İqtisadi, enerji təhlükəsizliyimizin təmin edilməsində-DAHA BİR ADDIM – JALƏ ƏLİYEVANIN BAXIŞI

Dünyamız yenə ağır, daha üzücü sürəcdən keçir.

Dünya yenə çox ziddiyyətli, çox qarmaqarışıq bir dönəm yaşayır.

Bütün baş verənlər hər birimizdən, hər bir dövlətdən olduqca ehtiyatlı, hazırlıqlı, soyuqqanlı, balanslı, tarazlı, rasional, realist və praqmatik olmağı tələb və diktə edir.

Xoşbəxtliyimizdəndir ki, ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də müdrik, uzaqgörən, prqamatik, sakit, təmkinli siyasət kursu yürütməklə, həyata keçirməklə ölkəmizi öz axarı ilə bu təbəddülatlı dünyamızda inkişafa, tərəqqiyə doğru aparır.

Hər gün yeni bir Tarix yazılır, hər gün yeni bir Tarix yazır.

Dünən, 15 mart tarixində Azərbaycan iqtisadi, həm də enerji təhlükəsizliyimizin təmin edilməsi istiqamətində daha bir uğura imza atıldı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi.

Ölkə Prezidentinin də iştirak etdiyi mərasimdə önəmli mesajlar verildi, gələcəyimizə, inkişafımıza yönəlik mühüm çağırışlar edildi.

Çıxışında “Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək. Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir”-deyən dövlət başçımız bildirdi ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır.

Çünki vurğulandığı kimi, bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir.

Bəli, Azərbaycanda çox gözəl investisiya iqlimi var, eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir.

Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu isə bizə imkan verib və verir ki, enerji sahəsində istədiyimizə nail olaq.

Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminik ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq.

Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması bizim ixrac imkanlarımızı da artırır.

Ümumiyyətlə, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bu baxımdan, əminik ki, yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik.

Eyni zamanda, böyük potensial daha işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər.

Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və ümid edirik ki, bu danışıqlar da uğurla nəticələnəcək.

Dövlət başçısının da qeyd etdiyi kimi, xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir.

Müasir infrastruktur var-həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir.

Həmçinin, güclü siyasi iradə, dəmir iradə var.

Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri mövcuddur.

Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir.

“Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik”-deyən dövlət başçımızın sözlərinə görə, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır.

Və hesab edirik ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik.

Bəli, yolumuz, hədəfimiz inkişafa, tərəqqiyə, intibaha doğrudur.

Bu yoldan da bizi heç kimi, heç bir güc döndərə, yayındıra bilməyib və bilməyəcək.

Bu, mümkünsüz olub, mümkünsüzdür və mümkünsüz olacaq!

Qələbələr, Zəfərlər, uğurlar, nailiyyətlər bizimdir, bizimlədir və bizimlə olacaq!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Əhali sayı 50 min nəfərdən az olan kiçik rayonların birləşdirilməsi vacibdir…”-ZAHİD ORUCDAN ÇOX ÖNƏMLİ TƏKLİFLƏR – VİDEO

Read Next

Rüstəm İbrahimbəyov Fəxri xiyabanda-DƏFN EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir