“İşğala və münaqişəyə zəfərlə son qoyulması ilə yaranmış çox fərqli bir reallığın şahidiyik…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Təqvim 8 may tarixi göstərir.

Ötən il bu tarixi 28-ci dəfə Şuşanın işğalı günü kimi anıb həm məyus olmuş, həm də utanc yaşamışdıq.

Bu il isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun şücaəti ilə şəhərin işğaldan azad edilməsi, ümumiyyətlə, işğala və münaqişəyə zəfərlə son qoyulması ilə yaranmış çox fərqli bir reallığın şahidiyik.

Şuşa azaddır və artıq Şuşa dirçəlir. Şuşanın işğaldan qurtulması müjdəsini verərkən cənab İlham Əliyev də elə Şuşanı durçəldəcəyini vəd etmişdi.

Əlbəttə, şəhərdə quruculuq-bərpa prosesi 8 noyabrdan dərhal sonra başlandı, lakin, Şuşanın dirçəlişi dedikdə biz heç şübhəsiz ki, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” dövlət başçısının Sərəncamının imzalandığı 7 may tarixinə istinad edəcəyik. Hüquqi akt üç istiqamətdə əhəmiyyətli vəzifələr müəyyən etməklə bərabər həm də ciddi siyasi yükə malikdir.

Əvvəlcə ondan başlayaq ki, Şuşa Qarabağın simvoludur, bu şəhər elə Qarabağın özü deməkdir. Şuşa şəhərinin tarixi görkəminin bərpasının ilk vəzifə kimi müəyyən olunması Qarabağın əsl sahibinin kim olduğunu göstərməklə, bu istiqamətdə informasiya savaşına nöqtə qoymaq deməkdir.

Ermənilərin bölgəyə yaxın 200 il ərzində tədricən köçürüldüyünü nəzərə alsaq, Şuşanın tarixi görkəminin bərpası ermənilərin bu şəhərə olan əsilsiz və gülünc iddiaları üçün də tutarlı cavab olacaq. Əlbəttə, müəyyən olunmuş bu hədəf həmçinin, maddi-tarixi abidələrimizə sahib çıxıb qorumaq baxımdan da mühim rola malik olacaq.

Üç əsrə yaxın bir dövrdə mədəniyyət paytaxtı, musiqi beşiyi kimi tanınan Şuşada tarixin heç bir dövründə erməni izi olmayıb, əksinə, Şuşa Azərbaycan xalqının milli mədəni irsinin mühim mərkəzlərindən biri kimi, xüsusən, müsiqi sənətimizin dünyaya tanıdılmasında aparıcı mühit rolu oynayıb, Qafqazın konservatoriyası, sənət və mədəniyyət beşiyi olub.

Ermənilər bölgəyə köçürüldükdən sonra məqsədli təbliğata və əməli tədbirlərə, hətta, 1905, 1920 və 1992-ci illərdə Şuşanın üç dəfə tamamilə yandırılması, işğal dönəmində vandalizm aktları və tarixi abidələrin saxtalaşdırılması istiqamətində erməni xislətinə uyğun səylərə baxmayaraq şəhərdən Azərbaycan xalqının izlərinin silinməsi mümkün olmayıb.

Bu mənada cənab İlham Əliyevin Sərəncamı ilə müəyyən olunmuş ikinci vəzifə, Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması – ermənilərin dünya mediasında iddiaları, hətta, rəsmi İrəvanın Xarici işlər nazirliyi səviyyəsində sərsəm bəyanatlarına ən tutarlı əməli cavabdır. Xüsusən, müasir informasiya kommunikasiya texnologiyalarının həlledici imkanlar yaratdığı bir dövrdə Şuşada əzəli ənənələrə əsaslanan mədəni həyatın bərpası erməni yalanlarının kökündən ifşası və susdurulmasında əhəmiyyətli rol oynayacaq.

Prezidentin hüquqi aktı ilə qarşıya qoyulan 3-cü mühim vəzifə, Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məsələsi isə əslində bu şəhərin Azərbaycanın ayrılmaz parçası olması tarixi reallığına detallı formada işıq tutmaq şərti ilə Şuşanın nəinki mədəni, hətta perspektiv sosial-iqtisadi inkişafı üçün də sərrast yol xəritəsidir.

Sərəncamın digər mühim bir əhəmiyyəti də ondan ibarətdir ki, qarşıya qoyulan və ən qısa müddətdə realizə olunacağı şübhə doğurmayan vəzifələr, işğaldan azad olunmuş digər şəhər və rayonlarımızın üçün də əmsal təşkil edəcək.

Sonda, bir daha 8 may təqviminə qayıdaraq 29 il öncə erməni vəhşiliyi nəticəsində həyatını itirmiş soydaşlarımızı, habelə, Şuşanın işğaldan azad olunması əməliyyatlarında qəhrəmancasına şəhadətə ucalmış hərbiçilərimizi rəhmətlə anır, başda müzəffər Ali Baş Komandan olmaqla bütün Şuşa fatehlərinə yaratdıqları bu yeni reallığa görə təşəkkür edirəm.

Dirçəlişin mübarək, Şuşa!

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şuşada 960 şagird yerlik məktəb tikiləcək-İSTİLİK TƏCHİZATI SİSTEMİ YENİDƏN QURULACAQ – SƏRƏNCAM(LAR)

Read Next

Faşizm üzərində Qələbədən 76 il-ÖTÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir