Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dəqiq yadımda deyil keçən il idi yoxsa ondan daha öncəki il – amma yaxşıca qar yağmışdı Bakıya. Qızıma dedim, düşək qartopu oynayaq, dedi planşetdəki oyunumun maraqlı bölümündəyəm, fikrim burdadı, həvəsim yoxdu qartopuya.
Bizim dövrdə qar yağmağın nə olduğunu indiki uşaqlara anlada bilmərik. Əsla. İstəsək belə, alınmaz. Qar başlayan kimi dənələrini eyvandan baxıb göydə sayırdıq e, a kişi. Və bu sayım üçün ən yaxşı görünən yer, ən uyğun seyrangah yol “projektor”larının işığı idi. Təbii, qaranlıqda. Bir valideynin isə səhər övladına verə biləcəyi ən gözəl xəbər bu ola bilərdi- “Yerə əməllicə qar oturub”.
Üstəlik, o vaxt sanki su keçirən ayaqqabılar dəbdə idi. Demək olar hamı üç-tirəli məftildə közərən sobada qurudurdu, qardan yaş olan (bəzənsə donan) ayaqları. Aha, məhz ayaqları. Ayaq corablı-zadlı yapışdırılırdı sobaya və…bir baxırdın corabın möhtəşəm qoxusu otaqla bərabərdir. Daha dəqiqi, bəzən ayaq o qədər donurdu ki, corab istini hiss edirdi, ayaq isə yox. Əlcəklər də o qəbildən. Dəri əlcək az adamda olurdu deyə onu taxanlara az qala zəngin kimi baxırdıq. Pambıq əlcəklər isə sanki qartopu oynamaq üçün deyil, qarı ələ yapışdırmaq üçün istehsal olunurdu + cinsə görə dəyişmirdi.
Bacı da işlədə bilərdi, ana da, qardaş da. Ayrıca, nə hikmət idisə şərfi gözdən aşağıya qədər bağlayırdılar ki, soyuq olmasın. Adam özünü Suvorovun əsgərlərindən biri sanırdı. Ayağın su içində olması yox, buruna şaxtanın dəyməsi narahat edirdi, valideynləri. Elə o halda da gedirdik məktəbə. Məktəb də elə nataraz yerdə idi ki, mütləq qarlı küləyin əksinə getməli idin. Tərslikdən. Çatan kimi də ilk düşündüyümüz bu olurdu: Kimə qar yedirdək?. Ay balam, niyə yedirtmək? Niyə məhz yedirtmək? Nə üslub, nə maniya idi bu?
Bizim vaxtımızda nadir atalar övladına deyib ki, düş qartopu oynayaq. Desələr gözümüz bərələrdi və ya bunu dəsələr də uzağı candərdi deyərdilər. Uşaq zəhlə tökəndən sonra təşəbbüsü öz adlarına çıxmaq üçün. Üstəlik, “qartopuya” düşmədən öncə amansız təlimatlarla üzbəüz qalırdın: Qaçma, yaxanı açma, əyin-başını su eləmə. Sanki qarın mahiyyəti kəpənəklərlə çəmənlikdə şəkil çəkdirmək imiş. Qar axı əhəngdən deyil, suda ibarət idi. Eyin-başı hansı vasitə ilə suda qoruyaydıq?
Məktəbdə sinifimiz ikinci mərtəbənin tam sonuncu otağı idi. Qar yağanda ilk olaraq bizim pəncərə altlığını tuturdu. O qarın fonunda ən maraqlı müəllim belə diqqətimizi cəlb edə bilməzdi. Ürək bayırda, qulaq müəllimdə. Sonra qulaq da qoşulurdu ürəyə. Əcəb uşaq romantikası idi.
O vaxt şagirdlər üçün ən sevimli günlər qar yağan günlər idi.
İndi də elədir, əslində. Sadəcə tək bir fərqlə: dərsə getməmək üçün bəhanə kontekstində….
P.S. Isti ayaqqabı, qalın əyinlə qarı sevmək olmurmuş, demək…
Elşən MUSAYEV,
Millət vəkili
Etikxeber.az