IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi – YENİLƏNİB – FOTOLAR

İslam memarlığının günbəz və minarələrinin səmada həkk olunan cizgiləri olduqca fərqlidir. Bu axşam biz səhnədə iki minarənin əhatəsində hündürlüyü 9 metr olan böyük göy günbəz görürük. Kiçik ölçülü digər günbəzlər və tağlar incə kəsim naxışlardan ibarətdir və İslam memarlığında tez-tez rast gəlinən bir-biri ilə bağlı həndəsi elementləri nümayiş etdirir.

Mərasimin “Ədəbiyyat” bölümündə səhnəyə üç böyük kitab fiquru çıxarılır. IX–XIII əsrlərdə biliyin yayılması və inkişafında mühüm rol oynamış düşüncə və fikir mərkəzi olan Bağdaddakı “Hikmətlər Evi” barədə məlumatlar silsilə kitablarda qeyd olunur.

Səhnədə nümayiş etdirilən həmin kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlamətinin ifadəsidir.

23:53

Çərpələngin üstündə oturaraq səmada uçan Minanın öyrənəcəyi hələ çox şey var. Növbəti ünvan kəşflər dünyasıdır.

İslamın Qızıl Dövründə insanlar səyahətə çıxmağı, bilik əldə etməyi sevərdilər. Dəniz səyyahları xəritələr tərtib etmiş, istiqaməti müəyyənləşdirən alətlər yaratmış və dünyanı daha yaxşı tanımaq, eləcə də güclü ticarət yolları qurmaq üçün vacib olan naviqasiya ustalarına çevrilmişdilər.

İslamın astronomiya elminə verdiyi ən böyük töhfələrindən biri armillyar sferanın təkmilləşdirilməsi oldu. Ondan vaxtı müəyyən etmək, Günəşin çıxmasını və batmasını əvvəlcədən bilmək, torpaqları tədqiq etmək və binaların hündürlüyünü hesablamaq üçün istifadə edilirdi.

23:51

İslam dünyasının səyyahları Asiya, Şimali Afrika, Avropa və Orta Şərqin geniş coğrafiyasını əhatə edən ticari yollar şəbəkəsi ilə yayılan mədəniyyət və bilik axını məskəni olmuş izdihamlı karvansaralarda görüşürdülər. Minanın növbəti səyahəti məhz buradan başlayır.

“Karvansara” adlı bu səhnədə 70-dən çox iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, habelə qartal və şahin fiqurları görürük.

Oyunlarda iştirak edən hər xalqın mədəni irsindən götürülmüş elementlər – personajlar, tematik əşyalar, rekvizitlər və geyimlər səhnəyə çıxarılır və ekranda göstərilir. Eyni zamanda, Azərbaycanın üç ənənəvi musiqi aləti – balaban, kamança və nağara nümayiş etdirilir. Üç yüzdən çox səhnə rekviziti zaman və məkan haqqında təsəvvür yaradır. Onların arasında xalçalar, parçalar, musiqi alətləri, miniatürlər, kitablar, çay, qəhvə, fənərlər, meyvələr, zinət əşyaları və s. var.

Mina ağ atın belində səhnəyə daxil olur. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarx yaradır. Sonra atlar paralel olaraq yan-yana keçirlər. Mina karvansaralarda tacir və səyyahlarla söhbət edir. O, Azərbaycan xalçalarının və musiqi alətlərinin qarşısında ayaq saxlayıb onlara baxır.

23:49

Minanın yeni macərası başlayır. Qızcığaz keçmiş zamana yollanır və dünyanı gəzib dolaşaraq, cəsur səyyahlarla görüşür, yaraşıqlı günbəzlərə baxır, dahi şairləri görür, planetimizdən kənar kainatı seyr edir və ilk mexaniki cihazlarla tanış olur. Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat, astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin əldə etdiyi möhtəşəm uğurları ilə yadda qalan İslamın Qızıl Dövrünün xəzinələri sırasındadır.

“Bilik” adlanan bölümdə 570 iştirakçı çıxış edir. Mərasimin bu hissəsinin canlandırılmasında 40-dan artıq heyvandan – at, dəvə və ulaqlardan istifadə olunur.

İslamın Qızıl Dövründən bəhs edən səhnələr zamanı Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi səsləndirilir.

23:45

Stadiondakı ekranda gündəlik həyatın bir hissəsi olan ənənələrə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film nümayiş olunur.

Filmdə suyun böyük paklıq qüvvəsindən bəhs edilir. İslamda su ibadətin vacib amilidir, cismi və ruhu paklığa aparan vasitədir. Biz hamımız fərqliyik, lakin adət-ənənələrimiz və biliklərimiz bizi bir-birimizə bağlayır, dərimizin rəngindən, inanclarımızdan asılı olmayaraq, su bizi birləşdirən universal vasitədir.

Açılış mərasimi üçün hazırlanmış filmin çəkilişləri Azərbaycan, Avstraliya və Filippində aparılıb.

“Paklıq” adlı bu süjet boyu Ceyn Antoniya Kornişin və Daniel Hesin ifasında “Written in the Stars” mahnısı səslənir.

23:40

Xəzər üzərində Ay görünür, əfsanəvi muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayılır.

Bu, azan səsidır. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollanır. Əllərində fənər tutan yüzlərlə mömin İslamın qüdrəti ilə buraya gəlir. Onların inanc odları kainatdakı ulduzlar kimi Minanın gözləri qarşısında parlayır və dövr edir.

Bu süjet “İnanc” adı daşıyır.

23:38

Minanın hekayəti “Özünəməxsusluq” adlı hissə ilə davam edir. Qızcığaz öz çərpələngində Bakıdan uzaqlara uçur. Qobustanın qayaüstü rəsmlərini, Atəşgah məbədini və Yanardağda alovlanan əbədi odu seyr edən Mina əfsanəvi Simurq quşunu görmək üçün əfsanələr dünyasına qədəm qoyur və Simurq cücəsinin yumurtadan çıxmasına kömək edir.

Simurq lələyinin birini Minaya verir ki, qızcığaz dara düşəndə bu lələyi yandırsın və bir göz qırpımında yeni sehrli dostları köməyinə yetişsin.

Əllərində od olan 20 səhnə iştirakçısı iki su hovuzunda buta fiquru formasında alov cərgəsi yaradır.

Niyazinin “Rast” simfonik muğamı bu səhnəyə əlavə rəng qatır.

 

23:34

Stadionda “Harmoniya” adlanan növbəti süjet nümayiş etdirilir. Mina adlı bakılı qızcığaz babası ilə səhnəyə çıxır. Filarmoniya bağından görüntülər ekrana gəlir. Babası çərpələngin quyruğuna dördüncü zolağı bərkidərək onu tamamlayır. O, gözəl parkı dolanaraq ətrafdakı insanlara təbəssüm və nur bəxş edir. Sevinc hissi yaşayan bu qız bütün dünyada sülhün və harmoniyanın bərqərar olması barədə düşünür.

Baba nəvəsinə deyir: gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə keçmişimizi qavramalıyıq. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edir.

Filarmoniya bağında 120 səhnə iştirakçısı, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 20 üzvü Minaya qoşulur.

Minanın babası rolunu Xalq Artisti Nurəddin Mehdixanlı canlandırır.

Eni 35 metr, uzunluğu 85 metr olan ekran 130 proyektor mütəxəssisi tərəfindən işıqlandırılır. Əsl reallığa yaxın animasiyalardan tutmuş maraqlı kinokadrlara qədər proyeksiyaların işıqlandırılması 12 aya başa gəlib.

Bu səhnələri Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları müşayiət edir.

23:30

Əlində mis səhəng tutan qadın səhnəyə daxil olur. Sonra su daşıyan 56 qadın da ona qoşulur. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil edirlər.

Qadınlar suyu siniyə tökürlər və nəticədə gözəl fəvvarə alınır. İslam aləmi bununla rəmzi olaraq birləşir.

Bu səhnə mərasimin proqramında “Birlik” adı ilə təqdim olunur.

23:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oyunları açıq elan edir.

Stadionu alqış səsləri bürüyür. Atəşfəşanlıq başlayır və gecə səmasında fişənglərin yazdığı “Bakı-2017” sözləri bərq vurur.

23:25

Mikrofon önünə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin keçir. O, möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini ifadə edir.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” ilə üst-üstə düşdüyünü vurğulayan Yusif Əl-Osaymin qeyd edir ki, Azərbaycan bununla multikulturalizmin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.

İslam Həmrəyliyi Oyunlarının dünyada ən böyük idman tədbirlərindən biri olduğunu diqqətə çatdıran baş katib deyir: “Bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir”.

23:20

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunur.

Oyunlara ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu deyən Mehriban Əliyeva dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını ingilis və Azərbaycan dillərində salamlayır. O, IV Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlıq edərək deyir: “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur”. Ölkəmizin multikultural tarixinin açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsi olduğunu vurğulayan Mehriban Əliyeva qeyd edir ki, Azərbaycan İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərləri ilə bölüşməkdən fərəh duyur. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq.

“Mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm”, – deyən Birinci vitse-prezident Mehriban Əliyeva çıxışını bu sözlərlə tamamlayır: “Gücümüz həmrəylikdədir! – Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək”.

23:12

Stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi başlayır. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətirirlər. Onların arasında Sidney, Barselona, Pekin, Afina Olimpiya Oyunlarının çempionları – Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftahətdinova və başqaları var.

Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını Azərbaycan bayrağının yanında qaldırırlar. Bayraqlar yan-yana dalğalanmağa başlayır.

İdmançılar və hakimlər adından Oyunların qərəzsiz, ədalətlə keçirilməsi üçün taekvandoçu, “Rio-2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, “Afina-2004” Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Fuad Aslanov and içirlər.

23:00

Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi – Azərbaycan komandası daxil olur. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparır. İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmançılarını hərarətlə salamlayırlar.

Bununla da, idmançıların paradı başa çatır.

22:55

Növbə Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən komandalarına çatır. Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə salamlayırlar. Türkiyə Oyunlara ən böyük nümayəndə heyəti – 337 idmançı ilə gəlib.

22:47

Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone idmançıları tribunalarının önündən keçirlər. Azərbaycanın yaxın dostu olan Pakistan IV İslam Həmrəyliyi Oyunlarına 125 idmançı ilə qatılıb. Səudiyyə Ərəbistanı da Oyunlarda ən böyük heyətlə iştirak edir. Bu ölkədən Bakıya 188 idmançı gəlib.

22:40

Stadiona İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş komandaları daxil olur.

22:34

Komandaların paradını Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran idmançıları davam etdirirlər.

 

22:27

Atletlərin paradı başlayır. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olur. İdmançıları əlində lövhə tutan kişi və mis qabda su daşıyan qadın müşayiət edir.

Tribunaların önündən ilk olaraq Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalarının komandaları keçir.

22:17

Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərilir.

Suları toplayan 16 uşaq – Həyat Allahverdiyeva (Bakı), Murad Əliyarov (Naxçıvan), Mirrahil Ağayev (Astara), Səma Əliyeva (Şirvan), Tahir Quliyev (Sabirabad), Fatimə Şirinova (Ağcabədi), Zemfira Zalova (Horadiz), Aysu Salahova (Gəncə), Murad Namazov (Şəmkir), İsfəndiyar Kərimov (Mingəçevir), Ayşən Hüseynova (Qax), Şəfiqə Bayramzadə (Qəbələ), Mətin Bədəlov (Qusar), Günel Qonağova (Quba), Mirəkrəm Bağırlı (Qaradağ rayonu) və Səlim İmranlı (Sumqayıt) səhnəyə çıxırlar.

Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaldırlar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başlayır.

Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatır.

Xatırladaq ki, 40 gün əvvəl Xəzərdən götürülmüş su Oyunların ruhunu hamıya yaxın etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəmzi olaraq ölkənin bütün guşələrinə göndərilmişdi. Bu müddətdə səyahətçilər 3000 kilometrdən artıq məsafə qət edib, 16 məkandakı 5 göldən, 1 su anbarından, 3 çaydan, 1 bulaqdan, 3 şəlalədən və Xəzər dənizinin ayrı-ayrı sahillərindən su götürərək Bakıya qayıdıblar. Həmin sular bu axşam Bakı Olimpiya Stadionunda qovuşur.

22:12

Stadionda Azərbaycanın Dövlət himni səslənir.

Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilir və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılır. Stadionu “Şanlı Vətən” nidaları bürüyür.

Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayır.

22:07

Stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səslənir. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxır. Onlar əllərində parıldayan altıbucaqlı tutublar. Azərbaycan Dövlət Rəqs Ansamblının 7 metrlik ipək zolaqları yellədən 10 rəqqası onlara qoşulur.

Səhnədə aypara və ulduzlar formalaşdırılır, “Bakı-2017”nin loqosu nümayiş etdirilir. Altıbucaqlar Azərbaycan bayrağına çevrilir.

Aypara İslam təqvimində hər yeni ayın başlanmasını bildirir. Bu, həm də İslam həmrəyliyinin və əməkdaşlığının tarixində yeni fəslin başlanmasına işarədir.

 

22:00

Nəhəng monitorda İçərişəhərdən havaya qalxan çərpələng görünür. Qızcığaz Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəlirlər. Ekranda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, nəhayət, Bakı Olimpiya Stadionu canlanır.

Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başlayırlar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verilir.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əhməd Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamlayırlar.

21:45

Tamaşaçılar artıq Bakı Olimpiya Stadionunun tribunalarında öz yerlərini tutublar. Bu gözəl və mükəmməl idman qurğusu təxminən iki il əvvəl, Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilib.

Bu gün stadion ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Nəhəng səhnənin quraşdırılması altı həftəyə başa gəlib. Açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib.

Hündürlüyü 28 metr olan iki minarə diqqəti ilk baxışda cəlb edir. Minarələrin üzərində İslam incəsənətinə xas həndəsi elementlərdən istifadə edilməklə, mərkəzdəki altıbucaqlını bir-biri ilə bağlayan dairələr əks olunub.

Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdirilir.

Mərasim 2200 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq. Səhnədə 40-dan çox at, dəvə və ulaq onlara qoşulacaq. Musiqi tərtibatı da olduqca orijinaldır. Belə ki, 100-dən çox dünya şöhrətli musiqiçi tərəfindən görkəmli Azərbaycan bəstəkarlarının, o cümlədən əfsanəvi Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin əsərlərindən fraqmentlər səsləndiriləcək. Tamaşaçılar, eyni zamanda, səhnədə muğam ustası Alim Qasımovu və virtuoz nağaraçı Natiq Şirinovu görə biləcəklər.

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bir müddət sonra Bakı Olimpiya Stadionunda Oyunların rəsmi açılış mərasiminə start veriləcək.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki,  IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. İndidən tam əminliklə demək olar ki, Bakıda keçiriləcək Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi olaraq tanınır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçiriləcək yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Türkiyə 337 idmançı ilə birinci yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyimizin 70-dək əməkdaşı cəlb olunub.

Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar – “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilir. Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti mayın 5-də Bakıda başa çatıb.

Prezident İlham Əliyev Oyunların əhəmiyyətini belə xarakterizə edir: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

Dörd əsas dəyər – “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyir: “Mən ev sahibliyi edən gözəl ölkənin xalqına və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar “Bakı-2017”nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılacaq”.

Azərbaycan Respublikasının gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun sözlərinə görə, bu axşam keçirilən mərasim unudulmaz birlik və həmrəylik bayramı olacaq. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 20 aydan artıq müddət ərzində təfərrüatlı planlaşdırma və hazırlığın zirvə nöqtəsidir və Bakının 16 müasir idman məkanı minlərlə atleti qarşılamağa tam hazırdır.

Mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvu açılış mərasiminin diqqəti dövlətlər və xalqları bir araya gətirən meyarlara yönəltməyə xidmət etdiyini bildirərək deyir: Bu axşam bəşəriyyətə söyləyəcəyimiz sülh hekayətinin Azərbaycanın mədəniyyətində və adət-ənənələrində dərin kökləri var. İslam sivilizasiyasının vaxtilə bəşəriyyətə verdiyi böyük töhfələr bu gün hər bir istiqamətdə hiss olunur. Bu, ümumi sabahımız üçün nikbinliklə dolu həmrəylik və ümid müjdəsidir. Dünyanın müxtəlif yerlərindən gələn minlərlə insan bu mərasimi reallaşdırmaq üçün uzun aylar çalışıblar. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya, gənclər və idman naziri Azad Rəhimova ən səmimi minnətdarlığımı ifadə edirəm. Onların etimadı və dəstəyi olmadan bu işlərin heç biri mümkün olmazdı. Nəhayət, Azərbaycan xalqına ən dərin minnətdarlığımı bildirirəm. Bu ölkə həqiqətən insan ruhunu ən yaxşı təcəssüm etdirən parlaq ulduzlar ölkəsidir.

Mərasimin proqramına bədii rəhbər Neytan M.Rayt aydınlıq gətirir: Mərasimimizin mərkəzində bakılı qızcığaz – Mina dayanır. Biz Mina və onun dostu çərpələngin köməyi ilə dünyanı kəşf etmək üçün səyahətə çıxırıq. O, yolboyu insanların özünəməxsusluğu və irsi, inancları və arzuları ilə tanış olur. Sonda onun gələcəyə ümidi bütövləşir və artır. Minanın hekayəti insanların qüdrətinin, birliyinin mücəssəməsidir. Onun arzusu sülh və harmoniyanın hökm sürdüyü daha yaxşı dünyadır. Artıq bir ildən çoxdur ki, mən Azərbaycan xalqının xeyirxahlığını və səmimiyyətini hiss edirəm, məni onun bu keyfiyyətləri ilhamlandırır.

Etikxeber.az

Read Previous

Azərbaycan “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadasında təmsil olunacaq – FOTO

Read Next

“Bu, sizin Oyunlarınızdır: Ölkəmiz sizin eviniz olacaq” – MEHRİBAN ƏLİYEVA- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir