“İnvestisiya proqramları hazırlanarkən daha çox məktəblərin yenidən qurulması və ya əsaslı təmiri, həmçinin yeni uşaq baxçalarının açılması nəzərə alınmalıdır”-FATMA YILDIRIM BİR SIRA HƏLLİ VACİB PROBLEMLƏRİ DİLƏ GƏTİRDİ

Azərbaycan Hökuməti ötən il ərzində çox səmərəli fəaliyyət göstərib, müharibə və pandemiya şəraitinə baxmayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə yerinə yetirib, belə bir şəraitdə hökumət heç bir sosial layihəni təxirə salmayıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım Hökumətin son hesabatına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir:

“Eyni zamanda, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar ötən il ərzində də ölkəmizin hərtərəfli inkişafına böyük təkan verib. Dövlət tərəfindən göstərilən güclü siyasi iradə, islahatların əhatəsinin genişləndirilməsi, milli iqtisadiyyatımızın inkişafını geniş şəkildə təmin edir.

Hesabatda qeyd olunduğu kimi, digər ölkələrlə müqayisədə Azərbaycan pandemiya ilindən daha az itkilərlə çıxdı. 2020-ci ildə respublikamızda qeyri-neft sənayesi 11 faiz, orta aylıq əməkhaqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz artıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Fikrimcə, bu, ölkə iqtisadiyyatının dayanıqlılığını, bütövlükdə Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü aydın şəkildə nümayiş etdirir.

44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini şərtləndirən amillər sırasında ölkəmizin güclü iqtisadi potensialı xüsusi yer tutur. Respublikamız son 17 ildə məhz getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə güclü ordu yaratmağa, Silahlı Qüvvələrimizi müasir döyüş texnikası ilə təchiz etməyə nail oldu. Güclü Ordumuz isə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşməni kapitulyasiyaya uğratdı və ərazi bütövlüyümüzü tam təmin etdi.

Bu gün Azərbaycan dövlətinin əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizə yenidən həyatı qaytarmaqdan ibarətdir. Bu istiqamətdə artıq ciddi tədbirlər dinamik şəkildə həyata keçirilməkdədir. Qarabağda həyata keçirilən  bərpa quruculuq işləri Böyük Qayıdışımızın təmin olunmasını şərtləndirir. Bilirik ki, dövlət büdcəsindən bərpa-quruculuq işləri üçün böyük həcmdə vəsait ayrılıb, əsas hədəfimiz Böyük Qayıdışa istiqamətlənib. Amma millət vəkili kimi bizim də borcumuzdur ki, təmsil etdiyimiz rayonda mövcud olan problemləri səsləndirək ki, gələcəkdə nəzərə alınsın. 

Seçicilərimin çoxsaylı müraciəti əsasında təmsil etdiyim Bərdə rayonunda bir sıra vacib, həllini gözləyən məsələləri diqqətinizə çatdırmaq istərdim. Qeyd edim ki, Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində digər bölgələrdə olduğu kimi Bərdə rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilib. Bütün bunlara görə, ilk növbədə Prezidentimiz cənab İlham Əliyevə Bərdə sakinləri və şəxsən öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm”.

Millət vəkili bildirib ki, lakin rayonda hələ də vacib əhəmiyyətli bir sıra müəssisələrin yenidən qurulması və ya əsaslı təmirə ehtiyacı olduğunu da nəzərə çatdırmaq istəyir, bunu səsləndirməyi də özünə borc bilir.

“Hamımız bilirik ki, məişət tullantıları infeksiya mənbəyidir, ekologiya və ətraf mühiti çirkləndirən əsas mənbələrdən biridir. Bu gün bütün dünya, o cümlədən ölkəmiz koronovirus infeksiyasına qarşı mübarizə aparır. Gələcəkdə də yeni infeksiyaların yaranmaması, ekologiyanın daha güclü şəkildə qorunması üçün bu kimi problemlərin həlli çox vacibdir. Təmsil etdiyim Bərdə rayonunda seçicilərim tərəfindən ən çox qaldırılan məsələlərdən biri də məişət tullantıları ilə bağlıdır. Araşdırmalarımıza əsasən, həqiqətən rayonda belə bir ciddi problem var. Biz bilirik ki, ölkəmizdə ekologiyanın qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, bu yöndə indiyə qədər bir sıra proqramlar icra olunub.

Tullantıların idarə olunması ilə bağlı Bakı şəhərində çox gözəl işlər həyata keçirilir. Balaxanı poliqonunun müasir standartlara uyğun yenidən qurulması, Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarının istismara verilməsi, Təhlükəli Tullantılar Poliqonunun yaradılması, poliqonların əksəriyyətinin tam bərpa olunması və çoxsaylı qeyri-qanuni tullantı sahələrinin təmizlənməsi hesabına Bakıda köklü müsbət dəyişikliklər hiss olunur.

Lakin digər ərazilərdə, xüsusilə də bölgələrdə tullantıların daşınması və idarə olunması məsələləri də narahatlıq doğurur. Bərdə rayonunda da bu problem ciddidir. Bərdə həmin zonada ən böyük rayondur, burada 200 minə yaxın insan yaşayır. Ona görə də, belə böyük bir rayonda bu problemin həlli çox aktualdır.

Digər problem isə Bərdə şəhərində kanalizasiya sisteminin olmamasıdır. Biz bilirik ki, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində bır sıra rayon mərkəzlərində kanalizasiya sistemləri qurulur və bu işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Kanalizasiya sisteminin mövcud olmaması Bərdə sakinlərini çox narahat edir. Mən ötən il bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə rəsmi şəkildə müraciət etmişəm.

Basqa bir vacib məsələ rayonda elektrik enerjisi sahəsində kabelləşmə probleminin olmasıdır. Seçicilərim işıqların tez-tez sönməsindən şikayət edirlər. Bu sahədə də ciddi işlərin görülməsinə ehtiyac var. Pandemiya dövründə vətəndaşlar bu baxımdan da əziyyət çəkirlər.

Respublikamızda yol infrastrukturunun yenidən qurulması istiqamətində də son illər mühüm işlər reallaşdırılıb. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, Bərdə rayonunun Qarağacı, Mirzəcəfərli və Mollagüllər kəndlərini birləşdirən 6 km uzunluqda yerli əhəmiyyətli Qarağacı-Mollagüllər avtomobil yolunun asfalt-beton örtüyünün çəkilməsi məsələsi hələdə həll olunmayıb. Bu haqda biz keçən il Nazirlər Kabinetinə müraciət etmişik. Kənd sakinləri tərəfindən bizə bununla bağlı yeni müraciətlər daxil olmuşdur. Bu məsələnin diqqətdə saxlanılmasını və yaxın müddətdə investisiya proqramına daxil edilməsinə kömək göstərilməsini hökümət üzvlərindən xahiş edirəm.

Həmçinin, bildiyiniz kimi, vaxtilə Bərdə cəbhə xəttinə yaxın olmuş bölgə kimi öz doğma torpaqlarından didərgin düşmüş insanlara ən çox qucaq açan rayonlardan biri olmuşdu. Məcburi köçkünlərin bir hissəsi rayonun məktəblərində məskunlaşmışdılar. Onların sayı 34 min nəfərdən çoxdur. Lakin sonradan  həmin insanlar dövlət tərəfindən tikilib istifadəyə verilən qəsəbə və şəhərciklərdə müasir evlərlə təmin olundular. Onların vaxtilə məskunlaşdığı məktəblər isə şagirdlərin istifadəsinə verilsə də, tədris şəraiti müasir standartlara qətiyyən uyğun deyil. Bu səbəbdən, bir neçə məktəbin təcili əsaslı təmirə böyük ehtiyacı vardır. Bu barədə ötən il Təhsil Nazirliyinə tərəfimizdən müraciət edilmişdir. Fürsətdən istifadə edərək bir daha xahiş edirəm ki, Bərdə rayonunun 200 minə yaxın əhalisini nəzərə alaraq gələcəkdə investisiya proqramları hazırlanarkən rayonda daha çox məktəblərin yenidən qurulması və ya əsaslı təmiri, həmçinin yeni uşaq baxçalarının açılması nəzərə alınsın.

Digər bir problem isə suvarma suyu ilə bağlı Bərdənin kəndlərinin çətinliyinin olmasıdır. Belə olan halda isə bir çox kəndlilər öz əkin yerlərinin suvarılmasında çətinlik çəkirlər. Biz bilirik ki, hər il bu iş üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Gələcəkdə bu məqsədlə Bərdəyə əlavə vəsaitin ayrılmasını təklif edirəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İNDİ BÜTÜN YOLLAR QARABAĞDAN KEÇİR…-Qənirə Paşayeva yazdı

Read Next

“Böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik”-İLHAM ƏLİYEVDƏN AZƏRBAYCAN XALQINA NOVRUZ TƏBRİKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir