Jalə Əliyeva Novruz bayramı günlərində daha 8 Qazi və Qazi ailəsi ilə-GÖRÜŞDÜ, ONLARI DİNLƏDİ VƏ… – FOTOLAR

16 illik deputatlıq fəaliyyəti dövründə hər zaman seçicilərinə, o cümlədən, Şəhid ailələrinə, Qazi və Qazi ailələrinə, Birinci və İkinci Qarabağ Savaşının iştirakçılarına xüsusi diqqət və qayğısı, həssas münaibəti ilə seçilən millət vəkili, professor Jalə Əliyeva Novruz bayramı günlərində də parlamentdə təmsilçisi olduğu Zərdab rayonunda bir sıra görüşlər keçirib.

Millət vəkili rayonda olduğu müddətdə daha 8 Qazi və Qazi ailəsi ilə görüşüb, onların qayğılarını, problemlərini, Qazi və Qazi ailələrini maraqlandıran məsələləri dinləyib, onlarla fikirlərini bölüşüb.

Zərdab rayonunda Dəkkəoba kəndindən Vətən müharibəsi qaziləri, şanlı Qələbəmizin qəhrəman oğullarından olan, döyüşlərdə ağır yaralananXəlilov Elgün Qəmbər oğlunu, Kərimov Hüseyn Elşən oğlunu, Zeynallı Qorxmaz Hamlet oğlunu, Zərdab şəhərindən Mirzəliyev Roman Aleksandr oğlunu və Əlizadə Təbriz Elman oğlunu evlərində ziyarət etdik. Onların vəziyyətləriylə tanış olduq, problemləriylə maraqlandıq, həllini gözləyən bəzi məsələlərini yerindəcə həll etməyə çalışdıq. Hər biri bir igiddir. Hər biri 44 günün içində haqqında dastanlar yazılacaq ləyaqətli bir yol keçiblər”.

Bunu isə millət vəkili özü dilə gətirib.

Bildirib ki, bəzisi ağır əməliyyat olunub, bəzisinin müalicəsi müvəffəqiyyətlə davam edir, bəzisi artıq yaxşılaşmaya doğru gedir.

“Görüşdüyüm bu beş qazidən biri – Təbriz Əlizadə, aldığı kontuziya nəticəsində nitqini itirib. Çox ciddi müayinə və müalicəyə ehtiyacı var. Təbrizin səhhəti ilə bağlı olaraq bu gün tanıdığım mütəxəssis həkimlə danışdım. Məsləhətlərini verdi. Təbriz əsaslı şəkildə aparat müayinəsindən (MRT və KT) keçməli və nəticələrə uygun olaraq həkim konsiliumu ilə müalicə almalıdır. Ailənin mənzil şəraiti də ürəkaçan deyil. Hər iki məsələni iş həftəsinin ilk günlərində əlaqədar dövlət qurumlarının diqqətinə çatdıraraq köməklik göstərilməsini xahiş edəcəyik. Üzərimizdəki haqqınız böyükdür, əziz Qazilər!”-deyə, o, əlavə edib.

“Hansı medallarla təltif edildiyini soruşuram: Cavab verir ki, “Medal üçün getməmişdim. Torpaqlarımızı geri qaytarmaq üçün getmişdim”…”

“Zərdaba səfərim çərçivəsində dünən daha üç qazimizlə görüşdük. Rayonun Sarıqaya kəndindən Soltanov Nizaməddin Yaşar oğlu, Qoruqbağı kəndindən Allahverdiyev Vüsal Mehman oğlu və Körpükənd kəndindən Məmmədov İlqar Vüqar oğlunu evlərində ziyarət etdik”-deyə, millət vəkili daha sonra bildirib.

“İlqar qardaşımız hazırda Bakıdakı Hərbi Hospitalda müalicə olunduğuna görə evdə yox idi. Ailə üzvləri ilə görüşüb, hal-əhval tutduq. Bir daha gözaydınlığı verdik. Bayramlarını təbrik etdik. Problemləri ilə maraqlandıq. Nizaməddin və Vüsalla görüşümüzü isə yəqin ki, heç bir zaman unutmayacayıq. Nizaməddin müharibəyə könüllü gedənlərdəndir”-deyən millət vəkili bildirib ki, Qazinin üstəlik bir böyrəyi də yoxdur.

“Ona, bu vəziyyətdə getməyin sual altındadır, deyənlərə cavabı bu olub ki, “döyüşə ürək lazımdır, böyrək yox”. Hansı medallarla təltif edildiyini soruşuram. Cavab verir ki, “Medal üçün getməmişdim. Torpaqlarımızı geri qaytarmaq üçün getmişdim”.

Yaşını soruşuram. Yaşı müstəqilliyimizin, ədalət mübarizəmizin yaşı qədərdir! Qarabağı döyüş günlərinə qədər heç vaxt görməyib. Bu ürək, bu cürət qarşısında baş əyməyəsən, nə edəsən?! Vüsal isə nəql etdikləri ilə bizim gözlərimiz önündə sanki döyüş meydanını canlandırırdı.

O danışdıqca mənə elə gəlirdi ki, bu uzun boylu, 28 yaşlı igid oğul 44 günlük müharibənin hər anını bizə çatdırmaq istəyir. Əməliyyatlar haqqında birnəfəsə o qədər şövqlə, həvəslə, sevinclə danışırdı ki, sanki o günlərin özləmini çəkirdi, bəzən də fasilə verib şəhid olmuş döyüş dostlarını xatırlayır, kövrəlirdi, həyəcanlanırdı…

Müharibəni qazanmaqda inam, ruh yüksəkliyi çox vacib amildir. Bütün igid oğullarımızda bu xüsusiyyəti gördük və görürük. İndi ən ümdə vəzifəmiz və borcumuz onların qayğısını öz qayğımız kimi görmək və dəyərləndirməkdir.Dəvətimizi qəbul edərək üç gün ərzində bütün görüşlərimizdə könüllü olaraq iştirak edən və görüşlərimizi işıqlandıran Coşqun Abdullayevə təşəkkürlərimizi bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

MN Zəngilanın Çöpədərə kəndindən görüntülər-YAYDI – VİDEO

Read Next

“Bir anlıq sanki öz dərdimi unutdum, ürəyimə bir ağırlıq gəldi…”-ŞƏHİD ANASI YAZDI – DÖVLƏT QURUMLARI MƏSƏLƏNİ NƏZARƏTƏ GÖTÜRDÜ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir