İsmayıllı Şəhidləri: Sabah Cənnətdəki ikinci doğum günü olacaq Cəmil Məmmədli-ŞƏHİD FƏRİD ƏLİYEVİN DƏFNDİNDƏ İŞTİRAK EDƏN VƏ BİR MÜDDƏT SONRA ÖZÜ ŞƏHİDLİK MƏQAMINA UCALAN EMİN AĞAZADƏ…-KAMİL HƏMZƏOĞLU YAZDI

Cəmi 2 ay yarımdan sonra insanları və təbiəti ilə birgə mənə çox əziz, çox doğma olan İsmayıllı rayonundayam…

Yenidən Şəhid ailələrini ziyarətə, Şəhid mövludunda iştirak etməyə gəlmişəm…

Çünki boynumun borcudur, borcdan da daha ötəsidir…

Şəhidlərə, Qazilərə, onların valideynlərinə, ailələrinə borcum, borcumuz heç zaman bitməyəcək, tükənməyəcək…

Ömür boyu onlara borcluyam, borcluyuq və borclu qalacağıq…

Məni İsmayıllda Kürdmaşılı İkinci Vətən Müharibəsi Şəhidimizin-Fərid Əliyevin atası Hamlet müəllim qarşıladı…

Və onunla Kürdmaşıya getməzdən öncə yolumuzu İsmayıllı rayon Şəhidlər Xiyabanından saldıq…

Xiyabanın qarşısında isə evin-ailənin tək, subay, ali təhsilli oğlu, sabah Cənnətdəki ikinci doğum günü olacaq Cəmil Məmmədlinin valideynləri-Aygün xanım və Habil bəylə qarşılaşdıq…

Onlarla görüşdük, salmamlaşdıq, bir daha onlara Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!”-dedik…

Sonra Cəmil Məmmədlinin anası ilə birlikdə Şəhidlər Xiyabanını, Şəhidlərimizi, o cümlədən Cəmil balamızın məzarını ziyarət və ruhuna dualar etdik…

Məzarı, Şəhidlərimizin məzarları önündə ehtiramla baş əydik…

Qeyd edim ki, sabah, 28 iyul tarixində Cənnətdəki ikinci ad günü ilə bağlı Cəmil Məmmədlinin öncə məzarı ziyarət olunacaq, sonra İsmayıllı şəhərində adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi keçiriləcək…

Daha sonra isə İsmayıllıdan və Bakının Səbail rayonundan olan Şəhid ailələri və Şəhid analarının iştirakıyla Cəmil Məmmmədlinin Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim evində məclis düzənlənəcək…

***

Şəhidlər Xiyabanını ziyarətdən sonra Kürdmaşıya yol aldıq və yolumuzu mənim xahişimlə birbaşa kənd qəbiristanlığından saldıq…

Elə bu yerdə qeyd edim ki, bu, mənim Kürdmaşıya ikinci gəlişim və ziyarətimdir…

Bu ilin may ayında da Kürdmaşıda, Şəhidimiz Fəridgildə olmuş, ailəsini, məzarını ziyarət etmişdim…

Kənd qəbiristanlığında öncə evin-ailənin tək oğlu, cəmi 19 yaşında Şəhid olmuş Fərid Əliyevin, Fərid balamızın məzarını ziyarət etdik atası ilə birlikdə…

Ruhuna dualar edərək, məzarı önündə dərin ehtiramla baş əydik…

Fəridin məzarını ziyarətdən sonra Kürdmaşının ikinci İkinci Vətən Müharibəsi Şəhidi, iki övlad atası Emin Ağazadənin qəbrini ziyarət etdik…

Onun da ruhu, məzarı qarşısında baş əydik, ruhuna dualar etdik…

Onu da qeyd edim ki, Emin Ağazadə Fərid Əliyevin dəfn mərasimində iştirak edib…

…Üstündən bir xeyli keçəndən sonra isə özü Vətən torpaqları uğrunda canından keçib, Şəhid olub…

Allah cəmi Şəhidlərimizin, içində də Cəmilin, Fəridin və Eminin məqamlarını Uca, dərgahlarını mübarək etsin!

Nur içində uyusunlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yolların yenidən qurulmasına 7,5 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir