“İstərdim ki, oğlumun hərb-döyüş yolu nəzərə alınsın, “Qarabağ” və ya “Zəfər ordenlərindən biri ilə təltif olunsun…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİDİ VÜSAL NAĞIYEVİN ATASI ƏMİRASTAN NAĞIYEV ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Goranboyun Buzluq (Baş Qışlaq) kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Nağıyevin atası, Birinci Qarabağ Savaşının iştirakçısı Əmirastan Nağıyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

Yazıb Sizə bildirmək istəyirəm ki, oğlum, peşəkar hərbçi-Gizir Vüsal Nağıyev İkinci Vətən Müharibəsinin Qəhrəmanlıq Dastanı yazan İgidlərindən, Şəhidlərindəndir. 1990-ci il təvəllüdlü oğlum orta məktəbi bitirdikdən sonra həyatını hərblə bağlayıb. 30 il yarımlıq ömrünün 13 ilini hərbi xidmət daxil Orduda keçirib, ta ki, Şəhadətinəcən. Son 4 ildə hərbi rabitəçi işləyib, İkinci Vətən Müharibəsi başlayan kimi, ərizə yazıb kəşfiyyata keçib və İkinci Qarabağ Savaşının ilk günündən, ilk saniyəsindən də cəbhədə, döyüşlərdə, ən çətin bölgələrdə olub. Ağdərənin Talış, Suqovuşan kəndlərinin azad olunması uğrunda vuruşub, qəhrəmanlıqlar, igidliklər göstərib, ad-san qazanıb, Talış, Suqovşan fatehlərindən olub. Sonra Kəlbəcər-Murov istiqamətində olub, vuruşub, döyüşüb və oktyabrın 30-u axşam, ağır döyüşlərin birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Övlad, oğul itkisi, acısı (xatırladım ki, 2013-cü ildə də kiçik oğlum Arzuman faciəli şəkildə dünyasını dəyişib) nə qədər ağır və əzablı olsa da, Vüsalımın Şəhidliyi ilə fəxr edir, Qürur duyuram. Fəxr edir, qürur duyuram ki, Vüsal kimi bir İgid, Qəhrəman oğulun atasıyam. Fəxr edir, Qürur hissi keçirirəm ki, Sizin Ali Baş Komandanlığınızla, Sizin rəhbərliyinizlə əldə edilən, qazanılan tarixi Zəfər və Qələbəmizdə İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi 11 gün qalmış Şəhid olmuş Vüsalımın da rolu, payı, əməyi, zəhməti, xidməti var. Bunlar bir Şəhid atası, Birinci Qarabağ Savaşının iştirakçısı kimi məni çox Qürurlandırır və Fərəhləndirir. Şəhidlər ölmür, Şəhidlər ölməz, Vətən bölünməz! Vüsalım da daxil olmaqla, hər bir Şəhidimizin ruhu qarşısında baş əyirəm, Vətən sağ olsun, Vətən yaşasın deyirəm!

Müraciətdə sonra deyilir:

“Cənab, Ali Baş Komandan!

Müraciət etməklə Sizin nəzərinizə iki xahişimi çatdırmaq istəyirəm. Birinci xahişim, istəyim ondan ibarətdir ki, oğlumun keçdiyi şərəfli ömür, həyat, döyüş yolu nəzərə alınsın və Haqq etdiyi Haqqını alsın, Haqqına qovuşsun. Belə ki, oğlum cəmi bir medalla-“Vətən uğrunda” medalla təltif olunub. Buna görə də Sizə minnətdarlığımı bildirirəm. Ancaq eyni zamanda hesab edirəm ki, oğlum, Şəhidim daha bir neçə medala, o cümlədən, “Qarabağ” və ya “Zəfər” ordenlərindən birinə, yaxud da, Vətən Müharibəsi Qəhrəmanı adına layiqdir, keçdiyi hərb və 33 günlük döyüş yolu, göstərdiyi igidlik və qəhrəmanlıqlar da buna əsas yaradır. İkinci Vətən Müharibəsinin od-alovundan keçmiş, canlarını xilas edə bilmiş, sağ-salamat qalmış hərbçi, döyüşçü yoldaşları da Vüsalın necə bir Qəhrəman, necə bir Qorxmaz, necə bir Cəsur Vətən sevdalısı olduğunu deyir və təsdiqləyirlər.

Ona görə bir Şəhid, həm də bir hərbçi atası kimi ( tək-yeganə oğlum Tural da hərbçidir, İkinci Vətən Müharibəsinin iştirakçısıdır, hazırda da Kəlbəcərdə, Ermənistanla düz sərhəddədir və çox təəssüflər olsun ki, Turalın da adı medallara təqdim olunmayıb) Sizdən xahiş və rica edirəm ki, oğlum Vüsal Nağıyevin “Qarabağ” və ya “Zəfər” ordeni ilə, yaxud da, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif olunması barədə Sərəncam verəsiniz. Bunu Sizdən acizanə şəkildə xahiş edirəm. İnanıram və əminəm ki, müraciətim tərəfinizdən nəzərə alınacaq və həm Şəhidimizin ruhu sevindiriləcək, həm də bir Şəhid atası, bir Şəhid valideyni kimi mənim üzüm güldürləcək. Az da olsa, təsəlli ala, təskinlik tapa biləcəyəm.

İkinci xahişim isə oğlumun adının, xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. Çox istərdim ki, Goranboydakı küçələrdən və məktəblərdən birinə Şəhidimin adı verilsin. Xahiş edərdim ki, bununla bağlı Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə və Goranboy rayon İcra Hakimiyyətinə tapşırıq və göstərişlərinizi verəsiniz. Yenə inanıram və əminəm ki, bu arzum, bu istəyim də nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də Sizə öz adımdan, ailəm, Şəhidimin iki övladı adından dərin minnətdarlığımı və təşəkkürlərimi ifadə edirəm. Allah Sizi-Müzəffər Ali Baş Komandanı, Qalib Sərkərdəni, Azərbaycanımızı, Vətənimizi, Dövlətimizi, Ordumuzu, Əsgərimizi qorusun. Milyon kərə Amin!”

Etikxeber.az

Read Previous

Evin tək oğlu…3 bacının tək qardaşı…Ailə qursa da, övlad üzünə, “ata” sözünə həsrət qalan-ŞUŞA – VƏTƏN SEVDALISI ƏZƏMİ HÜSEYNOVUN ANASI VƏ HƏYAT YOLDAŞININ CANI KİRAYƏDƏN QURTARACAQMI? – FOTOLAR

Read Next

4 medallı Qazimiz ailəsi ilə birlikdə kirayə qaldıqları evdən çölə atılır…QAZİMİZƏ, AİLƏSİNƏ KÖMƏK ƏLİ UZADILACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir