“İstəyirik ki, Cülyan kənd orta məktəbinə Teymurun adı verilsin…Bu, Şəhidimizin haqqıdır…”-ŞƏHİD TEYMUR OSMANLININ ATASI SADAY OSMANLI… – FOTOLAR

İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidləri-CƏMİL, VÜSAL, AQİL, NİCAT, FAMİL, NOVRUZ…ÜÇ QOHUM-ÜÇ ŞƏHİD…

(İkinci-sonucu hissə)

İkinci Vətən Müharibəsində-qeyd etdiyimiz kimi-Qəhrəmanlıq Dastanı yazan, Vətən uğrunda canını fəda edən Oğullardan biri də İsmayıllının Cülyan kəndindən olan Şəhid Osmanlı Teymur Saday oğludur…

Qeyd edək ki, Teymur 31 may 1995-ci ildə anadan olub, təhsilini 2001-2012- ci illərdə İsmayıllı şəhər İ. Həsənov adına 1 saylı tam orta məktəbdə alıb…

Orta məktəbi bitirdikdən sonra-2012-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə (Fransız dili ) daxil olub və 2016-cı ildə universiteti bitirib…

Universitet illərində də tədbirlərdə fəal iştirak edib, aktivliyi ilə seçilib, fərqlənib…

Universiteti bitirdikdən sonra, elə həmin ili Tərtər rayonunun N saylı hərbi hissəsində qulluq edib və hərbi xidmətini başa vurduqdan bir müddət sonra Qəbələ regional “ ASAN XİDMƏT ” mərkəzində könüllü kimi fəaliyyət göstərib…

Daha sonra Bakı şəhər 50 saylı notariat ofisində baş mütəxəssis vəzifəsində çalışıb…

Təhsilə bağlılığı, oxumaq həvəsi Teymuru ikinci təhsil almağa sövq edib…

Belə ki, o, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 3-cü kurs tələbəsi idi…

Onun təhsili qiyabi olduğu üçün həm işləyib, həm də təhsil alıb…

Lakin digər Vətən sevdalıları kimi, Teymur da 2020-ci ildə-İkinci Vətən Müharibəsinin başladığı vaxtda, Vətənin dar günündə laqeyd qala bilməyib, könüllü yenidən hərbi xidmətə yollanıb…

İlk gündən də döyüşlərə atılıb, döyüşüb, vuruşub…

oktyabrın 3-də Talış-Ağdərə yaşayış məntəqələrinin düşməndən azad olunması istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Hər zaman Şəhidliyə yürüyən Teymur Vətən torpaqları uğrunda da, cəmi 25 yaşında, Şəhid olub, Ölümsüzlüyə qovuşub…

***

Bu gün, bir neçə saat öncə isə Teymurun məzarını və ailəsini ziyarət etməyə getmişdik…

Öncə Şəhidimizin məzarını ziyarət etdik, ruhuna dualar oxuduq…

Sonra ailəsinə baş çəkdik, bir daha kədərlərinə şərik olduğumuzu bildirdik, bir daha başsağlığı diləklərimizi çatdırdıq…

Ailə üzvləri-atası, əmisi, qardaşı ilə söhbətləşdik, dərdləşdik…

Atası Saday Osmanlının dediyinə görə, Teymurun ailəsi ilə son danışığı da oktyabrın 2-də olub, ondan sonra Teymurdan xəbər almaq mümkün olmayıb…

“Həmin gün iki dəfə danışdıq…Sözü də bu oldu ki, hər şey yaxşıdır, irəliləyirik…Sonra ondan xəbər ala bilmədik…”-deyə,Şəhidimizin atası bildirir…

Atasının daha sonra bildirdiyinə görə, Teymurun Şəhidliyi yalnız 13 gündən sonra, oktyabrın 16-da təsdiqlənib və nəşi bir gün sonra-oktyabrın 17-də böyüyüb boya-başa çatdığı Cülyan kənd qəbiristanlığında dəfn olunub…

Ürəyi, qəlbi daim Vətən eşqi ilə döyünən Teymur hər zaman torpaqlarımızı mənfur düşməndən alacağını, “Tarix məndən çox danışacaq, çünkü tarixi yazmağa gəldim”-deyirmiş və bu sözləri hələ 2015-ci ildə qeyd dəftərində də yazıbmış…

Bəli, məhz Teymur kimi, İgid, Qəhrəman Vətən sevdalılarının şücaəti sayəsində Azərbaycan torpaqları, Qarabağ işğaldan azad edildi, 32 illik qanlı münaqişəyə cəmi 44 gün ərzində son qoyuldu…

Bəli, Teymur və onun kimi, İgid, Qəhrəman oğullar öz qanları, öz canları ilə Tarix yazdılar…

Bəli, bugünümüzə, Qələbəmizə, Zəfərimizə görə, onlara-Teymura və Teymurlara borclu və minnətdarıq…

Onlara olan minnətdarlığımız və borcumuz isə bir ömür boyu ödənməz…

Hər zaman Haqları boynumuzdadır!

Onu da qeyd edək ki, ölümündən sonra Teymur “Vətən uğrunda” medalı ilə təltif edilib…

Haqqıdır, Haqqını da canı, qanı bahasına qazanıb və bundan daha artığını Haqq edir…

Ailəsi Cülyan kənd orta məktəbinə də Teymurun adının verilməsini istəyir…

Hətta bununla bağlı İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət olunub, bununla belə, Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə də müraciət etmək fikrindədirlər…

“İkinci Vətən Müharibəsində Cülyandan cəmi bir nəfər Şəhid olub ki, o da oğlum Teymurdur…Çox istəyirik ki, kənd məktəbinə də onun adı verilsin…Bu, Şəhidimizin haqqıdır…Bu, bir Şəhid ailəsi kimi bizə həm mənəvi dəstək, həm təsəlli olardı”-deyə, Şəhidimizin atası sonra bildirir…

Eyni zamanda, Şəhid ailəsi kənd yollarının, o cümlədən, Şəhidimizin yaşadığı küçənin asfaltlaşdırılmasını istəyir…

Çünki kənd yolları bərbad vəziyyətdədir, xüsusilə də, yaz, yay aylarında tozanaqdan durmaq olmur…

Ona görə artıq bu məsələyə də əncam çəkilməsini istəyirlər…

Və tam haqlıdırlar…

Hər halda artıq söz, qərar aidiyyatı, səlahiyyətli orqanlarındır…

İnanmaq və ümid istərdik ki, Şəhidimizin ailəsinin istəkləri elə istək olaraq qalmayacaq, hər biri qısa zamanda öz müsbət həllini tapacaq…

Həm Cülyan kənd orta məktəbinə Şəhidimizin adı veriləcək, həm də kəndin yolları təmir ediləcək, asfaltlaşdırılacaq…

Həm Şəhidimizin ruhu sevindirilmiş olacaq, həm acılı, kədərli ailəsi az da olsa, təsəlli tapmış olacaq…

Bir qədər də söhbətləşdikdən sonra Teymurgildən ayrılırıq…

Allah Şəhidimizə rəhmət etsin, ailəsinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

27.04.2021, İsmayıllı, Cülyan

Etikxeber.az

Read Previous

Daha 1307 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

“Görünür ki, Bayden ermənilər qarşısında “öhdəliyini” yerinə yetirir…Amma heç nə alınmır və alınmayacaq…”-ELDAR İBRAHİMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir