“İstəyirik ki, şəhərimizin çoxsaylı avtobus dayanacaqlarında, park və meydanlarında Şəhidlərimizin fotoları, plakatları asılsın, yerləşdirilsin”-MİNGƏÇEVİRLİ ŞƏHİD AİLƏLƏRİNDƏN İCRA BAŞÇISINA MÜRACİƏT

Mingəçevirdə yaşayan bir qrup İkinci Vətən Müharibəsi Şəhidi ailəsi, Mingəçevirli Şəhid anaları tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova müraciət ünvanlanıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Yazıb Sizə bildirmək istəyirik ki, biz Şəhid ailələri, Şəhid anaları övladlarımızın, İkinci Vətən Müharibəsi Şəhidlərinin adlarının, xatirələrinin əbədiləşdirilməsini istəyirik. Çünki bu, həm Şəhidlərimizin, canlarını çəkinmədən, tərəddüd etmədən Vətən yolunda fəda edən Oğulların, Vətən sevdalılarının Haqqıdır, həm də onları minbir əzab-əziyyətlərlə böyüdən, Vətən üçün yetişdirən Qəhrəman Şəhid ailələrinin, Şəhid valideynlərinin, Şəhid analarının. İstəyirik ki, Şəhidlərimiz undulmasın, yaddan çıxarılmasın, hər an xatırlansınlar, yad edilsinlər. Çünki unutsaq, unudularıq, unutsaq, nə onların ruhu, nə də uğrunda canlarından keçdikləri bu Torpaq, bu Vətən bizləri bağışlayar”.

“Ona görə istəyirik ki, şəhərimizin çoxsaylı avtobus (marşrut) dayanacaqlarında, park və meydanlarında Şəhidlərimizin fotoları, plakatları asılsın, yerləşdirilsin. Xatırlatmaq yerinə düşər ki, bugünlərdə Şəhid ailələrinin Gəncə şəhərindəki Şəhid ailələrini ziyarəti zamanı çox ürəkacan bir mənzərə ilə rastlaşdıq. Haraya getdiksə, hər yerdə Gəncə Şəhidlərinin fotolarına, plakatlarına rast gəldik, xüsusilə də, insanların gur, toplu halında toplaşdıqları avtobus dayanacaqlarında.

Bunun özü də Şəhidlərimizə verilən bir dəyərdir. Bu baxımdan çox istərdik ki, Gəncəmizdə olduğu kimi, Mingəçevirimizdə, dogma şəhərimizdə də Şəhidlərimizin fotoları, plakatları dayanacaqlarda, park və meydanlarda, şəhərin ən gur və ən baxımlı məkanlarında asılsın, yerləşdirilsin. Bu, həm Şəhidlərimizin ruhlarını sevindirmiş olar, həm də biz Şəhid ailələrinə təsəlli, təskinlik olar. İnanırıq və əminik ki, müraciətimiz tərəfinizdən diqqətə alınacaq və öz müsbət həllini tapacaq”-deyə, müraciətdə sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz- MAXE ƏKBƏR MƏSİMOVUN NƏŞİ TAPILDI VƏ TORPAĞA TAPŞIRILDI – YENİLƏNİB

Read Next

“Bizim rayonlarda çoxlu sayda şirə zavodları olub, indi onların bir çoxu işləmir…”-MM-İN KOMİTƏ SƏDRİNDƏN MARAQLI TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir