“İsgəndər-M” məsələsi ilə bağlı suallara cavab verilmədikcə, bu mövzu hələ uzun müddət gündəmdə qalacaq, saxlanılacaq, ta ki, cavab alınanacan, cavab verilənəcən…”-ELDƏNİZ SƏLİMOV ÖLKƏ PREZİDENTİNİN SON MÜHASİBƏSİNDƏN YAZDI

“…Biz ümid edirik ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz “İsgəndər-M” raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik…”.

Bu fikirlər ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Qalib Sərkərdə bu fikirləri bir neçə saat öncə Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına növbəti-tarixi mesaj, bəyanatlar və xəbərdarlıqlarla dolu geniş məzmunlu müsahibəsində səsləndirib.

Bəli, “İsgəndər-M” məsələsi neçə vaxtdır ki, gündəmdədir və onunla bağlı suallara cavab verilmədikcə, hələ uzun müddət gündəmdə qalacaq, saxlanılacaq, ta ki, cavab alınanacan, cavab verilənəcən.

Bu məsələni bir neçə gün öncə ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı verilən suallara cavabında sərt şəkildə dilə gətirən dövlət başçımız bu yöndə ortada olan suallarla bağlı Azərbaycan xalqına cavab verilməli olduğunu bəyan edib.

Bu gün bir daha bu məsələyə toxunan Azərbaycan Prezidenti növbəti dəfə sərt mesajını, xəbərdarlığını, Azərbaycanın haqlı mövqeyini, tələbini ortaya qoyub və bunları deyib:

“Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir.

Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, ekspert – ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir.

Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik”.

Dövlət başçımız sözlərinə əlavə olaraq bildirib ki, bu raketlərin nə vaxt və nə üçün atıldığını da bilirik. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil.

Bəli, bu suallara cavab verilməlidir, bu suallara cavab verilmədikcə də, bu mövzu qapanmayacaq, bağlanmayacaq. Ancaq Azərbaycan dövləti, Azərbaycan xalqı öz Müzəffər və Qalib Liderinin qətiyyəti, iradəsi sayəsində çox suallara cavabını alıb və gec-tez bu suallara da cavabını alacaq. Buna kimsə şübhə edə bilməz və şübhə etməsin!

Eyni zamanda, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür ki, bunlar da təsadüfi versiyalar hesab edilə bilməz. Ali Baş Komandanın da bəyan etdiyi kimi, burada da biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribd və Şuşaya qoyub. Bu, bizə qarşı açıq ittihamdır.

“Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq”-deyərək, ölkə Prezidenti bir daha açıq və birmənalı şəkildə bəyan edib ki, biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk.

Bəli, dövlət başçımızın qeyd etdiyi kimi, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda, məqamda bəzi şeyləri açıqlayırıq və açıqlayacağıq yeri gəldikcə.

Ona görə hesab edirik ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar.

Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan: Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur…”-İLHAM ƏLİYEVDƏN NÖVBƏTİ SƏRT MESAJ – FOTOLAR

Read Next

“Pambıqçılıq demək olar ki, batırdı…Qarabağ zonasında da sənaye parkları olacaq… “-Prezident Hacıqabulda və AÇILIŞLARDA…- YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir