Jalə Əliyeva son sərəncamlar və təyinatlar barədə nə dedi?

Jalə Əliyeva: Kimlərinsə nəsə deyib-deməməsinə gəlincə, bunlara əhəmiyyət vermək lazım deyil. Əsas odur ki, Azərbaycan dövləti düzgün, inkişaf yolundadır və heç bir qüvvə də onun yolundan döndərə bilməz…

Etikxeber.az-ın müxbirinin suallarını Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva cavablandırır:

 

 -Jalə xanım, bugünlərdə ölkənin tarixində, xüsusilə, son bir ildə daha geniş vüsət alan sosial-iqtisadi islahatlar prosesi çərçivəsində növbəti mühüm addımlar atıldı. Ölkə prezidentinin sərəncamları ilə minimum əməkhaqqı, eləcə də, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırıldı, pensiyalarla, 2019-cu ilin büdcəsinə dəyişikliklərlə bağlı  qanun layihələri parlamentə göndərildi və artıq onlar birinci oxunuşda qəbul olundu.Siz bunları necə qiymətləndirirsiniz?

 -Əvvəla qeyd edim ki, bunlar tarixi və inqilabi hadisələrdir. Yəni, ölkə prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Bu yöndə qərarlar 2018-ci ildən etibarən xüsusilə intensivləşib. Bu istiqamətdə atılan addımlar müqayisəyəgəlməzdir. Bilirsiniz ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra prezidentin imzaladığı ilk Fərmanın – 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Bütövlükdə, ötən bir il ərzində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib. Belə ki, şəhid ailələri üçün verilən Prezident təqaüdü artırıldı, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırıldı, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırıldı, yeni şəhərciklər inşa edilərək istifadəyə verildi. Bütün bunlarla yanaşı, bu ilin əvvəlindən minimum pensiyanın, minimum əməkhaqqının artırılması da vacib məqamlardan biri idi.

Belə ki, minimum əməkhaqqı 130 manatdan 180 manata, pensiyanın minimum həddi isə 114 manatdan 160 manata qaldırıldı ki, bu da təxminən 38-40 faizlik artım demək idi. Pensiyanın minimum həddinin artırılması təxminən 400 minə yaxın əmək pensiyaçısını əhatə edirdi.  Fevralın 25-də dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı nəticəsində aprelin 1-dən bir sıra ödəmələr əhəmiyyətli dərəcədə artırıldı.  Dövlət başçısının özünün də qeyd etdiyi kimi, fevralın 28-də imzaladığı dünyada analoqu olmayan tarixi Fərmanla 2015-ci ilin iki devalvasiyası nəticəsində yaranmış problemli kreditlər məsələsinə birdəfəlik son qoyuldu. Həmin Fərmanla təxminən 800 mindən artıq vətəndaşımız bu problemlədən qurtuldu, 311 mindən artıq məhkəmə işi geri çəkildi, dayandırıldı, insanların məhkəmə qapılarında qalmasına son verildi. Yəni, problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və sair addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”- deyə, bəyan edən ölkə prezidentinin bu fikirləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapdı və tapmaqdadır.

 Eyni zamanda, ölkə prezidenti son çıxışlarında, istər Nazirlər Kabinetinin yanvar və aprel aylarında keçirilən iclaslarında, istər regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan 3-cü Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransında, istər Azərbaycan xalqına Novruz təbrikində, istər Mərdəkan-Qala avtomobil yolunun açılışında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili olacağını bildirirdi. Konkret olaraq, Mərdəkan-Qala avtomobil yolunun açılışında vətəndaşlarla, yerli sakinlərlə söhbəti zamanı dövlət başçısı qeyd edirdi ki, minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.

SENET-ILHAM

axc-ilham

yanar-1

“Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz”-deyən qeyd edən dövlət başçısı bildirirdi ki, biz daha yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. O, sonra sözlərinə davam edərək “Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır…”-deyə, vurğulayırdı.

Bu baxımdan, dövlət başçısının cari ilin əvvəlindən verdiyi qərarlar əhalinin rifahının yaxşılaşmasını təmin etdiyi kimi,  iyunun 18-də, cəmi bir gün ərzində imzaladığı 17 sərəncam da məhz bu məqsədə xidmət edir.

-Son sərəncamları bir qədər təfsilatı ilə izah edə bilərdinizmi, olarmı? 

-Təbii ki olar. Dövlət başçısının imzaladığı Sərəncamla ölkədə minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Bu da 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanların 600 mini dövlət qurumlarında çalışırsa, 350 mini özəl sektorda fəaliyyət göstərir. Bununla yanaşı, iyunun 18-də imzalanan digər sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqları nəzərəçarpacaq dərəcədə artırıldı. Bununla yanaşı, ölkə prezidentinin parlamentə göndərdiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə ölkədə əmək pensiyalarının minimum həddinin növbəti dəfə artırılması, 160 manatdan 200 manata qaldırılması və dəyişikliklərin qəbul edilərək, imzalanmasından və hüquqi qüvvəyə minməsindən sonra oktyabrın 1-dən tətbiqi nəzərdə tutulur.

jala

Beləliklə, pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir, 40 faiz isə yaddan çıxmayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin də qeyd etdiyi kimi, orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir. Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksasiya ilə bütün pensiyaçılarımızın pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək.

 Bütövlükdə bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malikdir. Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır, qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu cür sosial inqilab xarakterli qərarlar davamlı xarakter alıb. İlin sonunadək vaxtaşırı belə qərarlar veriləcək. Nəticədə vətəndaşlarımızın güzəranı daha da yaxşılaşacaq.

 -Yeri gəlmişkən, ölkə başçısının son təyinatlarına da münasibətinizi bilmək istərdik. Çox təəssüflər olsun ki, bu təyinatlar ətrafında da müəyyən xoşagəlməz söz-söhbətlər yaradılır…

 -Bilirsiniz, bu məsələ ölkə prezidentinin ali səlahiyyətində olan bir məsələdir. Bu, Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdir. Bu baxımdan, kimsə bu məsələyə müdaxilə edə, qarışa bilməz. Bu məsələ müzakirə mövzusu olan bir məsələ deyil. Eyni zamanda, Azərbaycanda mütəmadi olaraq, kadr dəyişiklikləri, kadr islahatları aparılır və son təyinatlar da bu prosesin bir tərkib hissəsidir.Bunlar olub və olacaq. Son təyinatlarda yer alan insanlar da Azərbaycan dövlətinə və dövlətçiliyinə, ölkə prezidentinə, Heydər Əliyev kursuna öz xidmətləri, sadiqlikləri və sədaqətləri ilə seçilmiş, tanınmış insanlar, öz işlərinin, öz sahələrinin peşəkarlarıdır. Hər birinin də cəmiyyətdə nüfuzu, hörməti, çəkisi var. Ramil Usubov uzun illərdir ki, Azərbaycan daxili işlər orqanlarına uğurla rəhbərlik etmiş peşəkar kadrdır. Öz fəaliyyəti ilə həm Azərbaycan dövlətinə, həm də ölkə rəhbərliyinə sədaqəti ilə seçilən vəzifə sahiblərindəndir. Onun Təhlükəsizlik Şurası kimi mühüm bir quruma rəhbər – katib təyin edilməsi ona göstərilən növbəti böyük etimad olmaqla bərabər, həm də Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, kadr islahatlarının daha səmərəli şəkildə həyata keçirilməsi istiqamətində görülən işlərin davamıdır.

jala-7

Yeni daxili işlər naziri Vilayət Eyvazov isə öz işinin peşəkarı olan, daxili işlər orqanlarında böyük nüfuza malik, xidmətləri ilə tanınan bir insandır. Hesab edirəm ki, o, yeni vəzifəsində də uğurları, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətləri ilə seçiləcək. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilən Əli Nağıyev də Azərbaycanın layiqli kadrlarından, öz işinin peşəkarlarındandır. O, təhlükəsizlik orqanlarında ən sıravi işçidən ən yüksək mərtəbələrə qədər ucalmış, yol keçmiş bir kadrdır. Onun yenidən təhlükəsizlik orqanlarına qaytarılması, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi bu qurumun, bu sahənin daha da inkişafına və nəticə etibarilə ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə müsbət töhfələr verəcək. Həmçinin, təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti ilə seçilən Mədət Quliyevin Müdafiə Sənayesi naziri vəzifəsinin öhdəsindən uğurla və bacarıqla gələcəyinə heç bir şübhəm yoxdur. O, əvvəlki vəzifəsini uğurla icra etdiyi kimi, yeni vəzifəsini də son dərəcə uğurla icra edəcək. Digər məqamlara, kimlərinsə nəsə deyib-deməməsinə gəlincə, bunlara əhəmiyyət vermək lazım deyil. Əsas odur ki, Azərbaycan dövləti düzgün, inkişaf yolundadır və heç bir qüvvə də onun yolundan döndərə bilməz.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Rayon yollarında yeni, müasir yol nişanların ehtiyac böyükdür” – DEPUTATDAN MARAQLI TƏKLİF

Read Next

Hacıdan möhtəşəm qələbə – AZƏRBAYCANA İKİNCİ QIZILI QAZANDIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir