İxtisaslı modelyer-texnoloqam – BAHAR MURADOVA

BAHAR MURADOVA: Bəzən qadınlar ona maneə yaradan məhdudiyyətlərin, buxovların hansısa bir sehrli əlin gücü ilə aradan qaldırılmasını istəyirlər. Özləri isə bunun üçün əvvəldən sona qədər mübariz və ardıcıl ola bilmirlər
Etikxeber.az “Azərbaycan” qəzetinə istinadən vitse-spiker Bahar Muradova ilə söhbət-müsahibəni təqdim edir:
1962-ci il martın 20-də Füzuli şəhərində anadan olmuşdur. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirmişdir. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Milli Məclisin Fəxri medalına layiq görülmüşdür. “Xan qızı Natəvan”, “Vətən” və digər mükafatların laureatıdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. Azərbaycanda və xaricdə çap olunmuş elmi məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir.
1981-ci ildən Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi, 1989-cu ildən Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-ci ildən “Qayğı” Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləmişdir. 1993-cü ildən Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışmışdır. 1995-2009-cu illərdə YAP-ın Qadınlar Şurası sədrinin müavini, 1999-2005-ci illərdə YAP-ın icra katibinin müavini olmuşdur. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Evlidir, 1 övladı var.
***
baharrrr

Həmişə aşa bilmədiyin, keçilməsi çətin olan maneələrin səbəbini özündə axtarmağın tərəfdarıyam. Bu zaman yeni güc mənbəyi tapa, bəzi məsələlərə daha ciddi, daha faydalı yanaşmalara qadir ola biləcəyimə inanıram. Əgər bunu yalnız ətrafda, səni əhatə edən mühitdə, insanlarda axtaracaqsansa bu zaman təklənəcəyinə heç bir şübhə yeri qoymazsan. Bu halda isə məğlubiyyət qaçılmaz olacaqdır…

Hansısa bir şəhərdə, istirahət mərkəzində dincəlməkdən çox, adicə taxıl zəmisini izləmək mənə daha çox zövq verir. Yaşıllıq görəndə dünyanın ən xoşbəxti oluram. Mənim üçün çiçək bitirmək, ağaca qulluq etmək məşğuliyyətlərin ən gözəlidir. Fizuli rayonunda doğulmuşam və uşaqlıqdan Kiçik Qafqaz dağlarına, onun ətəyindəki yaşıllıqlara, meşəliklərə baxa-baxa böyümüşəm…

Artıq oraları 25 ildir ki, görmürəm. Yaşadığım yer, getdiyim yol, oxuduğum məktəb xatirələrdə və bir də bəzi fotolarda qalıb.

“Hələ uşaqlıqdan belə bir düşüncəm var idi ki, uğur qazanmaq üçün yalnız Bakıya getməliyəm. Hətta 10-cu sinfi bitirməyə belə səbrim çatmadı. O yaşım üçün çox böyüdüyümə, özümü müstəqil şəkildə idarə edə biləcəyimə inamım çox böyük idi.

O zaman çətinliklər də çox idi, sovet rejimində yaşayırdıq. 70-80-ci illərdə Bakıda tək yaşamaq, oxumaq heç də asan deyildi. Bir çox ehtiyaclarımı öz əməyimlə qarşılamalı olurdum. Beynimdə ancaq bir fikir vardı. Şikayət etmək, heç kəsdən kömək istəmək yoxdur. Bütün çətinlikləri özüm dəf etməli, ayaqlarım üstdə öz gücümə dayanmalıyam.

İndi də düşünürəm ki, doğru etmişəm. 15 yaşımdan sərbəst həyata atılmağım, Bakı mühitinə bələd olmağım uğur qazanmağıma kömək oldu…”

Zəriflərin dünyası…

Bu elə bir dünyadır ki, burada sirli, sehrli və təzadlı, əks qütblərin harmoniyasının şahidi olursan. Bəzi anlarda çox sadəlövh, zəif, köməyə möhtac, bəzən isə əzmli, iradəli, güclüdürlər.

Qadınlar aya bənzəyir, bilmədiyimiz, bələd olmadığımız xüsusiyyətləri çoxdur…

Bugünkü qonağımız da öz təbirincə desək həm zərif, həm də xoş sözə ehtiyacı olan, amma əksər hallarda da ehtiyacı olanlara yardım etməyə özünü borclu bilən bir xanımdır…

Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP İdarə heyətinin üzvü Bahar Muradova “Zəriflərin dünyası”ndan danışır…

Güclü görünmək, zərifliyin inkarı deyil

– Birmənalı şəkildə deyə bilərəm ki, qadınlar öz imkanları, bilik və bacarıqları sayəsində çox güclü ola, nəinki həmcinsləri ilə, hətta kişilərlə belə rəqabətə davam gətirə bilirlər.Həm də bu, təkcə Azərbaycan qadınına xas olan xüsusiyyətlər deyil. Zaman-zaman bütün millətlərdən, xalqlardan olan qadınlar bu fikri möhkəmləndirən nümunələr ortaya qoyublar.

Tarixdə çox güclü qadınlar olub ki, zamanın, hadisələrin məhvərini dəyişməyə qadir olublar, bir ölkəni idarə edib, dövlətlərini təmsil ediblər, siyasətdə, elm sahəsində çox ciddi nəticələrə imza atıblar. Cəmiyyətdə fanatizmə, xurafata qarşı cəsarətlə çıxıblar.

Əlbəttə ki, zərif qadınların gözəllik, şeiriyyət, sənət, ailə dəyərləri, milli-mənəvi dəyərləri ən incə bir şəkildə daşımaq, gənc nəsli tərbiyələndirmək kimi nümunələri saysız-hesabsızdır.

Təbii ki, gücsüz, zəif qadınlar da az deyil. Çətinliklər qarşısında daim qorxu hiss edir, dəstək görmədikdə ruh düşkünlüyünə yuvarlanırlar. Yaxud da ailə içərisində, cəmiyyətdə ona yönələn təzyiqlərin, təqiblərin qarşısında duruş gətirə bilmir, depressiyaya düşürlər. Müharibələrin, təbiət hadisələrinin doğurduğu kataklizmlər içərisində hansı tərəfi tutacaqlarını, haraya istiqamətlənəcəklərini müəyyənləşdirə bilmirlər. Bax bu cür qadınlara həmişə dəstək, kömək lazım olur.

Amma onu da deyim ki, heç zaman qadınları cəmiyyətdən, yaxud da dövlət həyatından ayırıb dəyərləndirməyin, üzərinə məsuliyyət qoymağın tərəfdarı olmamışam. Çünki keçmişimiz, bu günümüz və gələcəyimiz üçün daim bir yerdə olmağa borclu olan iki tərəf var: qadın və kişi.

Təbiət, Tanrı bunu təsadüfən belə yaratmayıb. Birində güclü olan, digərində zəifi doğurur. Birində zərif olan, digərində dəyərləndirməni tələb edir. Həyatımız isə bu cür davam və inkişaf edir. Hesab edirəm ki, qadın və kişi ailəni, cəmiyyəti, dövləti, bütün dünyanı idarə etmək, irəliyə aparmaq, tarixin, zamanın, proseslərin yaratdığı bütün problemlərin qarşısına qoşa çıxmaq və onun yükünü qoşa çəkmək üçündür.

Hər ikisinin üzərinə məsuliyyəti də, şərəfi də eyni dərəcədə bölüşmək kimi vəzifə qoyulub. Elə bilirəm ki, qadınlar da, kişilər də bunun öhdəsindən layiqincə gəlirlər. Əlbəttə ki bütün bunlar həmişə heç də düz xətt üzərində getmir. Güclü görünmək isə heç də zərifliyin inkarı demək deyil. Və yaxud əksinə…

Qadınlar bir-birinə çox bənzəyirlər…

– Məsuliyyətləri, vəzifələri, üzləşdiyi problemlər və digər səbəblər baxımından qadınlar hansı millətdən və dövlətdən olmasına baxmayaraq, bir-birinə çox bənzəyirlər.

Əksəriyyətimiz romantizmə meyilliyik. Bizlər daha çox hisslərə, duyduqlarımıza, görmək və inanmaq istədiklərimizə güvənmək, hamımız sevmək, sevilmək, gözəl görünmək istəyirik. Baxmayaraq ki, bu gün dünyanın fərqli ölkələrində yaşayan qadınların bir qismi gözəl görünməyə çalışmağı məqbul saymırlar. Deyim ki, bu sahədə bizim Şərq qadını ilə Qərb qadını arasında müəyyən fərqlər var. Şərq qadını hər zaman olduğu kimi, yenə də gözəl görünmək, ən azı baxımlı olmaq istəyir…

Bəzən də qadınlar ona maneə yaradan məhdudiyyətlərin, buxovların hansısa bir sehrli əlin gücü ilə aradan qaldırılmasını istəyirlər. Özləri isə bunun üçün əvvəldən sona qədər mübariz və ardıcıl ola bilmirlər. Görünür bu da təbiət və cəmiyyətin, milli mentalitet və dəyərlərin formalaşdırdığı stereotiplərdən irəli gəlir. Qadınların zərif və daha zəif olmaq istədikləri hallarda artıq başqa bir yol qalmır. Ən güclü qadınların belə pəncərə önündə ağladığı məqamlar vardır.

Çox az sayda qadınlar qarşısına ciddi məqsədlər qoyub öz iradəsi ilə yol seçib əvvəldən sona qədər getməyə iqtidarlı olur. Bəziləri yarı yolda qalır, çətinliklər qarşısında geri çəkilir. Mənə görə biz özümüz nə qədər əldə etmək istəyiriksə, o qədərinə də nail ola bilirik.

Hər bir güclü qadının dəstəyə ehtiyacı var…

– Özümdə sadalanan xüsusiyyətlərin cəmini hiss edirəm…
Ta uşaqlıqdan müstəqil olmağa, sərbəst addımlar atmağa çalışmışam və bugünkü dayandığım yer də məhz bunun sayəsində mümkün olub. Daha sonra ailəmin anlayışına, valideynlərimin, xüsusilə də atamın istək və arzularıma sərbəstlik verməsinə borcluyam. Qərarlarımı əlbəttə ki, özüm verir, arxada isə atamın fikrini və mövqeyini hiss edirdim. Son istinadgah, ən azından hansısa problem olduğu təqdirdə kömək edəcək bir adam kimi…

Daha sonra oxuduğum, çalışdığım, siyasətə qoşulduğum illərdə məni əhatə edən, özünə rəqib bilməyib onunla yanaşı addımlayacaq bir yol yoldaşı, dost kimi, siyasi həmfikir kimi qəbul edən insanlara minnətdaram…

Ən böyük xeyirxahım, həyat yolumu, siyasi taleyimi həll edən insan əlbəttə ki ulu öndər Heydər Əliyevdir. YAP siyasi məktəbim, Heydər Əliyev şəxsiyyəti, ən parlaq idealım, Azərbaycanı Heydər Əliyev yolu ilə möhtəşəm qələbələrə, daha aydın sabahlara daşıyan Prezidentimiz cənab İlham Əliyev isə xalqa və dövlətə xidmət üçün ən parlaq örnəyimdir…

bahar-nov-1

Maddi, mənəvi çətinliklər, təhdidlər…

– Təbii ki, yolum hər zaman rahat və açıq olmayıb…
Bu yolda maddi, mənəvi çətinliklərim, yaxın adamlar, dostlar içərisində anlamayanlarım, yanlış dəyərləndirənlərim, bunun bir qız-qadın işi olmadığını təlqin etməyə çalışanlarım da olub. Mənsub olduğum siyasi düşərgəyə zidd mövqe tutmuş qütbün nümayəndələrinin təhdidləri ilə də rastlaşmışam. Bütün bunlara tab gətirmək üçün getdiyin yolun doğruluğuna dərin inamın olmalıdır. Əgər o inam olmasa, günlərin birində qərarını dəyişə bilərsən. Çünki bəzən insan öz fikirləri ilə tək qalanda, bir günlük deyil, bir ömürlük hadisələri nəzərdən keçirməli olur. Həmin anda şübhən, tərəddüdün olmamalıdır.

Həmişə aşa bilmədiyin, keçilməsi çətin olan maneələrin səbəbini özündə axtarmağın tərəfdarıyam. Bu zaman yeni güc mənbəyi tapa, bəzi məsələlərə daha ciddi, daha faydalı yanaşmalara qadir ola biləcəyimə inanıram. Əgər bunu yalnız ətrafda, səni əhatə edən mühitdə, insanlarda axtaracaqsansa, bu zaman təklənəcəyinə heç bir şübhə yeri qoymazsan. Bu halda isə məğlubiyyət qaçılmaz olacaqdır…

Əlbəttə ki, Azərbaycana qarşı düşmən mövqeyi tutan dairələrlə, daim qərəzli müxalifətçi olanlarla isə mübarizəm hər zaman açıq olub. Burada da heç bir şübhədən, tərəddüddən, geri çəkilmədən söhbət gedə bilməz…

Üzdə olan insanların səhvlərinə qarşı çox acımasız olurlar

– Kim olursan ol, ciddiyyətini qorumalı, eyni zamanda, səmimi olmalısan. Səmimi olan hər bir tərz qəbul edilir. Özünə yalançı mükəmməllik donu geyindirməkdən hər zaman uzaq olmuşam, düşündüyümü deməkdən çəkinməmişəm. Hətta sərt görünməyim belə təbiidir.

Vəzifənin də üzərimizdə ağırlığı, məsuliyyəti var, amma bunu daşımaq qabiliyyətində olmalıyıq. Nə vaxt ki o, səni yorur, mütləq problemlər yaranır. Bir də görürsən kiminsə çox uğurlu bir başlanğıcı, mükəmməl sayıla biləcək həyat hekayəsi var. Amma günlərin birində hər şey alt-üst olur. Səbəbi isə ya sayıqlığı itirmiş olması, ya hansısa bir yanlışa yol verməsi, yaxud bu yanlışı etməyə haqqı olduğunu düşünməsidir.

Üzdə olan tanınmışların səhvlərinə qarşı ətraf, insanlar çox acımasız olurlar. Bizə, siyasətçilərə qarşı isə tələblər çox ciddidir…

O, Azərbaycan xanımı üçün ideal obraza çevrilib…

bahar

– Biz güclü, zəif, zərif xarakterimizdən danışdıq. Mən özümdə bunların sintezini hiss edirəm. Həm yardıma, həm xoş sözə ehtiyacım var. Bir çox hallarda isə başqaları üçün bu ehtiyacı ödəməyə özümü borclu bilirəm. Başqa cür olmağa isə haqqımız yoxdur. Biz bu örnəkləri həm tarixdə, həm də günümüzdə görməkdəyik.

Məsələn, bugünkü gənc qızlar və qadınlar üçün, dünya birinci xanımları və UNESCO-nun xoşməramlı səfirləri üçün örnək olan Mehriban xanım, həm də gələcək gənc qızlar üçün ideal bir obrazdır. Təkcə ölkə daxilində yox, bütün dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirən belə bir xanımın mövcudluğu, özünü dövlət işinə, ictimai həyata həsr edən xanımlar üçün mükəmməl və canlı örnəkdir, nümunədir, təkrarlanması vacib olan təcrübə və uğur hekayəsidir.

Mənim dəyərləndirməmdə Mehriban xanımın uğuru ilk növbədə daxili və zahiri gözəlliyində, zərifliyində, xeyirxahlığında və humanistliyindədir. Həmçinin zərif olduğu qədər də güclü olduğunun fərqində olmasında və o gücə söykənərək hər bir işin öhdəsindən gələcəyinə olan böyük inamındadır.

İlk dəfədir ki, Azərbaycan qadını dövlət həyatında bu qədər yüksək səviyyədə təmsil olunur. Bizim borcumuz bu nümunənin insanların şüuruna oturuşmasına kömək etmək, xanımların bu cür yetişməsi üçün imkanları səfərbər etməkdir.

Buna görə də hesab edirəm ki, Azərbaycanın gələcəyi çox parlaqdır. Onun parlaq gələcəyinə töhfə verən qadınlar indi də çoxdur və gələcəkdə də daha çox olacaq…

Sanki gedəcək yerim azalıb…

– Mütaliə, musiqi, teatr… Kimliyindən və hansı vəzifənin sahibi olmasından asılı olmayaraq insan ehtiyaclarıdır. Zamanımın çox hissəsi daha çox işə sərf olunur, hətta işdə olmadığım halda da iş haqqında düşüncələr daha çox məşğul edir məni… Xoşlayıram ki, çox hörmət etdiyim, özümə yaxın hiss etdiyim insanların müxtəlif xarakterli tədbirlərində iştirak edim. Nə olur-olsun ona vaxt tapmağa çalışıram.

Həmçinin yaxın adamların, ailə üzvlərinin problemləri ilə məşğul oluram. Anam, atam artıq bu dünyada yoxdur… Zamanında həftə sonları mütləq şəkildə onları yoluxmağa gedərdim. İndi elə bil ki gedəcək yerim azalıb…

Əvvəllər mənə elə gəlirdi ki, maraqlı olan istənilən yerdə özümü yaxşı hiss edə bilərəm. İndi anlayıram ki, özümü ən rahat hiss etdiyim zamanlar anamla olduğum anlar imiş… Hər gün onun haqqında real düşüncələrim, telefon danışıqlarım vardı. Hər həftə sonu onun yanında olarkən sanki özümün kim olduğumu unudurdum. Bu qədər hay-küy, hadisələr, problemlər hamısı bir heç olur, özümü yenə də azyaşlı bir uşaq kimi hiss edirdim…

Hətta saç düzümünə, geyiminə, dırnağındakı boyanın rənginə görə rəy bildirəcək bir adamın qarşısında hesabat verəcək şəkildə özümü hiss edirdim. Bu nə qədər gözəl bir hiss imiş…

Bu bir həqiqətdir ki, bizə ən yaxın insanları itirəndən sonra dəyərini daha çox anlamağa başlayırıq. Demirəm ki, əvvəllər dəyər vermirdim, sadəcə vaxtında kiçik bir şey kimi görünən məqamlar, indi daha dərin hisslər yaşadır mənə…

Onu bilirəm ki, insana ən yaxın şəxslər bir ana, bir də övladdır…

Bu, bütün dərk etdiklərim içərisində üzərində sona qədər dayanacağım bir həqiqətdir. Bu iki məfhum adamda onların xatirinə, hər şeyi edə bilmək qabiliyyəti formalaşdırır, hər cür fədakarlığa hazır olmaq hissiyyatı verir.

Odur ki, sərbəst vaxtımı ailəyə həsr etməyə üstünlük verirəm. Çünki siyasətlə məşğul olan qadın üçün ailənin, xüsusilə həyat yoldaşının dəstəyi çox vacibdir. Hər hansı bir uğursuzluğunu, nailiyyətlərin kimi səmimiyyətlə bölüşən birinin daim sənin yanında olması insanı ayaqda saxlamaq, çətinlikləri dəf etmək yolunda yeni planlar qurmaq üçün daha böyük stimul verir…

Özümü qızıma tam həsr edə bilmirəm…

bahar-qizi

– Anamın bütün həyatını bizə həsr etdiyi kimi, mən özümü qızıma tam həsr edə bilmirəm. Bu birmənalı olaraq belədir…
Anam natamam orta təhsili, bütün milli-mənəvi dəyərlərimizi özündə daşıyan evdar qadın idi.

Həyat yoldaşının yanında çox zəif, zərif və incə bir xanım olmaqla yanaşı ətraf insanlar üçün çox güclü, övladlarının nəzərində isə fədakar olduğu qədər, sərt xarakterli bir insan idi. Bəlkə də elə məndə həmin sərtlikdən bir az var… Hansısa bir yanlışlığı, səhvi bağışlamayacaq dərəcədə sərt…

Amma onun bu sərtliyinin arxasında necə bir ürək ağrısı durduğunu da bilirdim.

Mən özlüyümdə onun bu xarakterinə çox borcluyam. Düşünürəm ki, həqiqətən də çərçivəni keçməyən sərtlik uşaq tərbiyəsində mütləq lazımdır. Şəxsən öz timsalımda götürürəm ki, övladın kaprizləri qarşısında mövqeyini dəyişmədən qalmaq doğrudan da böyük səy tələb edir.

Yaxşı yadımdadır ki, 90-cı illərin əvvəlləri idi, Yeni Azərbaycan Partiyasının yeni yaranan zamanları… Hər gün bu və ya digər tədbirdə, rayonlarda, televiziyada çıxışlarımız, müsahibələrimiz olurdu. Hər dəfə ailəvi şəkildə bu çıxışları yığışıb müzakirə edirdik. Bir dəfə belə müzakirələrin birinin sonunda o, özünəməxsus ciddiyyətlə məni göylərdən yerə endirdi. Sərt bir şəkildə: – bunlar nəyi tərifləyir bilmirəm, amma mən sənin danışığından heç nə başa düşə bilmədim. Çox sürətli və əsəbi danışırsan…

İndi mənim belə səmimi tənqidlərə çox ehtiyacım var…

Xörək bişirir, paltarları ütüləyirəm…

– Bütün qadınlar kimi mən də mətbəxi sevirəm. Azərbaycan və bir çox xalqların mətbəxindən olan yeməkləri ən yüksək səviyyədə hazırlaya bilirəm. Xüsusi günlərdə, bayramlarda, həftə sonlarında xörəkləri özüm hazırlayır, süfrəni açır, özüm də yığışdırıram. Belə olanda evdəkilərin də ürəyincə olur, çox məmnuniyyətlə o süfrədə otururlar, yeyirlər, təşəkkür edirlər.

Qızımın, yoldaşımın paltarlarını ütüləyir, qaydaya salır, dolablarını yığışdırır, evdəki işlərin bəzilərini özüm görürəm. Geyimlərimlə də birmənalı olaraq özüm məşğul oluram. Əvvələr alış-verişə xüsusi vaxt ayırmağa çalışırdım. İndi müxtəlif səbəblərdən bu nadir hallarda olur.

Onu da deyim ki, ixtisaslı modelyer-texnoloqam. Ona görə mənim üçün qüsurlarını görə-görə hazır geyim seçib almaq çətin olur. Çünki paltara materialının keyfiyyətindən tutmuş, tikiş qaydalarına qədər mütəxəssis gözü ilə baxıram. Odur ki, öz üzərimdə tikilən geyimlər məni daha çox qane edir, çünki orada öz ideyalarımı da həyata keçirə bilirəm.

Qiymətli əşyalar isə heç zaman mənim üçün əhəmiyyət kəsb etməyib. Hər zaman üzərimdə sadə şeyləri görə bilərsiniz. Mənə görə bunlar geyimləri tamamlayan bir aksessuar olmalıdır. Qiymətli zinət əşyalarını isə həyat yoldaşım, yaxud yaxınlarım hədiyyə kimi bağışlayarkən məmnuniyyətlə qəbul edirəm. Amma deməliyəm ki, o daha çox mənim dolabımda qalır. Çox nadir hallarda, ya özəl tədbirlər zamanı, ya da yalnız güzgü qarşısında onları taxa bilərəm. Sonra isə yenə yerinə qoyub adi gündəlik adət etdiyim aksessuarlardan istifadə edirəm…

Hafizələrdə, fotolarda donmuş qırıq-qırıq xatirələr…

– Hansısa bir şəhərdə, istirahət mərkəzində dincəlməkdən çox, adicə taxıl zəmisini izləmək mənə daha çox zövq verir. Yaşıllıq görəndə dünyanın ən xoşbəxti oluram. Mənim üçün çiçək bitirmək, ağaca qulluq etmək məşğuliyyətlərin ən gözəlidir. Füzuli rayonunda doğulmuşam və uşaqlıqdan Kiçik Qafqaz dağlarına, onun ətəyindəki yaşıllıqlara, meşəliklərə baxa-baxa böyümüşəm…

Artıq oraları 25 ildir ki, görmürəm. Yaşadığım yer, getdiyim yol, oxuduğum məktəb xatirələrdə və bir də bəzi fotolarda qalıb. Yalnız məktəbə getdiyim ilk və 8-ci sinifdə son, direktor otağında şəhadətnamənin mənə təqdim olunduğu günü xatırlayıram.

Çox qəribədir ki, Füzuli deyərkən gözümün qarşısına bu iki mənzərə daha aydın şəkildə gəlir. Bir də uşaqlıqla bağlı ən çox xatırladığım Novruz bayramlarında qaladığım tonqal… Bayramda ümumi bir tonqal hazırlayardıq, amma mən mütləq özüm üçün ayrıca tonqal qalamalı idim. Gələn həftənin çərşənbəsi üçün bütün həyətdən qurumuş yarpaq toplayardım. Yetərdi ki, bacılarım mənim yarpaqlarımdan götürüb öz tonqallarına aparmaq istəsin, bax onda qiyamət qopurdu…

Olduğum yerlər daha çox ətri ilə yaddaşıma hopur…

– Baxmayaraq ki, 25 il o qədər böyük zaman deyil, amma xatirələrim qarışıb. Orada daha nələr olub, hansı hadisələr baş verib, onlar hamısı qarışıq şəkildədir və gözlərimin qarşısında sanki molekullar rəqs edirmiş kimi rəqs edirlər. Əlbəttə, bu nisgil məni heç vaxt tərk etməyəcək. Çünki biz təkcə torpaqlarımızdan deyil, həm də uşaqlığımızdan və xatirələrimizdən uzaq düşmüşük.

Bir də gördüyüm və getdiyim yerlər daha çox ətri ilə yaddaşıma hopur. O ətirləri heç zaman səhv sala bilmərəm. Bəzən baharda burnuma yenicə ağarmış gilasın ətri gəlir. Xatirimdədir, biz uşaq vaxtı gəlib ağacın altında dayanardıq və diqqətlə baxardıq. Ağarmış, bir az böyümüş gilas gördükdə sevincimizin həddi-hüdudu olmazdı… Onun özünəməxsus ətri var idi və mənə elə gəlir ki, gilasın heç yerdə belə ətri ola bilməz, o yalnız Füzulidədir, atamın mənim adıma əkdiyi, mənim də hündürboylu və bol məhsullu olması ilə fəxr etdiyim ağacdadır…

Bu, Bahar xanım idi…

Kənardan sərt, bir az da kəskin görünür – bəlkə də bu, elə tutduğu yüksək vəzifənin mahiyyətindən irəli gəlir…
Amma onu yaxından tanıdıqca, bu görüntünün sadəcə, zahiri təzahür olduğunu anlayırsan…
Əslində isə o sadə Azərbaycan xanımıdır – dövlətin ən ali postlarından birinə yüksəlməyi bacaran, fəqət həyat yoldaşının paltarını ütüləyib, qızını əlləriylə yedizdirməyi özünün yüksək borcu sayan bizlərdən biri…

Etikxeber.az

Read Previous

Tpamp Meylə bir araya gələcək

Read Next

“Makron, siyasi yalanı burax, Xocalıya bax!” – HULUSİ KILIÇ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir