“İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir: Bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik”-İLHAM ƏLİYEV

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, məktubda Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin, ikitərəfli əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğu qeyd olunur.

Məktubda deyilir:

“İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”.

Keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulduğunun, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunun, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının təmin edildiyinin vurğulandığı məktubda münaqişənin başa çatmasının bölgədə yeni geosiyasi reallıq yaratdığı, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırdığı bildirilir.

“Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik”, – deyə Azərbaycan Prezidenti qeyd edir.

Məktubda Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inam ifadə olunur.

Etikxeber.az

Read Previous

MM-in 6 iyul tarixli iclası təxirə salındı-DEPUTATLAR MƏLUMATLANDIRILDI

Read Next

“Ələt Azad İqtisadi Zonasının yaradılması uğurumuzun növbəti addımı, nöbəti mərhələsi olacaq”-JALƏ ƏLİYEVANIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir