İran Körfəzi ölkələrində turizm potensialımız intensiv şəkildə təbliğ olunur – Nazir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveyt Dövlətinin Sivil Aviasiya üzrə Direktorluğunun baş katibi və Direktorluğun fəaliyyətdə olan prezidenti Yousef Al-Fouzanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, görüşdə Ə.Qarayev iki ölkənin mədəniyyət və turizm sahələrində birgə əməkdaşlıq layihələrindən söhbət açıb. Bildirib ki, ötən ilin noyabr ayından etibarən ölkə başçısının müvafiq tapşırığına əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları, bu ilin fevralından isə digər Körfəz ölkələri üçün hava limanlarında sadələşdirilmiş qaydada viza sistemi tətbiq olunmağa başlanılıb. Nəticədə ölkəmizə gələn turistlərin sayı kifayət qədər artıb. Qeyd edilib ki, artıq bir neçə ildir BƏƏ-nin Dubay şəhərində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir və bu nümayəndəlik vasitəsilə İran Körfəzi ölkələrində turizm potensialımız intensiv şəkildə təbliğ olunur.

Noyabrın 22-də Küveytdə bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın iri turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin təmsil olunduğu təqdimatın keçiriləcəyini bildirən Ə.Qarayev vurğulayıb ki, belə tədbirlər ikitərəfli turist mübadiləsinin artmasına təkan verir. O, eyni zamanda İran Körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayının daha da artması üçün aviareyslərin sayının çoxaldılmasının vacibliyini vurğulayıb.

Ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər haqqında məlumat verən nazir növbəti ildə təşkil olunacaq ticarət festivalı (“shopping festival”), İslam Həmrəylik Oyunları, “Formula-1” Avropa Qran-pri yarışları barədə də qonaqları məlumatlandırıb və onları bu tədbirlərdə iştiraka dəvət edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin başçısı Yousef Al-Fouza ölkələrimiz arasında turist mübadiləsinin sayının 2016-cı ildə olduğu kimi növbəti illərdə də artacağına inamını ifadə edib.

Etikxeber.az

Read Previous

“Vəziyyətə baxırdım, görürdüm ki, gəlinəsi deyil…” – CAVANŞİR QULİYEV

Read Next

Onlar gənclərin həyatını pozurlar – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir