“İstəyirəm ki, qızım məhz qardaşının-Şəhidimin, İlkinimin musiqi təhsili aldığı məktəbdə öz ixtisasına uyğun işlə təmin olunsun… Başqa bir arzum, istəyim yoxdur…”-ŞƏHİD İLKİN AĞAKİŞİYEVİN ATASI ELXAN AĞAKİŞİYEV MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Elxan oğlu Ağakişiyevin atası Elxan Ağakişiyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Çox hörmətli və çox dəyərli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elxan Ağakişiyev Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ali təhsilli, ailənin tək və subay oğlu İlkin Ağakişiyevin atasıyam. Tək oğlum İlkin Ağakişiyev İkinci Vətən Müharibəsi zamanı gözlərini qırpmadan, tərəddüd etmədən Qarabağın azad olunması uğrunda canını fəda etdi, Şəhidlik məqamına ucaldı. Nəşi uzun müddətdən sonra tapıldı və 2020-ci ilin noyabr 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Vətən üçün doğuldu, Vətən yolunda da qurban getdi!

Övladımla, İlkinimlə, Şəhidimlə də Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur hissi keçirirəm ki, belə bir İgid, Qəhrəman, Vətən sevdalısı oğulun atasıyam! İlkinim də daxil olmaqla, cəmi Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm! Bəli, iki övladımdan birini itirdim. Hazırda cəmi bir övladım, gözümün ağı-qarası, tək ümidim Aytac adlı qızım qalıb. Özüm də illərdir yataq xəstəsiyəm, səhhətimlə əlaqədar hətta oğlumun yaxınlıqdakı məzarını belə ziyarət edə bilmirəm. Bir ata, bir valideyn üçün bu, çox ağırdır, çox əzablıdır. Hansı hisslər keçirdiyimi belə ifadə etməyə çətinlik çəkirəm.

Həyat yoldaşım da işsiz, evdar qadındır. Tək qızım, tək övladım Aytac Ağakişiyeva da 5 il öncə Ağdam Musiqi Kollecinin fortepiano ixtisasını müvəffəqiyyətlə başa vurub. Amma çox təəssüflər olsun ki, ötən 5 il ərzində müvafiq qızım işlə təmin olmayıb. Dəfələrlə müraciət edilsə də, müsbət cavab verilməyib”.

Müraciətdə sonra qeyd olunur:

“Əzizimiz, dəyərlimiz Mehriban xanım!

Ona görə həm səhhətində ciddi problemləri olan bir şəxs, həm də tək övladını Vətən yolunda qurban vermiş bir Şəhid atası kimi Sizdən, nəinki Azərbaycanımızın, dünyanın mərhəmət və şəfqət simvolu olan bir ANAdan çox xahiş və rica edirəm ki, tək övladımın, tək qızımın öz ixtisasına uyğun işlə təmin olunmasına, vaxtilə qardaşının musiqi təhsil aldığı Üzeyir Hacıbəyov adına Mingəçevir şəhər Musiqi Məktəbində işlə təmin edilməsinə səlahiyyətləriniz çərçivəsində köməklik göstərə, dəstək olasınız.

Bu məsələ ilə bağlı aidiyyatı, müvafiq icra hakimiyyətinə, Mədəniyyət Nazirliyinə tapşırıq və göstərişlərinizi verəsiniz. İstəyirəm ki, qızım məhz qardaşının-Şəhidimin, İlkinimin musiqi təhsili aldığı məktəbdə öz ixtisasına uyğun işlə təmin olunsun. Başqa bir arzum, istəyim yoxdur. Tək istəyim, tək ricam budur. Odur ki, çox rica edirəm-qızımın işlə təmin olunmasına köməklik göstərəsiniz.

Öncədən də minnətdarlığımı bildirirəm! Allah Sizi, ailənizi, Müzəffər Ali Baş Komandanımızı, Xalqımızı, Dövlətimizi, Ordumuzu qorusun!”

Etikxeber.az

Read Previous

“Altılar” platformasının qurulması ilə bağlı danışıqlar davam edir”-ƏRDOĞAN

Read Next

“Dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib…”-XANLAR VƏLİYEV “TƏRTƏR İŞİ”NDƏN DANIŞDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir