“İqtisadi, siyasi güc heç də hər şey demək deyil…” – KAMİLƏ ƏLİYEVA BDU-NUN YÜZ İLLİYİNDƏN VƏ PREZİDENTİN ÇIXIŞINDAN DANIŞDI

Bu günlər mənim üçün belə demək mümkünsə, ən sevincli günlər, üçqat bayramdır. Çünki həm Azərbaycan təhsilinin, Azərbaycan elminin, Azərbaycan ziyalılığının sütunu, məbədgahı olan BDU-nun 100  illiyidir, həm bu ali təhsil ocağının məzunuyam, həm də 35 ilə yaxındır ki, bu ali məktəblə birbaşa bağlıyam, orada fəaliyyət göstərər, kafedra müdiriyəm. Bütün uğurlarım BDU ilə bağlıdır. BDU, oradakı illər mənim həyatımın bir parçası, təkib hissəsi, gözəl anlarıdır. Özümü BDU olmadan  heç cür təsəvvür edə bilmərəm. Fəxr və qürur hissi keçirirəm ki, taleyim BDU ilə bağlı olub və bu gün də bağlıdır.

BDU bizim həm də milli,mənəvi, elmi, siyasi dəyərimiz, sərvətimizdir. BDU  təhsil, elm ocağı olmaqla yanaşı, bir həyat məktəbdir, bir tarixdir. BDU-suz həm Azərbaycan dövlətini, həm dövlətçiliyimizi, həm tariximizi,  həm də inkişafımızı təsəvvür etmək mümkün deyil. Ötən bir əsrdə hansı uğurlar, nailiyyətlər qazanılıbsa, orada mütləq və mütləq dərəcədə BDU-nun rolu, payı olub. BDU bizə cümhuriyyət qurucularımız, böyük kişilərdən yadigar qalan bir sərvətdir, nemətdir. Bu sərvəti, bu neməti qorumaq, dəyərləndirmək də bizlərin bir vəfa, övladlıq borcudur. 

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Sonra BDU-nun yüz illiyi ilə bağlı dövlət və ölkə rəhbərliyi səviyyəsində atılan addımlara toxunan K. Əliyeva ötən gün Prezident İlham Əliyevin iştirakı ilə təntənəli yubiley mərasiminin keçirildiyini, mərasimdən bir gün öncə isə bu ali təshsil ocağında xidməti, fəaliyyəti olan insanlardan böyük bir qisminin təltif edildiyini sözlərinə əlavə edib.

“Mərasim zamanı ölkə Prezidenti çox tarixi və parlaq bir çıxış etdi, hətta, bu günə kimi toxunulmayan məqamlara belə geniş yer ayırdı.

Ölkə rəhbərinin çıxışında diqqətimi ən çox cəlb edən başlıca məqamlardan biri  qürür və fəxr mənbəyimiz olan milli-mənəvi dəyərlərimizlə bağlı məqamlar, çağırışlar oldu. Çünki bu məqamların səsləndirilməsinə, ən yüksək tribunadan deyilməsinə doğrudan da böyük ehtiyac var idi.

Yüz illərdir, əsrlərdir dünyanı istədikləri kimi idarə, dizayn etmək istəyən güclərin, mərkəzlərin xalqların, dövlətlərin milli-mənəvi dəyərlərinə açıq və gizli hücumları, çeşidli ssenariləri, məkrli və təhlükəli planları, “proje”ləri ortada olub, oratadır və görünən budur ki, hələ uzun müddət ortada olacaq. Bunların fonunda xalqımızı, dövlətimizi belə təhlükələrdən qorumaq, sığortalamaq, zərərsiz ötüşdürmək, qloballaşmanın milli-mənəvi dəyərlərə təsirini minimuma endirmək üçün vaxtında həyacan təbilinin çalınması, bu yöndə qabaqlayıcı, önləyici addımların atılması, xəbərdarlıqların, çağırışların edilməsi zərurəti ortada idi. Ölkə Prezidenti də məhz bu məqamları göz önünə gətirərək, öz narahatlığını bildirdi, eyni zamanda, çağırışlarını etdi, hədəflərimizi bir daha göstərdi.

O, qeyd etdi ki, biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var.

O, “Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin” -deyərək  bildirdi ki, yaşlılara hörmət olunmalıdır, yaşına görə.

Çıxışına davam edərək “İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə?”-bəyan etdi və bir daha hədəflərimizin nədən ibarət olduğuna işıq saldı.

Bəli, doğrudan da, tarixin ənginliklərindən süzülüb gələn, bizi biz edən, qoruyub, saxlayıb  bu günlərə çatdıran milli-mənəvi dəyərlərimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Bu milli-mənəvi-əxlaqi dəyərlər olmsaydı, bəlkə də bu gün mövcud olmazdıq, dünyadakı minlərlə xalq içərisində öz  dövlətinə sahib olan 200-dən bir qədər artıq dövlətdən biri  olmazdıq.

Nəzərə alaq ki, mövcud olan dövlətlərin bir çoxu da hələ əsl müstəqilliyinə malik deyil, hansısa super, fövqəl gücün vassalı, for-postudur. Amma Azərbaycan əsl müstəqilliyə və əsl müstəqil inkişaf xəttinə malik olan bir dövlətdir. Həmçinin, onu nəzərə alaq ki, maddi-təbii sərvətlər, iqtisadi güc, hərbi güc heç də hər  şey demək deyil. Milli-mənəvi-əxlaqi dəyərlər, milli-mənəvi müstəqillik olmadan heç bir siyasi, iqtisadi, hərbi gücdən, müstıqillikdən danışmaq olmaz.

Ancaq çox sevindirici haldır ki,  tarixinin hər bir dönəmində böyük ağrılar, acılar, parçalanmalar, bölünmələr  yaşamasına baxmayaraq, xalqımız hər zaman malik və sahib olduğu gözəl milli, mənəvi, əxlaqi dəyərlərini qoruyub saxlayıb, nəsillərdən-nəsillərə ötürüb və bugünkü müstəqilliyimizin, bugünkü inkişafımızın kökündə də məhz bu amillər dayanır. Odur ki, bir vətəndaş, bir övlad olaraq, bu dəyərləri mənimsəmək, əxz etmək,yaşatmaq, paylaşmaq, yetişməkdə, böyüməkdə olan nəsilə və gələcək nəsillərə ötürmək bizim borcumuz, vəzifəmizdir. Heç kim bu ali məqsədlərdən kənarda qalmamalıdır.

Texnologiyaların verdiyi üstünlüklərdən yararlanaraq, onun ziyanlı, zərərli tərəflərinin aludəçisi olmamalıdır, milli, mənəvi, əxlaqi dəyərlərin aşınlanmasına, sıradan çıxarılmasına yönələn hərəkətlərə rəvac verməməlidir, bəlli çevrələrin məkrli planlarının alətinə çevrilməməlidir. Böyük-kiçiklik, böyüklərə ehtiram, kiçiklərə mərhəmət unudulmamalıdır, baş tacı hesab edilən ailə dəyərləri zədələnməməlidir. Məhz bu zaman varlığımızı, mövcudluğumuzu, imzalar içində imzamızı əbədiyaşar edə bilərik.

İnanıram  ki, belə də olacaq, içimizdə narahatlıq doğuran, bizləri üzən hallar birlikdə, birgə gücümüzlə aradan qaldırılacaq, yenə də milli, mənəvi, əxlaqi dəyərlərimiz baş tacımız olacaq”-deyə, K. Əliyeva daha sonra qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“BDU Azərbaycan tarixinin özüdür…” – MİLLƏT VƏKİLİ

Read Next

Təhsil müəssisələrində “Bullinq” mövzusunda seminarlar – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir