“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər ötən il 10,3 faiz artıb – NAZİRLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti ölkəmizin elektron arayış sistemində mühüm yer tutur.

Nazirlikdən Etikxeber.az-a bildiriblər ki, respublikamızda kağız arayışların elektron arayışlarla əvəz edilməsi prosesində əhəmiyyətli rol oynayan “İş yerinə dair arayış” e-xidmətinə 2016-cı ildə 227 685 müraciət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 10,3 faiz (21 209 müraciət) çoxdur. Bu, e-xidmətə daim artan marağın əsasında işləyən hər kəsə real vaxt rejimində iş yerinə dair arayış əldə edə bilmək imkanı verməsidir. Bununla da artıq həmin arayışın alınmasından ötrü vətəndaşın öz iş yeri olan müəssisənin məsul şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və əlavə zəhmət sərf etməsinə ehtiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə “E-hökumət” portalında bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.

2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabr ayında “İş yerinə dair arayış” e-xidmətinin də istifadəyə verilməsinə imkan yaradıb. Cari ilin yanvarın 1-dək həmin e-xidmətə 453 minə yaxın müraciət qeydə alınıb.

Etikxeber.az

Read Previous

Açıq fikirli insanların beyin qatları daha incə olur?!

Read Next

“Avropa İttifaqı ilə əməkdaşlıq önəmlidir” – Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir