“İşğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulur…”-MM-İN KOMİTƏ SƏDRİ

Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli dövrlərindən birini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və onların havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Prezident İlham Əliyev tərəfindən son 18 il ərzində həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyası nəticəsində ərazi bütövlüyümüz təmin edildi.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Milli Məclisin (MM) İqtisadi siyasət və sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir:

“Prezident İlham Əliyevin ötən 18 illik fəaliyyəti ərzində qarşıya qoyduğu əsas hədəflərdən biri məhz ölkənin hərbi baxımdan güclənməsi və bölgədə ən güclü silahlı qüvvələrə malik olması idi. Dövlətimizin başçısı çıxışlarında vurğulayırdı ki, Azərbaycanın qarşısında hərbi büdcəni artırmaq və Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi durur.

2004-cü ildən bəri Azərbaycan hərbi xərclərini bu hədəfə uyğun olaraq hər il artıraraq ölkə başçısının qarşıya qoyduğu hədəfə çatdı və onu ötüb keçdi. Beləliklə, son 18 ildə Azərbaycanın hərbi xərcləri dəfələrlə artmış oldu. Azərbaycan hərbi xərclərinin artım tempinə görə dünya ölkələri arasında ilk yerlərdə qərarlaşdı. Bu hədəf Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində reallaşdı.

Torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımızın güclənməsinə təkan verəcək

Bir zamanlar Azərbaycan iqtisadiyyatı Ordumuzun inkişafına, güclənməsinə xidmət edirdisə, bu gün Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu əməliyyatlar, şanlı Qələbəmiz, torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımızın güclənməsinə təkan verəcək.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar yaradıb. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatının genişlənməsinə və şaxələndirilməsinə kömək edəcək. Uzun müddət işğal altında olan bu ərazilər tarixi-mədəni dəyəri, gözəl təbiəti ilə yanaşı, böyük iqtisadi potensiala, zəngin yeraltı və yerüstü təbii sərvətlərə, turizm üçün geniş imkanlara malikdir.

Kənd təsərrüfatının inkişafı üçün də böyük potensial mövcuddur

İşğaldan əvvəl Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının təqribən 35-40 faizi bu ərazilərdə istehsal olunurdu. Həmin dövrdə ümumi daxili məhsulun 24 faizi, kartof istehsalının 46 faizi, üzüm istehsalının 41 faizi, süd istehsalının 34 faizi və ət istehsalının 18 faizi məhz bu rayonların payına düşürdü. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması iqtisadiyyatın inkişafı ilə yanaşı həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verəcək.

İşğaldan azad olunmuş ərazilər eyni zamanda yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir

Bölgədə qızıl, mis, dəmir, civə, mərmər, əhəng, mərmər, inşaat materialları üçün geniş xammal bazası var. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyata xas olan sahələrdir. Mövcud mənbələr bu sahələrdə yeni istiqamətlərin inkişafına imkan verəcək. Artıq Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb. Bundan sonra işğaldan azad olunan ərazilərin yeraltı sərvətləri yenidən qiymətləndirilərək Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Azərbaycan qeyd etdiyimiz mövcud təbii sərvətlər vasitəsi ilə bölgədə mədən və metallurgiya sənayesini inkişaf etdirə bilər.

Artıq işğaldan azad olunmuş ərazilərdə sənaye sektorunun inkişafı ilə bağlı işlərə başlanılıb. Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi. Yeni yaradılacaq Sənaye Parkında qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar fəaliyyət göstərəcək.

İşğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulur

Ağdamda sənaye mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi Cəbrayılda logistika və ticarət mərkəzi, Kəlbəcərdə isə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda təməli qoyulan sənaye mərkəzində ilkin olaraq 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək.

Ağdamın strateji coğrafi mövqeyi, insan resursları və digər potensialı rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Zəngəzur dəhlizi böyük iqtisadi imkanlar açacaq

Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq, ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artıracaq, Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək. İqtisadi əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması, eyni zamanda işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli dərəcədə təkan verəcək.

Azərbaycan investisiya üçün daha cəlbedici bir ölkəyə çevrilib

Ordumuzun əldə etdiyi möhtəşəm Qələbə sayəsində Azərbaycan investisiya üçün daha cəlbedici bir ölkəyə çevrilib. Bu gün Azərbaycan böyük investorlar üçün daha maraqlı bir ölkədir. Ərazilərin qısa müddət ərzində bərpa olunması bütövlükdə bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu ərazilərin təbii resurslarla zəngin olması və qələbə nəticəsində əldə etdiyimiz tarixi imic sərmayə cəlbini daha da sürətləndirəcək.

Ordumuzun bu qələbəsi ölkəmizdə qeyri-neft sektorunun daha sürətlə böyüməsinə təkan verəcək. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizdəki mövcud potensial, kənd təsərrüfatı sahəsindəki imkanlar iqtisadiyyatın bərpasını daha da sürətləndirəcək. Həyata keçiriləcək kompleks tədbirlərlə bölgənin ölkə iqtisadiyyatındakı payını işğaldan əvvəlki səviyyəyə gətirə və davamlı olaraq artıra bilərik.

Burada dövlət təşəbbüskarlığı ilə yanaşı dövlət-özəl sektor tərəfdaşlığı da vacibdir. Bütövlükdə bölgədə həyata keçiriləcək tikinti və bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da gücləndirəcək. Beləliklə, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək”.

Etikxeber.az

Read Previous

Ukrayna millisi ilk dəfə Avropa çempionatının-DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNDƏ

Read Next

Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin 13 nəfərin məhkəməsində ittiham aktı elan ediləcək-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir