“İsmayıl Şıxlı ilə Bəxtiyar Vahabzadə mənə dedilər ki, bizə baxma…” – ELMİRA QAFAROVANIN MÜŞAVİRİ OLMUŞ TOFİQ BAĞIROV İLLƏR ÖNCƏ NƏ DEMİŞDİ?

Sonuncu-12-ci çağırış Ali Sovetin üzvləri arasında 17 mart 1991-ci il referendumunun Azərbaycanda keçirilməsinin əleyhinə imza atanlardan biri də həmin vaxt yüksək vəzifədə işləyən-Elmira Qafarovanın müşaviri işləyən tanınmış partiya və dövlət xadimi, Gəncə adının bərpa edilməsi üçün hələ 60-cı illərdən mübarizə aparan Tofiq Məsim oğlu Bağırov da var idi.

Kommunist olmasına, uzun illər partiya-sovet orqanlarında yüksək vəzifələr tutmasına-Gəncənin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) ən nüfuzlu şöbəsinin müdiri işləməsinə baxmayaraq, Azərbaycanın milli-azadlıq hərəkatına, milli istiqlaliyyət qazanmasına  dəstək  verənlərdən biri də  məhz mərhum  Tofiq Bağırovuydu.

Tofiq Bağırov rəhmətə getməzdən iki il öncə, səhhətində problemlər olmasına rəğmən (son illər hər iki gözü tutulmuşdu-həkimlərin kobud səhvi üzündən), “525-ci qəzet”ə müsahibəyə verməyə razı olmuşdu.

2001-ci ilin elə bu günlərində onunla evində görüşdüm, çox səmimi və mehribancasına qarşıladı.

Ağayana, aristokrat və əsl ağsaqqal idi, hərəkətlərindən, duruşundan, danışığından bəlli olurdu.

İki saata yaxın davam edən müsahibəmiz çox səmimi və maraqlı alınmışdı.

Söhbət 17 mart referendumu ilə bağlı məsələnin üstünə gələndə Tofiq Məsimoğlu bildirdi:

tofiq-1

bextiyar-vahabzade-03

ismayil sixli

elmira qafarova

20m

vaquffff

vahid-kamil

“Oğul, mən kommunist olmuşam, uzun illər illər partiya-sovet orqanlarında rəhbər vəzifələrdə işləmişəm. Amma hər zaman xalqımın azadlığını, müstəqilliyini arzulamışam. Bunun uğrunda mübarizə aparmışam. Gəncənin adının bərpa olunması üçün əlimdən gələni əsirgəməmişəm və 1989-cu ildə xalqımla, gəncəlilərimlə birgə bu arzuma çatmışam. Ona görə də 17 mart referendumunun lehinə səs verə bilməzdim.

Bildiyiniz kimi, həmin vaxt  yüksək vəzifə tuturdum, Ali Sovet sədrinin, Elmira xanımın müşaviriydim. Mənim üçün həm də bir qədər risqli və təhlükəli addım idi. Çünki hələ SSRİ mövcud idi. Hətta, uzun illərin dostları olan rəhmətlik İsmayıl Şıxlı ilə Bəxtiyar Vahabzadə (onda Bəxtiyar Vahabzadə hələ yaşayırdı) mənə məsləhət gördülər ki, sən böyük vəzifədə işləyirsən, bizə baxma, yaradıcı insanıq, illərimiz müstəqillik uğrunda mübarizədə keçib,  ancaq sənə təhlükə ola bilər, istəyirsən referendumun əleyhinə getmə…

Mən dərhal hər ikisinə də etiraz etdim, dedim ki, sağ olun,  bilirəm, mənə görə narahatsınız, amma tarixi şans yetişib, xalqım müstəqil ola bilər, əgər belə bir gündə əqidəmin əleyhinə getsəm, referendumun lehinə səs versəm, özüm özümü bağışlaya bilmərəm. Mən referendumun əleyhinə səs verəcəyəmm və verdim də. Bundan böyük qürur hissi keçirir və fəxr duyuram”.

Qeyd edək ki, Ali Sovetin kommunist üzvlərindən-həmin vaxtlar zavod direktorları işləyən Vahid Əhmədovla Əyyam Musayev, eyni zamanda, daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışan Vaqif Novruzovla Allahverdi Həsənov da referendumun əleyhinə səs vermişdilər.

Bu yerdə onu da V. Novruzov illər öncə, 2012-ci ilin əvvəllərində bir yazımla əlaqədar (o zaman həm də keçmiş Gün.Az saytında işləyirdim) mənə zəng etmiş və  məqsədinin də  “43-lər” məsələsinə aydınlıq gətirilməsi olduğunu bildirmişdi. O, telefon zəngində və sonradan mətbuata verdiyi geniş müsahibəsində (həmin vaxt müsahibə vermək istəməmişdi) refendumun əleyhinə səs verənlərin 43 nəfər (bəzən 45 nəfər də deyilir) deyil,  cəmi 36 sabiq millət vəkili olduğunu iddia etmişdi.

O, sonra demidi:

“1991-ci ilin martın 7-də SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi Ali Sovetdə səsə qoyulanda 360 deputatdan cəmi 36 nəfəri SSRİ-nin saxlanılması üçün referendum keçirilməsinin əleyhinə və faktiki olaraq, Azərbaycanın müstəqilliyinə səs verdilər. 7 nəfər isə bitərəf qalmışdı. Mən həmin bitərəf qalanların hərəkətinin vətənə xəyanətə bərabər olduğunu hesab etmişdim və edirəm. Çünki necə yəni, sən ölkənin müstəqil olması məsələsində bitərəf olasan? Buna başqa ad vermək olmur. İndiyə qədər yanlış olaraq ictimaiyyətə bir sıra adamlar məlum referendumun əleyhinə 43 deputatın səs verdiyini məlumat veriblər. Əslində isə 43 yox, 36 nəfər olub. O zaman mənim yadımdadır həmin səsvermədən sonra deputatların siyahısı “Yeni Müsavat” qəzetində dərc olundu.

Siyahıda adları və soyadları ilə göstərilirdi ki, 36 nəfər SSRİ-nin saxlanması üçün referendumun keçirilməsinin əleyhinə səs verib. 7 nəfər isə bitərəf qalıb. 250-dən yuxarı deputat isə SSRİ-nin saxlanmasının tərəfdarı olaraq səs vermişdilər. Bu, əslində müstəqilliyin əleyhinə səs vermək idi. Mən xahiş edirəm, “Yeni Müsavat”ın arxivindən həmin siyahının dərc olunduğu nömrəni tapasınız. Çünki bu zaman təsdiqlənəcək ki, istiqlalçı deputatların sayı 43 yox, 36-dır. Mənim bu məsələsinin üstündə bu cür ciddi dayanmağımın səbəbi odur ki, məsələ tarixi məsələdir.

Ola bilsin indi bu məsələyə o qədər də qiymət verilmir. Ancaq gələcəyi düşünmək lazımdır. Gələcəkdə istiqlalçı deputatların kimliyi tarix kitablarında əksini tapacaq, onlara layiqli qiymətlərini verəcəklər. Ona görə də mən istəmirəm ki, əslində istiqlalçı deputat olmayan kimlərinsə adları o siyahıda yer alsın. Hərəyə həlledici, tarixi anlarda tutduğu mövqeyinə, hərəkətinə görə qiymət verilməlidir. ABŞ-da Amerikanın suverenliyinə səs verən adamları onlar millətin atası hesab edirlər. Gürcüstanda da belədir.

Bir sıra ölkələrdə isə ölkənin müstəqilliyinə səs verən adamlara hətta milli qəhrəman adı verilib. Mən inanıram ki, gələcəkdə Azərbaycanda da istiqlalçı deputatlara münasibət bu cür olacaq. Ancaq indi bu 36 nəfərlik siyahıya 7 nəfər əlavə edib, 43-ə qaldırmaqla bu tarixi məsələni ucuzlaşdırmaq istəyirlər. 1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə çıxmaq böyük risk idi. Biz 36 nəfər həyatımızı riskə qoyub bu addımı atmışdıq…”.

Bununla yanaşı, V. Novruzovun dedikləri-36 nəfər məsələsi sabiq deputatlar tərəfindən təsdiqlənməmişdi.

Həmçinin, illərdir mətbuatdan uzaq durmağa üstünlük verən İstiqlalçı millət vəkili, polkovnik Allahverdi Həsənov təxminən 17 il öncə “525”-ə (şəxsən mənə) verdiyi müsahibəsində 17 mart referendumunun əleyhinə səs verməsindən məmnunluq duyduğunu bildirmiş, bundan fəxr hissi keçirdiyini bildirmişdi.

Xatladaq ki,  adıçəkilən İstiqlalçı deputatlardan Tofiq Bağırovla Əyyam Musayev artıq haqqın dərgahına qovuşublar.

Vahid Əhmədov hazırda millət vəkilidir. Vaqif Novruzovla Allahverdi Həsənov isə təqaüddədirlər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

 

 

Read Previous

12 səfir geri çağırıldı – YENİ TƏYİNATLAR GÖZLƏNİLİR

Read Next

“Beşiktaş”dan ilk transfer…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir