“İstəyirəm ki, 18 saylı orta məktəbə övladımın adı verilsin…Tək arzum, tək istəyim budur…”-MİNGƏÇEVİRLİ ŞƏHİD MƏHƏMMƏD MƏMMƏDLİNİN ANASI MEHRİBAN MƏMMƏDOVA DÖVLƏT RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin anası Mehriban İsmayıl qızı Məmmədova ölkə Prezidenti İlham Əliyevə, Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Təhsil naziri Emin Əmrullayevə və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Çox hörmətli, çox dəyərli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mehriban İsmayıl qızı Məmmədova Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin anasıyam. Məhəmməd mənim iki övladımdan biri, tək oğlum idi. Oğlum İkinci Vətən Müharibəsi zamanı özü könüllü şəkildə Vətənin müdafiəsinə yollandı və oktyabr ayının 2-də Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid oldu. Adını tarixə Şuqovuşan fatehlərindən biri kimi yazdırdı. Nəşini də uzun müddət sonra, dekabr ayının 1-də tapdıq və dəfn etdik. Oğlumdan bir neçə il öncə isə həyat yoldaşımı itirmişdim. Övladlarıma həm ana, həm ata olmuşdum. Övladımın, tək oğlumun Şəhidliyi ilə də dərdimin üstünə çox ağır bir dərd gəldi. Allah heç bir ananın başına gətirməsin, heç bir anaya, valideynə övlad acısı yaşatmasın.

Oğlumla, Şəhidimlə də Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Məhəmməd kimi İgid, Qəhrəman bir oğulun anasıyam. Oğlum da, Məhəmmədim də daxil olmaqla, cəmi Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm”.

Müraciətdə sonra deyilir:

“Cənab İlham Heydər oğlu!

Müraciət etməklə, bir dərdli, bir acılı, həm də Qürurlu, Məğrur bir Şəhid anası kimi Sizdən bir məsələdə yardımçı olmağınızı rica edirəm. Belə ki, oğlum, Şəhidim bir müddət Rusiyada yaşadığımız üçün 2001-ci ildə Volqoqrad şəhəri Srednyaya Axtuba qəsəbisi M. V. Lomonosov adına 2 saylı məktəbə getmiş və 2005-ci ilə qədər orada oxumuşdur. Sonra Mingəçevirə köçdüyümüz üçün təhsilini Mingəçevir şəhər 18 saylı tam orta məktəbdə davam etdirmiş və 2012-ci həmin məktəbi bitirmişdir.

Ona görə Sizdən çox xahiş və rica edirəm ki, həmin məktəbin məzunu və tək məzun Şəhidi olduğu üçün 18 saylı orta məktəbə övladımın, Məhəmmədimin adının verilməsi ilə bağlı səlahiyyətlərinizdən istifadə edib, müvafiq, aidiyyatı qurumlara tapşırıq və göstərişlər verəsiniz, bu məsələnin müsbət həll edilməsinə köməklik göstərəsiniz. Mənim bundan başqa heç bir arzum, istəyim yoxdur, mənə başqa heç nə lazım deyil. Sadəcə, övladımın adının, xatirəsinin yaşadılmasını və əbədiləşdirilməsini istəyirəm. İstəyirəm ki, 18 saylı məktəb Məhəmmədin ismi ilə adlandırılsın. Bu, həm də Onun halal Haqqıdır.

Əgər belə olarsa, həm Şəhid balam məzarında rahatlıq tapar, ruhu sevinmiş, sevindirilmiş olar, həm də bir Şəhid anası kimi mənə mənəvi təsəlli, təskinlik verilmiş olar. İnanıram ki, belə də olacaq, müraciətim tərəfinizdən diqqətlə, həssaslıqla qarşılanacaq və öz müsbət həllini tapacaq.

Öncədən Sizə öz minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm. Yubiley doğum gününüz də mübarək olsun! Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun. Amin!”.

Etikxeber.az

Read Previous

“Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən…”-ZAHİD ORUC

Read Next

Ərdoğan-ƏLİYEVİ TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir