“İnsanlar arxayınlaşmamalı, bir-birilərinin qəsdinə durmamalıdır”-İLHAM MƏMMƏDOV YAZDI

“COVID-19” virusunun yaydığı pandemiya və baş verən proseslər dünya ictimaiyyətinin, dünya mətbuatınınm diqqət mərkəzindədir.

Hər bir ölkə istər xəstəliyə yoluxanların, istər xəstəlikdən sağalanların statistikasını hər gün qeyd edir, hansı yumşaldıcı tədbirlərə gedilməsi barədə məlumatlar verirlər.

Təbii ki, son günlər ölkəmizdə də bir çox yumşaldılma hadisələri baş verib, yəni, sərt karantin rejiminin yumşaldılması haqqında Operativ Qərargah tərəfindən bəzi qərarlar verilib.

Ancaq buna baxmayaraq, çox təəssüflər olsun ki, insanlarımızın bir çoxunda belə bir təəssürat yaranıb ki, artıq pandemiya başa çatıb, bu bəla ölkəmizdən dəf olub gedib.

Çox səhv düşünürlər, yanılırlar, bu düşüncələrlə həm özlərinə ziyan edirlər, həm də görülən işlərə əlavə problemlər yaradırlar.

Ona görə insanlarımıza, əhalimizə xəbərdarlıq, çağırış edirik.

Çox xahiş və rica edirik ki, o təəssüratlarla, o düşüncələrlə yaşamasınlar.

Çünki bəzi hallarda bunun dinamikasında artım sürətləri ola bilir.

Bunun ikinci dalğasının hansı fəsadlar törədəcəyini, asimptomatik formada keçən növlərinin nə qədər çox insanı yoluxdura biləcəyini də yaddan çıxarmamalıyıq.

Əgər biz möhtərəm Prezidentimizin, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qayğıkeşliyi, diqqəti sayəsində, yəni, ölkə iqtisadiyyatının, sosial həyatın, insan sağlamlığının təmin edilməsi, qorunması üçün atılan adekvat addımlar nəticəsində nəyəsə nail ola bilmişiksə, ani bir arxayınlıqla bunu qurban verə bilmərik.

Çünki bu günlər ərzində, yaz-yay aylarının gəlməsi ilə əlaqəli olaraq bir çox mövsümi xəstəliklər, allergiyalar də ortaya çıxmış olur.

İnsanlarda, uşaqlarda qış dövründən yaz dövrünə keçməklə əlaqəli olaraq müxtəlif vitamin çatışmamazlığı və yaxud da alergiq bir çox xəstəliklər baş verir və bu, təbii ki, insan orqanizminin immunitetinin zəifləməsinə şərait yaradır.

Pusquda hazır durmuş, belə demək mümkünsə, özünü hiyləgərcəsinə aparan “COVİD-19” virusu dərhal belə insanlara hücum etməyə və yoluxma sayının artmasına səbəb ola bilər.

Ona görə də biz çox məsuliyyətlə, sosial məsafəni saxlamaqla, gigiyenik qaydalara əməl etməklə, lüzumsuz yerə küçəyə, bayıra, parklara gəzintilərə çıxmamalıyıq.

Onu da yaddan çıxarmamalıyıq ki, bizim başımız üzərində, ətrafımızda hələ çox hiyləgər bir düşmən var. Və təbii ki, hər an hücuma keçməyə hazırdır.

Ona görə bir vətəndaş, bir həkim, bir millət vəkili olaraq, əhalimizdən xahiş edirəm: nəzərə alın ki, bir çox, hətta, inkişaf etmiş ölkələr belə çox ehtiyat tədbirləri görərək bu haldan, bu bəladan uzaqlaşmağa, qurtulmağa çalışırlar.

Məsələn, qonşu, qardaş Türkiyədə özünüz də eşitdiniz və bildiniz ki, yaxın üç ay üçün plan hazırlanıb.

Yəni, yenə də yumşaldıcı tədbirləri çox ehtiyatla həyata keçirməklə, bundan çıxmağa hazırlaşırlar.

Odur ki, biz də yaddan çıxarmayaq ki, yeni bir həyat tərzinə qədəm qoymuşuq.

Gigiyenaya, təmizliyə riayət etməklə gözəgörünməz düşmənə qarşı daha ardıcıl və daha qətiyyətli mübariz aparmalıyıq.

Bunu hər bir valideyn, hər bir vətəndaş bunu öz məsuliyyəti kimi hiss eləməlidir.

Çox xahiş edirik ki, bu qədər arxayınlıq, bu qədər özünəinam yaradıb, “mənə heç nə olmaz”- deyib, görülən işlərə kölgə salmayaq.

Nəzərə alaq ki, biz bunun son mərhələsinə hələ çatmamışıq.

Bu xəstəliyin özünü necə aparmasından da məlumat yoxdur.

Ona görə çox ehtiyatlı olmalıyıq. Mənə elə gəlir ki, əvvəlki vaxtlardan daha çox ehtiyatlı olmalıyıq. Bir-birimizin qəsdinə durmamalıyıq.

İlham MƏMMƏDOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Təhlillər aparılacaq, Fonda müraciətlər araşdırılacaq və lazımi addımlar atılacaq…”-ZİYAD SƏMƏDZADƏ – YENİLƏNİB – (1)

Read Next

MM-in mayın 8-də keçiriləcək 10-cu plenar iclası-GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR AÇIQLANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir