“Jirinovskilər əllərdə əzilmiş, kirlənmiş kartlardan savayı heç nəyə yaramayacaqlar…”-JALƏ ƏLİYEVA YAZDI

Hər zaman Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar qərəzi, nifrəti ilə “seçilən” başabəla, buqələmun və xəstə təxəyüllü “siyasətçilər”dən olan Vladimir Jirinovski necə deyərlər, yenə də ağzını Allah yoluna qoyub, ağlına gələni danışıb.

Yenə də Azərbaycana, ölkə rəhbərliyinə qarşı sərsəm, böhtan və iftira dolu “ittihamlar” səsləndirib, kin, qəzəb, şər-şəbədə püskürüb.

Cəmi bir neçə il öncə Azərbaycana gələn, ölkəmiz, xalqımız haqqında fikirlərini 180 dərəcə bucaq altında dəyişərək, müsbət fikirlər səsləndirən, ağızdolusu təriflər yağdıran bu zat yenə də öz əvvəlki ampluasına qayıdıb, yenə də dirijor çubuğu ilə hərəkət edərək, yenə də “pul havası”na oynayaraq, əsl çirkli və çirkin mahiyyətini ortaya qoyub.

Bəli, indiyə qədər ölkəmiz haqqında Jirinovski kimi sərsəm, böhtan dolu fikirlər, cəfəngiyyatlar səsləndirənlər az olmayıb, amma onların bir çoxu Azərbaycanla yaxından tanış olduqdan, burada yaşananları, Azərbaycan reallıqlarını öz gözləri ilə gördükdən sonra peşman olduqlarını, səhv düşündüklərini bu və ya digər dərəcədə etiraf ediblər, səhvlərindən nəticə çıxararaq, ibrət götürərək, Haqqın yoluna qayıdıblar.

Jirinovskinin də səhvlərindən, yanlışlarından döndüyünü, xəstə təxəyyüldən qurtulduğunu, uzaqlaşdığını zənn edirdik, amma görünür ki, səhv etmişik. Bu adam kökündən, təməlindən xəstə düşüncəli, xəstə ruhludur və onun müalicəsi yoxdur, mümkün deyil.

Bəli, bəlkə də onun sərsəmləmələrinə, iftiralarına cavab, reaksiya verməmək, onu şərəfləndirməmək olardı. Amma elə məqamlar və nüanslar var ki, bu sərsəmləmələrin, bu iftiraların mütləq şəkildə cavabı verilməli, onlar beşiyindəcə boğulmalıdır. Çünki cavab verilmədikcə, reaksiya göstərilmədikcə, həyasızlıq, böhtan, yalan, iftira daha da baş alıb gedir və nəticədə də ağrılı bir prosesə çevrilir. Belələri daha da ağzınlaşırlar.

Bu adam və onun kimilər heç də hər zaman öz fikirlərini səsləndirmir, öz xəstə təxəyyülünün, xəstə ruhunun “məhsulları”nı ortaya qoymur, mütləq şəkildə onu, onları ortaya atanların, onu, onları ortalığa itələyənlərin, onun, onların əli ilə “bulanıq suda balıq tutmaq” arzusunda olanların, antiAzərbaycan ermənipərəst qüvvələrin, Şimal qonşumuzla gündən-günə yaxınlaşan, istiləşən münasibətlərimizin pozulmasını, gərginlik yaranması və yaşanmasını istəyən dairələrin sözünü deyir, oyununu oynayır, oynayırlar.

Yəni, onun və onun kimilətin kəndiri, açarı başqalarının əlindədir, istədikləri vaxt onu, onları hərəkətə gətirir və öz çirkin məqsədlərini reallaşdırmaq istəyirlər. Vladimir Jirinovski isə belə “məsələlər”də çox “mahir”dir, heç bir hədd, sədd, dəyər, ölçü, mizan, əndazə tanımır. Amma Jirinovski də, onu ortaya dığırlayanlar da bilsinlər, məşhur atalar məsəlində deyildiyi kimi, artıq “karvan keçər” məsələsidir.

Bu günə kimi istədiklərinə, çirkli və çirkin məqsıdlərinə nail ola bilmədikləri kimi, bundan sonra heç nəyə nail ola bilməyəcəklər.

Dəyirman öz işindədir, sadəcə, çax-çax baş ağrıdacaq, necə ki, indiyə kimi belə olub, bundan sonra da belə olacaq.

Jirinovskilər əllərdə əzilmiş, kirlənmiş kartlardan savayı heç nəyə yaramayacaqlar.

Biz belələrini çox görmüşük, çox görürük, bəlkə hələ çox görəcəyik,

Qələbələrimiz, Zəfərlərimiz artdıqca. Qoy Qələbələr, Zəfərlər bizim, acı məğlubiyyətlər, miskinliklər, rəzilliklər Jirinovski və onun kimilərin qədəri, taleyi olsun!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Rusiyanın bəzi siyasətçiləri bu gün Cənubi Qafqazda baş verən prosesləri dərindən analiz etmək iqtidarında deyil…”-RAMİN MƏMMƏDOV

Read Next

Azərbaycan Jirinovskiyə görə Rusiyaya-NOTA VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir