“İslahat İşçi Qrupu təsis etmişik…”-ANAR KƏRİMOV MM-DƏ ÇIXIŞINDA DEDİ, NAZİR ƏVƏZİ HƏMÇİNİN, VERGİ GÜZƏŞTLƏRİNƏ EHTİYAC OLDUĞUNU BİLDİRDİ – YENİLƏNİB – (2)

Mədəniyyət sahəsi cəmiyyətdə strateji istiqamətlərdən biridir. Mən UNESKO-da fəaliyyət göstərdiyim zaman da həm cənab Prezidentin, həm də Mehriban xanımın bu sahəyə qayğısının şahidi olmuşam.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.  

Nazir əvəzi bildirib ki, UNESKO-da işlədiyi zaman mədəniyyət məsələlərinə, yumşaq gücə dövlətlərin diqqəti və marağı yüksək olub.

Onun sözlərinə görə, həm hərbi, həm də iqtisadi gücü olan ölkələr belə yumşaq gücə, mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir.

“Yumşaq güc vasitəsilə cəmiyyətlərin müqaviməti olmadan işlər görə bilir. İkincisi, öz mədəniyyətlərinin təbliği üçün bunu edir. Ancaq ən önəmlisi onlar yumşaq güc vasitəsilə  təsir imkanlarını artıra bilir. Biz bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik. Yeni mədəniyyət strategiyası hazırlanmalıdır. Vəzifəyə başlayan kimi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun addımlar atmağa başlamışıq. Vəziyyətin təhlil edilməsi üzrə işlər aparılır. Mədəniyyət Nazirliyində aşkara çıxan problemlərin həlli üçün proses davam edir. Bu prosesin davamı üçün biz islahat İşçi Qrupu təsis etmişik. Burada yerli, xarici ekspertlər var. Xarici ekspertlər bundan əvvəl Azərbaycana səfər edən şəxslərdir. Onlar da bu İşçi Qrupa cəlb edilib”-deyə, A. Kərimov sonra deyib.

15:39

***

Sonra “Heç kimə sirr deyil ki, mədəniyyət sahəsində çalışan şəxslərin əməkhaqqı heç də yüksək deyil”– deyən A. Kərimovun sözlərinə görə, müasir tələblərə uyğun olaraq rəqəmsallaşmaq yanaşması bütün sahə üzrə tətbiq olunmalıdır:

“Mədəniyyət sahəsində müəyyən standartlar müəyyən edilməlidir. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən boşluqlar vardı. Ona görə də standartlaşma bizim yeni bir yanaşmamızdır. Biz beynəxalq təcrübənin yaxşı modellərini istifadə etməliyik”.

A.Kərimov bildirib ki, mədəniyyət sahəsinə özəl sektoru da daxil etmək fikirləri var:

“Fransada özəl sektorun mədəniyyət sahəsinə investisiya qoymasının şahidi olmuşam. Bunu ölkəmizdə etmək üçün müəyyən vergi güzəştlərinin edilməsinə ehtiyac var”.

15:47

***

“İki ay ərzində Mədəniyyət Nazirliyinin müxtəlif sahələri ilə bağlı 200-ə yaxın rəy və təkliflər daxil edilib”-deyən A. Kərimov bildirib ki, kino, musiqi sahəsində inkişaf, musiqi məktəblərinin, kitabxanaların işində yeniliklər və s. sahələrdə olan bu təkliflər İşçi Qrupunun fəaliyyətində nəzərə alınacaq.

“Anar Ələkbərovun və Fərəh Əliyevanın iştirakı ilə bizim ictimai və mədəni xadimlərlə görüşümüz oldu. Orada da incəsənət xadimlərinin fikirlərini öyrəndik. Eyni zamanda “Zoom” formatında da 40-a yaxın ictimai xadimlə görüş keçirdik. Hər kəs islahatlar intizarındadır və hamı gözləyir ki, biz bu sahəyə yeniliklər gətirək.

Mədəniyyət Nazirliyi bu sahədə daha çox siyasəti müəyyən edən qurum olmalıdır. Biz bu yanaşmanı dəyişəcəyik. 2 ay ərzində apardığım təhlillərdə gördüm ki, həm mərkəzi aparatda, həm də nazirlikdə belə bir fikir var ki, Mədəniyyət Nazirliyi daha çox müəssisələrlə işləməlidir. Bu kökündən yanlış yanaşmadır. Mədəniyyət Nazirliyinin cəmiyyətin fərdi inkişafında rolu artırılmalıdır. Cəmiyyətin hərtərəfli inkişafında bu olmalıdır. Bu, eyni zamanda təhlükəsizlik məsələsidir” – deyə, A. Kərimov vurğulayıb.

15:52

***

Nazir əvəzi deyib ki, onlar işğal olunmuş ərazilərdəki tarixi abidələrimizin bərpası məsələsinə də böyük əhəmiyyət verirlər.

O, bildirib ki, UNESCO-da fəaliyyət göstərdiyi zaman da bizim tarixi abidələrimizin dağıdılması faktlarını hər zaman gündəliyə gətirib:

“Bu sahədə fəaliyyətimizi bundan sonra da davam etdirmək niyyətindəyik. Bunu təkcə XİN və Mədəniyyət Nazirliyindən gözləmək düzgün olmaz. İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram. Bu məsələdə səsimizi beynəlxalq səviyyədə dünyaya çatdıraq. UNESCO-da bunu dövlət qurumları olaraq təqdim etdiyimiz faktlar effekt versə də, vətəndaşlar, araşdırma mərkəzləri, sosial media vasitəsilə edilən müraciətlər daha güclü effekt verir. Bunu nəzərə almalıyıq. Bununla bağlı hansısa strateji yol xəritəsi barədə düşünməliyik”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyi telekanallarının, medianın iştirakı ilə-MÜZAKİRƏLƏR KEÇİRƏCƏK – YENİLƏNİB

Read Next

Mədəniyyət komitəsi də-İLK DƏFƏ TOPLAŞDI – “KİNEMATOQRAFİYA HAQQINDA” VƏ “MUĞAM SƏNƏTİ HAQQINDA” QANUN LAYİHƏLƏRİ YENİDƏN GÜNDƏMDƏ – MƏDƏNİYYƏT NAZİRİ ƏVƏZİ DƏ İCLASA QATILDI – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir