“İnsanlar sual dolu nəzərlərlə bir-birlərinə baxır… “Salam” əvəzinə “Niyə durduq?” sualı verirlər, təsəlli tapacaq cavab axtarırlar…”-SABİQ DEPUTAT ATƏŞKƏSDƏN YAZDI

Moskva danışıqlarının nəticələri gecə yarısı elan edildi.

Təfərrüata varmıram. Hər kəs yatmayıb bu qərarı gözləyirdi.

Bilirəm ki, heç kəs atəşin kəsilməsini istəmir.

Axı, inamla irəliləyən, kəndlərimizi,qəsəbələrimizi, torpaqlarımızı bir-birinin ardınca işğaldan azad edən, düşmənin minlərlə canlı qüvvəsini, təsəvvürlərə sığmayan sayda texnikasını, silah-sursatını məhv edən, hər cür peşəkarlığa, başlıcası, ruhu,əhvalı son dərəcədə yüksək olan əsgərimızə “Dur”əmri vermək asan deyil.   

İnsanlar sual dolu nəzərlərlə bir-birlərinə baxır. “Salam”əvəzinə “Niyə durduq?” sualı verirlər, təsəlli tapacaq cavab axtarırlar.  

Bu, siyasətdir, diplomatiyadır. Müharibə özü siyasətin və diplomatiyanın silahlı fazasıdır. Gəlin, nəticə çıxarmağa tələsməyək.

Ali Baş Komandanın son çıxışlarını,xalqa müraciətlərini, xarici televiziyalara verdiyi müsahibələrini bir də diqqətlə oxuyaq. Mövqe qətidir – torpaqlarımızı azad edəcəyik!  

Moskvada əldə olunan atəşkəs razılaşması humanitar məqsədlər daşıyır.Belə atəşkəs gısa müddətli olur və tərəflərə ölmüş hərbçilərinin nəşlərini götürməyə xidmət edir.

Cəbhədən gələn məlumatlara görə,ermənilər atəşkəsi pozurlar.Niyə düşünməyək ki, bu addım hiyləgər düşmənə qurduğumuz tələdir. İstənilən halda, Azərbaycan məsələni birdəfəlik bitirməkdə israrlıdır.

Nəyə qadir olduğumuzu döyüş meydanlarında sübut etdik. Heç bir güc bizimlə daha əvvəlki kimi davrana bilməz.   

Özündən razı olan ermənilərin betondan,poladdan inşa etdikləri istehkamları, müdafiə qurğularını Müzəffər Ordumuz bir göz qırpımında yardı.

Hərb elminin son nailiyyətlərindən məharətlə yararlanan Silahlı Qüvvələrimiz cəmisi 13 gün ərzində olduqca çətin relyefə malik ərazilərdə çox-çox dərinliklərə gedib çıxdı.   

Artıq ermənilərin və onun himayədarlarının hər vəchlə qoruyub saxlamağa çalışdıqları status- kvo yoxdur. Bizim yaratdığımız yeni reallıqlar var.

Təmas xətti də yoxdur. Ordumuzun qarşısında yeni-yeni hədəflər var.   Zənnimcə, Moskvadakı görüşdə Azərbaycan ATƏT-in Minsk qrupuna da son şans verdi. Hərçənd ki, şəxsən mən, bu formatdan, ən azı Fransadan imtinanın tərəfdarıyam.

Əgər bu üçlük fəaliyyətlərinin bərpasına, BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamədə göstərildiyi kimi, Ermənistan işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması ilə başlamasalar, Azərbaycan onların vasitəçiliyini qəbul etməməlidir.  

Siyasətimiz və diplomatlarimiz bir an belə mürgüləməməlidir,hücum mövqeyində olmalıdır.

Heç kim şübhə etməsin ki, bəyan etdiyimiz kimi, ən yaxın zamanlarda problemi həll edəcəyik.

Əks halda, ermənilər yenə üstümüzə ayaq açar. Bu isə xalqın bütün ümidlərinin puç olması deməkdir.

İnanıram ki, Böyük Zəfərimiz lap yaxındadır!

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“Xocalı istiqamətindən Hadrut yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulur…Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir”-MN – DÜŞMƏN YENƏ GORANBOY, TƏRTƏR, FÜZULİ, AĞDAM VƏ AĞCABƏDİNİ ATƏŞƏ TUTUR – YENİLƏNİB – (1) – FOTO

Read Next

“Humanitar atəşkəs erməni tərəfinə verilən-SONUNCU ŞANSDIR”-DEPUTATIN ATƏŞKƏSLƏ BAĞLI BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir