İnsanlar bu məsələlərin həllini gözləyir – JALƏ ƏLİYEVA BİR-BİR SADALADI…

Jalə Əliyeva: “Ucar-Zərdab-Ağcabədi yolunun tikintisinin tezləşdirilməsinə ehtiyac var”

Milli Məclisdə, büdcə zərfinin birinci oxunuşda müzakirəsi zamanı (istər komitə iclasında, istərsə də plenar iclasda) biz bununla bağlı müsbət fikirlərimizi səsləndirdik. Bu büdcənin əslində ölkəmizin iqtisadi uğurlarının, ümumiyyətlə, ölkəmizin inkişafının bir aynası olduğunu dilə gətirdik və birmənalı olaraq büdcəni dəstəklədiyimizi bildirdik. Ayrı-ayrı sahələr üzrə təkliflərimizi, xahişlərimizi hökumət üzvlərinin nəzərinə çatdırdıq. Lakin ötən iclasda vaxt darlığı ucbatından biz deputatı olduğumuz rayonlarla bağlı fikirlərimizi səsləndirə bilməmişdik. Yəni, biz deyəndə burada mən özümü nəzərdə tuturam və təbii ki, bizlərə seçildiyimiz rayonların seçiciləri də bizə müxtəlif xahişlər və tələblərlə müraciət edirlər. Şəxsən mən bugünlərdə rayonda keçirdiyim qəbulda, görüşdə səsləndirilən fikirləri mütləq səsləndirmək, ikinci oxunuşda hökumət üzvlərinin, maliyyə nazirinin diqqətinə çatdırmaq istəyirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva parlament komitələri tərəfindən plenar iclasların ikinci oxunuşunun müzakirəsinə tövsiyə olunan 2019-cü ilin büdcə zərfim ilə bağlı fikirlərini açıqlayarkən bildirib.

“Mən birinci növbədə Zərdab, bu rayonun əhalisinin Bakıya çıxışını təmin edən Zərdab-Mollakənd yolu haqqında danışmaq istəyirəm. Bu yol bir neçə il bundan əvvəl əsaslı şəkildə tikilərək istifadəyə verildi. Nəzərə alsaq ki, bu yol hazırda həm Zərdab rayonunun, həm də qonşu rayonların – İmişlinin, Ağcabədinin şəhərə çıxışı üçün alternativ, əhəmiyyətli bir yoldur və bu yol, demək olar ki, dağılıb və  istifadəsizdir. Odur ki,  Zərdab-Mollakənd yolunun əsaslı təmirinə ehtiyac var”-deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda, yenə də yollarla bağlı tikintisinə vəsait ayrılmış olan, lakin hələlik tikintisinə başlanılmayan Ucar-Zərdab-Ağcabədi yolunun tikintisinin tezləşdirilməsinə ehtiyac var.

jala

O, qeyd edib ki,  6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli yoluna da vəsait ayrılsa da, bu yolun tikinti işləri hələ də başlanmayıb:

“Həmin layihənin də sürətləndirilməsini xahiş edirik. Eyni zamanda, biz kəndlərarası yolların əsaslı təmir edilməsinə də ehtiyac görürük. Təhsilin inkişafının təmin etmək məqsədilə 1 saylı Zərdab natamam orta məktəbinin yenidən tikilməsi üçün hələ iki əvvəl vəsait ayrılsa da, bu kənddə tikinti işləri hələ başlanılmayıb və yeri gəlmişkən qeyd etmək istəyərdik ki, bu təklifimizi ötən illərdə də irəli sürmüşük. Rayonun Dəliquşçu kənd orta məktəbi qəzalı vəziyyətdədir və tezliklə bu kəndin məktəbinin təmirinə  və yenidən tikintisinə də böyük bir ehtiyac hiss olunur. Bir neçə kəlmə də rayon səhiyyəsi ilə bağlı demək istəyərdim. Bundan iki il əvvəl ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakları ilə rayonda çox möhtəşəm, bütün standartlara cavab verən, əzəmətli bir xəstəxana binası açıldı və bu, əlbəttə ki, sakinlərin çoxdan bəri arzuladıqları, gözlədikləri bir müəssisə idi və bu xəstəxana bütün avadanlıqlarla, dünya standartlı avadanlıqlarla təhciz edilib. Lakin təəssüflər olsun ki, bu xəstəxananın dializ şöbəsi bu günə qədər hələ ki, tam rejimi ilə işləyə bilmir və hətta, deyərdim ki, heç işləmir. Yəni,  xəstəxanadakı dializ makinalarının işləməsi üçün filtr cihazlarına ehtiyac var. Çünki bu cihazlarla həmin aparatlar işləyirlər və son dəfə rayonda olarkən yerli sakinlər mənə müraciət edərək, xəstələri olduqları zaman dializ xəstələrini qonşu rayonlara aparmaq məcburiyyətində qaldıqlarını bildirmişdilər. Bu məsələni Səhiyyə Nazirliyinin nəzərinə çatdırmaq istəyirik. Eyni zamanda, rayonun əhalisinin sayının artmasını nəzərə alaraq həmin rayon xəstəxanasında bu günə qədər mövcud olmayan Təcili Yardım Şöbəsinin açılmasına da bir ehtiyac hiss olunur və təcili yardım haqqında danışmışkən, bütün rayona, sadəcə, bir təcili yardım maşını ilə xidmət göstərilir ki, bu da əhalisi 50 mindən artıq olan bir rayon üçün, əlbəttə, çox azdır. Bu məsələnin də nəzərə alınmasını xahiş edirik. Eyni zamanda, rayonun Məlikli və Körpükənd sahə xəstəxanaları üçün yeni bina tikilməsi və ya onların əsaslı təmiri də öz növbəsini gözləyir. Nəzərinizə çatdırım ki, bu xahişimizi də daha əvvəlki illərdə büdcə müzakirəsi zamanı nəzərə çatdırmışıq”.

Millət vəkili bununla yanaşı, meliorasiya sahəsi ilə  də bağlı fikirlərini açıqlayıb və bildirib ki, Zərdabda 10 min hektar şoranlaşmış əkin sahəsində kompleks meliorasiya işlərinin aparılmasına ehtiyac hiss olunur:

“Məlikmudlu kəndinin əkin və həyətyanı sahələrini suvarılmasında mövcud çətinlikləri aradan qaldırmaq üçün su xəttinin çəkilməsini xahiş edirik. Eyni zamanda, Əlvənd, Otmanoba, Şahhüseynli, Dəkkəoba, Gəndəbil bələdiyyələrinə məxsus əkin sahələrində suvarma işinin təşkili də prioritet məsələlərdən biridir. Bilirsiniz ki, bütün sahələrdə olduğu kimi, yəni, kənd təsərrüfatının inkişafı ilə bağlı da böyük dövlət layihələri həyata keçirilir. Bu layihələrdən biri də ölkədə baramaçılığın inkişafı ilə bağlıdır və Zərdab da barama istehsal edən bir rayondur. Lakin bu rayonda barama qəbulu məntəqəsinin olmaması, işləri bir mənada axsadır və xahiş edərdik ki, rayonda barama qəbulu məntəqəsinin tikintisi üçün vəsait ayrılsın”.

J. Əliyeva daha sonra qeyd edib ki,  son zamanlarda Zərdabın mərkəzi küçələrinin işıqlandırılmasında problem yaşanır:

“Mən özüm bugünlərdə rayonda olmuşam, qəbul keçirmişəm və sakinlər müraciət edərək, çoxdan bəri istifadəsi bitmiş olan elektrik dirəklərinin yeniləndiyini, “Azərenerji” tərəfindən çox böyük bir diqqət göstərildiyini  və rayonun işıq, elektrik sisteminin tamamilə yeniləndiyini, təzələndiyini böyük məmnunluqla dilə gətirdilər. Amma bu işlərin böyük bir hissəsi bitsə də, hardasa 30-40 faizi hələlik bitməmiş qalıb və geriyə qalan hissəsi artıq rayonun, deməli, daxili vəsaitləri hesabına həll edilməsinə ehtiyac olan məsələlərdir. Lakin ilin sonuna doğru gəlirik və vəsait də təbii ki, artıq olmadığına görə bu elektrik dirəklərinin bərpa  edilməsi mümkün olmayıb. Xahiş edərdik ki, önümüzdəki il bu nəzərə alınsın və rayona vəsait ayrılarkən xüsusilə rayonun işıqlandırılması, şəhər küçələrinin, mərkəzi küçələrin işıqlandırılması məsələsində rayona kömək göstərilsin. Bir neçə kəlmə də Qarabağ əlilləri üçün bütün ölkəmizdə tikilən, tikilməkdə olan  evlər haqqında danışmaq istəyərdim. Bu gün dövlətin böyük bir qayğısı ilə əhatə olunub Qarabağ əlilləri, veteranlar, şəhid ailələri. Zərdab rayonunda da bu qəbildən ailələr üçün bu günə qədər xeyli mənzillər inşa edilib, fərdi evlər tikilib və xahiş edərdik ki, 36 mənzilli binanın tikilməsi, yəni, nəzərdə tutulan 36 mənzilli binanın və fərdi evlərin tikinti işlərinin sürətləndirilməsi üçün əlavə vəsait ayrılması məsələsini də hökumət nəzərində saxlasın. Eyni zamanda, deputatı olduğum Ucar rayonu ilə də bağlı bir neçə təklif səsləndirmək istərdim. Ucar rayonunun Bərgüşad kəndində 80-ci illərdə tikilən, qonşu 5 kəndin əhalisini su ilə təmin edən  Şirvan kanalının genişlənməsinə ehtiyac yaranıb və bunun üçün vəsaitə ehtiyac var. Həmçinin, Bərgüşad və Lək kəndlərinin Mədəniyyət evləri qəzalı  vəziyyətdədir. Bu haqda daha əvvəlki çıxışlarımızda da, müraciətlərimizdə də öz fikirlərimizi səsləndirmişdik. Eyni zamanda, Lək kəndində mövcud olan iki məktəbin qazanxanalarına qaz xətti çəkilsə də, sayğaclar quraşdırılmadığı üçün həmin məktəblər hazırda istiliksizdir. Biz bu məsələni də ötən dəfə diqqətə çatdırmışdıq və bir daha nəzərə çatdırmaq istəyirik ki, bu kəndlər hazırda həmin məsələlərin həllini gözləyirlər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır- FRANSIZ DEPUTATIN İDDİASI

Read Next

SEYRÇİ QALMAYIN, SƏSİNİZİ UCALDIN – DEPUTATDAN ÇAĞIRIŞ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir