“COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (4)

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

10:24

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

12:24

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.

13:16

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

İqlim dəyişmələri və ətraf mühit məsələlərinə xüsusi önəm verdiklərini deyən İraq Prezidenti iqlim dəyişmələri mövzusunda əldə olunmuş razılaşmanın icrasının vacibliyinə toxundu. Qonaq müharibələrin və hərbi münaqişələrin ətraf mühitə ən böyük təhlükə yaratdığını dedi. Əbdüllətif Camal Rəşid ölkəsinin COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı. İraq Prezidenti ikitərəfli əlaqələrimizin uğurla inkişaf etməsindən məmnunluğunu bildirdi.

Azərbaycanın nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini dedi, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir.

Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd etdi.

13:50

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirdi, onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini dedi.

Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bir neçə gün əvvəl Azərbaycanda dünya dini liderlərinin iştirakı ilə böyük tədbir keçirilib və Əl-Əzhəri Şərifin nümayəndələri də orada iştirak ediblər. Prezident İlham Əliyev bu tədbirdən sonra iştirakçıların işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin önəminə toxundu.

Dövlətimizin başçısı Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşünü məmnunluqla xatırlayaraq, həmin görüş zamanı bir sıra önəmli məsələlərin müzakirə olunduğunu qeyd etdi və orada gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.

İlk növbədə, COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir olduğunu qeyd etdi. O, Prezident İlham Əliyevə COP çərçivəsində Dinlər pavilyonunun təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Qonaq dedi ki, Misirə səfəri zamanı dövlətimizin başçısı ilə görüşündən böyük şərəf hissi duyub.

Böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib işğal edilmiş torpaqlarımızın geri qaytarılması münasibətilə təbriklərini çatdıraraq dedi: “Siz həqiqətən Müzəffər Ali Baş Komandansınız. Siz qarşı tərəfə böyük səxavət göstərmisiniz. Sizin qarşı tərəfə olan humanitar rəftarınız hamıya məlumdur. Sizin bu alicənablığınız bütün dini təriqətlərin sütunlarına uyğundur”.

Əl-Əzhəri Şərifin şeyxi region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd etdi. Sünni-şiə dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ölkəmizin, həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla qeyd etdi.

Xoş sözlərə və Qarabağın işğaldan azad edilməsi ilə bağlı təbrikinə görə təşəkkürünü bildirən dövlətimizin başçısı 30 il işğala məruz qalmağımıza baxmayaraq, ölkəmizin sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdiyini dedi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda yaşayan müsəlmanlar Heydər məscidində vəhdət və həmrəylik namazı qılırlar. Bu təcrübəmizin digər ölkələr üçün də nümunə ola biləcəyini deyən dövlətimizin başçısı Azərbaycanın İslam dünyasının daha da birləşməsi üçün çalışdığını vurğuladı və İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd etdi.

Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin ölkəmizdə rahat yaşadıqlarını dedi.

Dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirdi.

Etikxeber.az

Read Previous

“Həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ölkəniz böyük inkişaf yolu keçib…”-İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə-BİR ARADA – FOTO – YENİLƏNİB

Read Next

“Vasitəçiliyiniz dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb”-ƏLİYEV MİŞELLƏ GÖRÜŞÜNDƏ BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir