizdə elektrik enerjisi istehsalı sahəsində də böyük layihələr həyata keçirilmişdir.

Bu layihələrin reallaşması nəticəsində Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.Qeyd olunan illər ərzində ölkəmizdə 7 aeroport tikilmişdir ki, onlardan 6-sı Beynəlxalq Statusa malikdir.

Böyük şəhərlərlə yanaşı Qəbələ və Zaqatala rayonlarında Beynəlxalq Hava Limanı, Bakakəndə Hava Limanı tikilib istifadəyə verilmişdir. Cənab İlham Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına hər zaman böyük diqqət  yetirmişdir.

2003-2018-ci illərdə ölkəmizdə idman sahəsində də böyük uğurlar əldə edilmişdir. İdmançılarımız beynəlxalq turnirlərdə ölkəmizi  layiqincə təmsil etmiş, dəfələrlə himnimizi səsləndirmiş, bayrağımızı dalğalandırmışlar.

 2003-2018-ci illər ərzində ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixə yazılacaq böyük siyasi və iqtisadi uğurlar qazanmışdır.

Kamilə ƏLİYEVA, 

 Milli Məclisin deputatı, professor

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu, 5 medallı, Şəhid Əyyub Süleymanovun Cənnətdəki ikinci ad günü: 21 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

28 yeni yoluxma-ÖLÜM FAKTI QEYDƏ ALINMAYIB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir