“İran tərəfi öz məsuliyyətini ciddi şəkildə anlamalı, dərk etməli və terraktı törədənləri tezliklə cəzalandırmalıdır”-ELDAR İBRAHİMOV YAZDI

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə xain silahlı hücumu qətiyyətlə, bütün varlığımla pisləyir, qınayır və lənətləyirəm.

Xain hücum zamanı qətlə yetirilmiş Səfirliyimizin təhlükəsizlik xidməti rəisinin-Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzulayır, yaralanan iki Səfirlik əməkdaşımıza isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirəm.

Bu, qanlı və xain hücumun təşkilatçısı və ya təşkilatçıları, sifarişçisi və ya sifarişçiləri bir an gecikmədən, tezliklə aşkarlanmalı, üzə çıxarılmalı və haqq etdiyi cəzalarına çatdırılmalıdır.

Burada qəti şəkildə gecikməyə, hansısa bəhayə yer yoxdur və olmamalıdır.

Bu qanlı hadisəyə sıradan, adi bir hadisə kimi baxılmamalı, İran tərəfi öz məsuliyyətini ciddi şəkildə anlamalı və baş vermiş qanlı olaya görə üzərinə düşən vəzifələrini, öhdəliklərini icra etməli, ciddi addımlar atmalıdır.

Ortada İranın da tərəfdar çıxdığı məlum Vyana Konvensiyasi var və bu səbəbdən də İran tərəfi həmin Konvensiyadan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.

Bu, onların birbaşa borcu və vəzifəsidir.

Yox, əgər İran tərəfi tez bir zamanda bu məsələyə ciddi şəkildə yanaşıb, qanlı olayın təçkilatçısı və ya təşkilatçılarını, sifarişçisi və ya sifarişçilərini aşkarlayıb, üzə çıxarmasa, onları cəzalandırmasa, o zaman ciddi suallarla, ittihamlarla üz-üzə qalmalı, iki ölkə arasında münasibətləri şüurlu şəkildə və daha da gərginləşdirmiş olacaq.

Bu isə arzuolunan deyil, ilk növbədə də İran tərəfi üçün.

Onsuz da İkinci Qarabağ Savaşı, tarixi Qələbə və Zəfərimizdən sonra qonşu ölkədən Azərbaycana qarşı xoş olmayan, münasibətlərə kölgə salan, gərginlik yaradan yanaşma ortaya qoyulmaqdadır.

Bu, heç kimə də sirr deyil, İran tərəfi açıq şəkildə Azərbaycana, onun Qələbə və Zəfərinə, inkişafına qısqanclıqla yanaşmaqdadır.

Bunun da səbəbləri hər kəsə yaxşı məlumdur və indi bu haqda geniş danışmağa, yenidən Amerika kəşf etməyə də ehtiyac yoxdur.

Bu yerdə onu da qeyd etmək vacibdir ki, Azərbaycan hər zaman bütün ölkələrlə, o cümlədən, milyonlarla Azərbaycan türkünün yaşadığı bir ölkə ilə münasibətlərin qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində, bir-birinin daxili işlərinə müdaxilə etməmək, qarışmamaq müstəvisində qurulmasının tərəfdarı kimi çıxış edib və bu siyasətində, bu niyyətində də daim səmimi olub.

Ona görə də bir daha qeyd etməyi vacib bilirəm ki, İran tərəfi məsələnin ciddiyyətini dərk edərək, əlavə gərginliklərə gətirib çıxarmaması, xüsusilə, onlara zərər gətiricək hallara yol verilməməsi qəti, sərt addımlar atmalı, qanlı hadisə ilə əsl həqiqəti açıb ortaya qoymalı, öz dövlət şərəfini qorumalıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

Bəli, hər kəs bilsin ki, belə hadisələrlə, terraktlarla Azərbaycanı qorxutmaq, öz müstəqil inkişaf yolundan döndərmək, sapdırmaq mümkün deyil, bu günə kimi mümkün olmayıb, bundan sonra da mümkün olmayacaq.

Azərbaycan öz müstəqil inkişaf yolu addımlamaqda, hədəflərinə bir-bir çatmaqda davam edəcək.

Bunun üçün qətiyyət də, siyasi iradə də ortadadır.

Hər kəs bunu bilsin və qulaqlarından sırğa etsin!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Mehriban Əliyevadan Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı-PAYLAŞIM

Read Next

“Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”-ƏRDOĞANDAN AZƏRBAYCANA DƏSTƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir