İyulun 4-də tökülən qana görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür – MURADOVA

İyulun 5-də Minsk şəhərində ATƏT Parlament Assambleyasının növbəti sessiyası işə başlayıb.

Etikxeber.az xəbər verir ki, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda keçirilən sessiyada Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edərək Ermənistan ordusunun növbəti təxribatından və Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsindən danışıb. Azərbaycan parlament sədrinin müavini deyib:

– Həm beynəlxalq katibliyin, həm də bütövlükdə Parlament Assambleyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı səylərinə, ATƏT-in digər qurumları ilə daha səmərəli əməkdaşlıq qurmaq cəhdlərinə görə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz cənab Viqeninə və baş katib Roberto Montellaya dərin minnətdarlığımı bildirirəm. Həmçinin sessiyamıza ATƏT-in Minsk qrupunun həmsədrlərini dəvət etmək cəhdlərini vurğulamaq istəyirəm.

Xatırladım ki, 2011-ci ildə Xorvatiyada sessiyada həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fəaliyyətləri barədə onların hesabatlarını dinlədik. Müzakirələr aparıldı, deputatların onların işinə münasibət bildirmək, sual vermək imkanı oldu. Biz ümid edirik ki, bu təcrübədən gələcəkdə də istifadə olunacaq. Çünki deputatların məlumatlandırılması bu baxımdan faydalı ola bilər ki, biz də öz tərəfimizdən müəyyən töhfə verə, həmsədrlərin üzləşdikləri bu və ya digər məsələnin həllinə kömək edə bilərik. Mən ürəkdən inanıram ki, bütün təsisatlar arasında belə əməkdaşlıq və qarşılıqlı fəaliyyət bizim ümumi işimizə sanballı töhfə verə bilər.

Biz dinc vətəndaşların, oğullarımızın, qadınlarımızın və uşaqlarımızın həyatına son qoyan reallığı hər gün hiss edirik. Ölkəmin parlamentində təmsil etdiyim Füzuli rayonunun dinc kəndi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən yenə də minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Bu atəş nəticəsində bir ailənin iki üzvü – qadın və onun iki yaşlı nəvəsi öz həyətlərində həlak olublar, yaralılar var. Təmas xətti boyunca sıx yaşayan dinc vətəndaşlara, o cümlədən qadınlara, qocalara və uşaqlara Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar təəssüf ki, sistemli xarakter daşıyır.

Konkret olaraq iyulun 4-də tökülən qana görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Əlavə informasiya, o cümlədən şəkillər, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin rəsmi bəyanatları ilə müvafiq saytlarda tanış ola bilərsiniz. Yəqin ki, katibliyimiz də bu materialları sizə paylayacaq. Bu gün, ATƏT regionunda sülh və tərəqqi naminə qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə etdiyimiz bir vaxtda mənim ölkəmdə, mənim torpağımda mənim həmvətənlərimin – qadınların və uşaqların qanının axıdıldığını görmək dəhşətlidir. Həlak olanları şəxsən tanımağım bu ağrını daha da şiddətləndirir.

Xatırladım ki, mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Təmas xəttində yaşayan seçicilərim daim təhlükə altındadırlar.

O kəndlərdə ancaq dinc əhali yaşayır. Düşmən tərəfində isə Ermənistandan olan çağırışçılardan təşkil edilmiş silahlı qüvvələr yerləşir.

Odur ki, biz deputatlar qan tökülməsinə son qoymaq və regionda həqiqətən sülhə və tərəqqiyə nail olmaq üçün sülh dialoquna yollar tapmalı və bu işə öz töhfəmizi verməliyik. Mən sizi bu cinayəti təkidlə pisləməyə çağırıram. Bu məsələdə Parlament Assambleyası xüsusi rol oynamalıdır.

Etikxeber.az

Read Previous

“Terror və terrorçuluq fəaliyyəti artıq Ermənistanın dövlət siyasətinə çevrilib…” – DEPUTAT

Read Next

“Günahsız insanların qətlinə göz yumulmamalıdır” – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir