“İstəyirəm ki, oğlumun adı oxuduğu məktəbə verilsin, Şəhidim Vətən Müharibəsi Qəhrəmanı, yaxud “Qarabağ” və ya “Zəfər” ordenlərindən biri ilə təltif olunsun”-ŞƏHİD SÜBHAN ABDURƏHMANLININ ANASI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

İkinci Vətən Müharibəsinin Şəhidlərindən olan Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanova Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Azərbaycanın 44 günlük tarixi İkinci Vətən Müharibəsi, İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Sübhan Mahir oğlu Abdurəhmanlının anasıyam. Sübhan mənim üç övladımdan biri olub. Övladım Azərbaycan xalqı və dövləti üçün çox əziz və çox müqəddəs bir gündə, Müstəqillik haqqında Konstitusiya Aktının qəbulunun birinci ilində, 1992-ci ilin oktyabrın 18-də dünyaya gəlib. Sanki həmin gün-18 oktayabr Sübhanımın gələcək taleyini cızıb, onun Vətənpərvər, Vətən sevdalısı bir İgid kimi  yetişməsində önəmli rol oynayıb.Sübhan 1999-cu ildə Bakının Xətai rayonunun “NZS” qəsəbəsində yerləşən 165 saylı tam orta məktəbin birinci sinfinə gedib.

2010-cu ildə həmin məktəbi bitirərək, bir müddət sonra Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə gedib və Əsgərliyini, hərbi xidmətini uğurla baş vurub, ailəsinə, ailəmizə dönüb.  Qəlbi daim Vətən eşqi ilə döyünən oğlum sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb, peşəkar hərbçi olub, gizir rütbəsini Qürurla, Şəfərlə daşıyıb, heç zaman ona xələl gətirməyib.

Digər Vətən sevdalıları kimi, Sübhanım da İkinci Qarabağ Savaşının ilk saniyəsindən döyüşlərə, müharibəyə atılıb, ən qaynar bölgələrdə vuruşub, kəşfiyyatçı kimi qəhrəmanlıqlar göstərib, düşmənə qan udduran oğullardan olub. Müharibənin 6-cı günündə, oktyabrın 2-də isə Füzuli istiqamətində ağır döyüşlərdən birində öz dostunu-döyüş yoldaşını neytral ərazidən çıxararkən snayperlə vurulub, canından çox sevdiyi Vətəni, Qarabağı yolunda qəhrəmancasına həlak olub, Şəhidlik Məqamına ucalıb, Şəhidlik Zirvəsinə yüksəlib.

Nəşini isə 4 gün neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub və övladım, gözümün nuru olan Sübhanım oktyabrın 7-də İkinci Fəxri Xiyabanda – əfsanəvi Mübariz İbrahımovun cərgəsində torpağa tapşırılıb.Ölümündən sonra Qəhrəmanlığına, İgidliyinə görə,  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən 3 medalla- “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin alınmasına görə” medalları ilə təltif olunub.

Bir ana, bir valideyn üçün övlad itkisi, övlad dərdi nə qədər acı və çəkilməz olsa da, Sübhanımla Fəxr edir, Qürur duyur, İftixar hissi keçirirəm. Çünki Sübhan kimi bir İgidin, bir Qəhrəmanın, bir Cəngavərin, 10 ilin peşəkar hərbçisinin və qanı, canı ilə Şəhidliyə ucalmış bir Vətən sevdalısının Anasıyam. Bundan böyük Fəxr, Qürur və İftixar olmaz. Şəhidlik Allahın ən Uca mərtəbəsi, ən Ali məqamıdır. Mənim də balam 3 min İkinci Vətən Müharibəsi Şəhidi kimi ən Uca mərtəbədə, ən Ali məqamda, ən yüksək Zirvədir. Məqamı Ucalardan uca, Dərgahı mübarək olsun-Sübhanımın və bütün Şəhid övladlarımın!

Hamısı mənim övladlarım, mənim balalarımdır, tək Sübhanımın deyil, bütün Şəhidlərimizin anasıyam. Hər birinin də  müqəddəs ruhu qarşısında baş əyirəm, məkanları cənnətlik olsun deyirəm. Onlar Qalibiyyət, Qələbə və Zəfər Şəhidləridir. Şəhidlər ölməz, Vətən bölünməz!”

Müraciətdə sonra deyilir:

“Əzizimiz və dərərlimiz, Mehriban xanım!

Sizə bir Şəhid, bir Azərbaycan Anası kimi müraciət edərək, Sizin mərhəmət və şəfqət dolu qəlbinizin böyüklüyünə sığınaraq, 3 məsələ ilə dəstəyinizi və yardımınızı əsirgəməməyinizi xahiş və rica edirəm.  Əvvəla, bütün Şəhidlərimizin, o cümlədən, Sübhanımın adının, xatirəsinin yaşadılmasını, əbədiləşdirilməsini istəyirəm. İstəyirəm ki, yaşadığımız ərazinin küçələrindən biri, ən əsası oxuduğu və təhsil aldığı 165 saylı orta məktəbə oğlumun, Sübhanımın adı verilsin. Bir Qəhrəman, bir İgid və bir Şəhid olaraq, övladım bunu Haqq edir.

Oxuduğu məktəbə də bu günə kimi heç kimin adı verilməyib. Odur ki, öz səlahiyyətlərinizdən istifadə edərək, həmin məktəbə, yaşadığımız ərazidəki küçələrdən birinə Sübhan Abdurəhmanlının adının verilməsi ilə bağlı aidiyyatı qurumlara,  yerli İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə tapşırıqlar, göstərişlər verəsiniz və bu məsələnin müsbət həllinə nail olasınız. Bu, həm Şəhidimizin ruhunu sevindirmiş olar, həm də acılı və Qürurlu Şəhid anası kimi mənə, ailəmizə bir təsəlli olar.

İkinci xahişim övladıma Vətən Müharibəsi Qəhrəmanı və yaxud ən yüksək, ən ali ordenlərdən olan “Qarabağ” və ya “Zəfər” ordeninin verilməsi ilə bağlıdır.  Qalib, Müzəffər Ali Baş Komandanımız var olsun,  qeyd etdiyim kimi övladımı 3 medalla təltif edib və bir Şəhid anası, Şəhid ailəsi olaraq, şəxsinə minnətdarlığımızı bildirirəm. Amma eyni zamanda xahiş və rica edirəm ki, övladımın Vətən Müharibəsi Qəhrəmanı, yaxud da, “Qarabağ” və ya “Zəfər” ordenlərindən biri ilə təltif olunması məsələsində yenə öz səlahiyyətlərinizdən edib, köməkliyinizi və dəstəyinizi əsirgəməyəsiniz. Çünki övladım elə bir İgid, elə bir Qəhrəman, elə bir Vətən sevdalısı olub ki, bunları tam Haqq edir”.


“Üçüncü xahişim isə pensiya məsələsi ilə bağlıdır. Mənim hələlik pensiya yaşıma var. Özüm də heç bir yerdə işləmirəm. Həyat yoldaşım da 27 ilin polis işçisi kimi hazırda işləmir, təqaüddədir. Ailəmizin ən ağır yükünü, əsas ağırlığını oğlum, Sübhanım çəkirdi, bizi demək olar ki, o dolandırırdı. Yoldaşımın təqaüdü ilə və aldığımız müaviənətlə də dolanmaq çox çətindir. Həm də yoldaşımın səhhətində çox ciddi problemlər var  və bir neçə xəstəlikdən əziyyət çəkir.

Ona görə istəyirəm ki, oğlumun, Şəhidimin pensiyası mənim adıma hesablansın və mənə kəsilsin. Çox rica və xahiş edərdim ki, bu məsələnin də müsbət həllində dəstəyinizi və köməkliyinizi əsirgəməyəsiniz, müvafiq qurumlara göstəriş və tapşırıqlar verəsiniz. İnanıram və əminəm ki, belə də olacaq, nəniki Azərbaycanımızın, bütövlükdə dünyanın rəhm və mərhəmət, şəfqət simvolu kimi bu 3 məsələinin həllində, Şəhid anasının arzu və xahişlərinin reallaşdırılmasında öz yardımızı, köməkliyinizi əsirgəməyəcəksiniz. Hər üç məsələ tezliklə öz müsbət həllini tapacaq və reallaşacaq. Öncədən də Sizə dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi, Müzəffər Ali Baş Komandanımızı, Qalib Azərbaycanımızı, Rəşadətli Ordumuzu, İgid Əsgərimizi qorusun. Amin!“-deyə, Şəhid anasının müraciətində daha sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

Mingəçevir Şəhidləri: Əli, Emin, Sadiq…Bir ayın içində iki əzizini itirən Səba ana…İki körpəsi ilə başsız qalan Mehriban xanım…ÖGEY ÖVLADINI İKİ OĞLUNDAN ÇOX SEVƏN HƏNİFƏ ANA… – FOTOLAR

Read Next

Evin-ailənin yeganə övladı…Baş leytenant…İki medallı və bir ordenli-İGİDİMİZ – ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir