Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Əlizadə cənabları son 27 ildə mənim əleyhimə, təmsil etdiyim təşkilatların (AXC, Müsavat, MSDM) əleyhinə yüzlərlə müsahibələr verib, yazılar yazıb, hətta, yalan və böhtanlarını toplayıb kitab halında da nəşr etdirib. Mən ona nadir hallarda, əsasən jurnalistlər təkid edəndə cavab vermişəm. İndi isə sadəcə olaraq ona və başqa yalançılara bir sözümü xatırlatmaq istədim: bizim haqqımızda yalan danışanlar özləri haqda həqiqəti eşidə bilərlər…”
İki tanınmış siyasətçi- Müsavat Partiyasının sabiq başqanı, Müstəqil Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbərlə müstəqil politoloq, ASDP-nin keçmiş liderlərindən olan Zərdüş Əlizadə arasında növbəti dəfə qalmaqal yaşanıb.
Etikxeber.az-ın xəbərinə görə, qalmaqala səbəb Z. Əlizadənin İ. Qəmbərə yönəlik ittihamları olub.

Belə ki, Z. Əlizadə İ. Qəmbərin növbəti- 2018-ci il prezident seçkilərində iştirak qərarını “hakimiyyətin seçki tamaşasına legitimlik donu geyindirmək” cəhdi kimi qiymətləndirib.
Bu da öz növbəsində İ. Qəmbərin sərt reaksiyasına və Z. Əlizadəyə qarşı ittihamlarına səbəb olub.
İ. Qənbər özünün “Facebook” səhifəsində paylaşdığı “Yaponiya və şahid Zərdüşt Əlizadə” statusunda Z. Əlizadəni növbəti dəfə yalançılıqda ittihamlayıb.

Həmin statusu ixtisarla təqdim edirik:
“Deyəsən, MSDM-in bir sıra təşkilatların və ekspertlərin iştirakı ilə keçən 21 noyabr seçki tədbiri və bütövlükdə Müsavat partiyasının seçkiyə yönəlik fəaliyyəti bir çoxlarını narahat edib. Hakimiyyəti və hakimiyyətin açıq tərəfdarlarını başa düşmək olar… Narahat olub susanları da başa düşmək olar. Deməyə sözləri olanda danışacaqlar. Bəs özünü müstəqil demokrat sayanlara nə olub?
Məsələn, guya müstəqil analitik – hörmətli Zərdüşt Əlizadə cənabları yenə qərəzli və paslı söz qılıncını qınından çıxarıb bizə özünün ənənəvi uslubunda – yalan, böhtan, təhqir və s. hücuma keçib. Z.Əlizadə bizim və tədbirdəki natiqlərin tam əksəriyyətinin seçkilərdə iştirak mövqeyinə üstünlük verməyimizi “hakimiyyətin seçki tamaşasına legitimlik donu geyindirmək” cəhdi kimi qiymətləndirir. Bu yalanı başqaları desə cavab verərik, amma Z.Əlizadə bu yalanına cavabı haqq etmir. Çünki Z.Əlizadə biz seçkiləri boykot edəndə də bizi hakimiyyətə xidmət etməkdə ittiham edirdi. Yalançının yaddaşı olmaz, nə zaman hansı yalanı dediklərini unudurlar.
1993 seçkilərində Heydər Əliyevi, 1998-də Etibar Məmmədovu , 2003- də İlyas İsmayılovu müdafiə edən bu cənab (siyasi diapazonun genişliyinə diqqət edin, yəni əslində kim olur olsun, təki Əbülfəz Elçibəy və İsa Qəmbər olmasın; bəlkə də problem diapazonda deyil, müxtəlif illərdə müxtəlif tapşırığın verilməsindədir) bizim istənilən mövqeyimizə, qərarımıza qarşı şablon ittihamlarla çıxış etməyə mükəlləfdir. Z.Əlizadə yazısında mənim “Müxalifət 2003-cü ildə seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi” fikrimə etiraz edir və etirazını uzun-uzadı və dolaşıq şəkildə izah etməyə çalışır…
Həvəsi və vaxtı olanlar özləri oxuyub dəyərləndirə bilərlər. Z.Əlizadə iddia edir ki, guya nə vaxtsa mən öz seçki qələbəmi sübut etmək üçün “sənədlərim yoxdur” demişəm. Bilmirəm, bu cənab bu sözləri uydurub, yoxsa, mənim hansısa müsahibəmdən kontekstdən çıxarılmış halda təqdim edir. Amma ciddi səhv edir…
Gənclər demişkən, uzağa getməyək, götürək elə Yaponiyanı. Bizim üçün Yaponiya rolunu bu halda Zərdüşt Əlizadə cənabları özü oynayacaq. Yenə də yalançının yaddaşı olmaz, görəcəyiniz kimi nəinki öz yalanlarını, hətta hərdən bir dedikləri doğruları da unudurlar…
…Z.Əlizadə cənablarının baslıca narahatlığı onunla bağlıdır ki, mən “…indi əsas məsələ demokratik seçki mühiti yaradılması üçün səylər göstərmək və seçki məcəlləsində demokratik dəyişikliklərə nail olmaqdır” demişəm. Z.Əlizadə mənim bu fikrimi öz aləmində lağa qoyur, anekdot danışır və ƏSAS əks-arqumentini səsləndirir: “Bu hakimiyyət nə vaxt “demokratik seçki məcəlləsinə” fikir verib? Nə vaxt imkan verib ki, “demokratik seçki mühiti” yaransın?”
Dostlar, bu guya müstəqil intellektualın arqumentinə diqqət edin…
Z.Əlizadə cənabları son 27 ildə mənim əleyhimə, təmsil etdiyim təşkilatların (AXC, Müsavat, MSDM) əleyhinə yüzlərlə müsahibələr verib, yazılar yazıb, hətta, yalan və böhtanlarını toplayıb kitab halında da nəşr etdirib. Mən ona nadir hallarda, əsasən jurnalistlər təkid edəndə cavab vermişəm. İndi isə sadəcə olaraq ona və başqa yalançılara bir sözümü xatırlatmaq istədim: bizim haqqımızda yalan danışanlar özləri haqda həqiqəti eşidə bilərlər…”
P. S. Mövzunu davam etdirəcəyik.
Etikxeber.az





