İşgəncə olub? – BAŞ PROKURORLUQLA ƏDLİYYƏ NAZİRLİYİ TƏKZİB ETDİ

Ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlbetmə əməllərinə görə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsi, 207.1-ci və 243.1-ci maddələri ilə üç dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Qurbanov Aydın Fərhad oğlunun 2018-ci il iyulun 3-də mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, 2018-ci il iyulun 30-da Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin istintaq təcridxanasına yerləşdirilib.

Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətlərindən Etikxeber.az-a daxil olan birgə məlumatında bildirilib ki, istintaq zamanı A.Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında A.Qurbanovun yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış aparılıb.

Axtarış zamanı evin çardağından sonuncunun ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, 1 ədəd “Makarov” markalı, 1 ədəd “Marqolin” markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Qurbanov xəstəliyi ilə əlaqədar 2019-cu il martın 15-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb və orada intensiv müalicəsi aparılmasına baxmayaraq, iyulun 9-da vəfat edib.

A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar A.Qurbanov barəsində 2019-cu il mayın 31-də məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib.

Bəzi kütləvi informasiya vasitələrində A.Qurbanova guya işgəncə verilməsi nəticəsində vəfat etməsi barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir. İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmayıb, eləcə də müalicə aldığı dövrlərdə müayinə zamanı və vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkarlanmayıb.

Etikxeber.az

Read Previous

“Sakit baxmayacağıq…” – MEHRİBAN ZEYNALOVA “ÜSYAN” ETDİ

Read Next

Fazil Mustafadan “Cümhuriyyət” medalı ilə bağlı – ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir