“Jurnalistikamızın durumu milli təhlükəsizliyimizi təhdid edən ön faktor halına gəlib…”-ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI, HEYDƏR ƏLİYEV İRSİNİN SAXTA MÜDAFİƏÇİLƏRƏ EHTİYACI OLMADIĞINI DEDİ, “VURULMUŞLARA” XƏBƏRDARLIQ ETDİ…

Yeni prezidentlik müddəti ilə 2019-cu ildən məmur oliqarxiyasını tamamilə idarəçilikdən uzaqlaşdıran İlham Əliyevin hər addımı, imzaladığı yeni aktlar tarixi xarakter daşıyan “Yeni hakimiyyət”ə vəsilə oldu. O, əvvəlcə Hökuməti, daha sonra Administrasiyanı yeniləşdirərək, paralel olaraq, antidevalvasiya qərarları, şəhid ailələrinin haqq etdikləri ödənişlərlə həssas təbəqələri  bəd niyyətli qüvvələrdən qoparmağı bacardı. Axı Stolıpinin islahatlarını çara qarşı çevirənlər əbədiyyən sağdılar.

Bəli, dövlət başçısı indi ən ucqarda yaşayan sakinin dili ilə danışır. Uzun illər müxtəlif ranqlı rəsmilərin əməllərindən ziyan çəkən adamlar hər gün İstiqaliyyət küçəsi 19-dan verilən direktivlərin onların həyatını və gələcəyini dəyişən tarixi fərmanlar olduğuna daha çox əmin olurlar. Lakin qarşıdakı vəzifələr o qədər miqyaslıdır ki, yenidən güclü dövləti növbəti nəsillərə daşımaq üçün birinci olaraq, xalqa təqdim edilən zəhərli propoqandaları durdura biləcək milli informasiya məkanını bərpa etmək, qələmi və sözü idarəçiliyin fövqünə qaldırmaq, xaricdən asılı beyinlərin şəbəkə terroruna qurban olmaqdan çıxarıb onları dövlətin müttəfiqinə çevirmək ən mühüm vəzifədir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İlham Əliyevin yeni xalq hakimiyyəti” yazısında dilə gətirib.

O, qeyd edib ki, bəli, Əliyev uzun bir yol gedir. Qüdrətli Azərbaycan dövlətini gələcəyə aparan uzun yol. Şərqə və Qərbə, Cənuba və Şimala çəkilən möhkəm magistral yollar!

“İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqresivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu “yeni xalq hakimiyyəti”nin ali məramıdır. Burada ən böyük dəst-xətt uğurlu məmur karyerasını yaşayanları da gölgədən çıxarmaq, milllətinə ləyaqətlə xidmət edənləri  göstərməyi bacarmaq, ictimai fikirdə daşlaşmış “vurulmuş adamlar” gerçəkliyini dəyişdirmək, kadrların rotasiyasını normal hadisə kimi cəmiyyətə qəbul etdirmək və yeni nəslin qarşısında fərqli bir elita olduğunu göstərmək ən böyük vəzifədir! Vahid komanda milli birliyin əsas şərtidir, səmimi adamları qorumaq və şübhəçi ruhun pandemiya kimi yayılmasına imkan verməmək ən düzgün yoldur.

Məmur obrazlarını dəyişərkən, bu adın vətəndaşlarda qorxu və qəzəb doğurmaması üçün sosial pilləkənlər yaxşı işləməlidir. Kadrların işə, karyera liftlərində irəliləməsinə ənənəvi çətirlər deyil, bilik və bacarıq əsas verməlidir. Əks halda, kimlərsə yenidən özünü tayfa təfəkkürünün daşıyıcısı kimi hiss edəcək, millətləşməni unudacaq və qanunlarla hərəkət arxa plana keçəcək. Müstəqilliyimizin 30-cu yubiley ilinə çatarkən yüzlərlə nailiyyətimiz kimi uğurlu kadrlar qalereyasını da dünyaya göstərməyi bacarmalıyıq. Yoxsa, institusional yaddaşı itirmiş olarıq. Hakimiyyətin hansı qolunda olursan ol, özünü qorumaq hissi hüquqa deyil, qəyyumçuluğa dayanacaqsa, dəyişən konyunkturadan asılı olaraq, adamlar bütün etik dəyərləri tapdalayıb sağ qalmaq üçün çarpışacaqsa,  elan etdiyin ideallara və siyasi əqidəyə bağlılıq hamının gözündə əriyib yox olacaqdır. “Siyasətdə gərək başını deyil, sifətini qoruyasan” kəlamı elə-belə deyilməyib. Heydər Əliyev irsinin saxta müdafiəçilərə ehtiyacı yoxdur.

Ən başlıcası, müxtəlif səbəblərdən və bəlli addımlarla pozulan informasiya mühitində harmoniyanın qələmin müqəddəsliyini bərpa etməkdən keçdiyi qəbul olunmalıdır. Jurnalistikamızın durumu milli təhlükəsizliyimizi təhdid edən ön faktor halına gəlib. Zərdab və zərdabilik fiziologiyamızdan daha çox, mədəni dünyamızı sağaltmaq və qaranlıqlaşmış mühitimizi işıqlandırmaq üçün bizə hava-su kimi  lazımdır. Sosial şəbəkələr, əslində daim tektonik silkələnmələrə qadir olan bir kommunikasiya inqilabi kimi yaradıldığından dövlətin təməllərini silkələyə bilən qeyri-sabit informasiya məkanını deyil, digər alternativ açıq müzakirə müstəvilərini genişləndirmək, parlamentdən çap mediasına, mərkəzi idarələrdən  yerli hakimiyyət strukturlarına,  bütün hökumət və onun bölgələrdəki təşkilati dayaqlarınadək xalqı canlı diskussiyalara qaytarmaq yeni elitanın cari və perspektiv qayğılarını təşkil etməlidir. Nifrətin yayılma arealını dürüst, obyektiv, həqiqi düşüncə axarlarına meydan açmaqla aradan qaldırmaq olar. Hər gün android ekranlarımıza gələn və özünü təklif edən sürüşkən xəbər kütləsinin yerini sistemli işlər aparıldığında maksimum altı aya dolğun, intellektual və millətin qurucu gücünü artıran proqramlar, görüşlər, layihələr, dialoqlar tutacaqdır.

Ola bilsin, dövlətin zahiri fasadında demokratiya və söz azadlığı kimi fundamental istilahlar daha çox qabardılsın, amma şərqli məfkurəsi ədaləti hər şeydən uca tutur! Xalqı eşitmək və onun qəlbinin dərinliyini duymaq İlham Əliyevin yeni tip dövlət quruculuğunun mənəvi təməllərini təşkil edir. Ona görə də pandemiyanın gətirdiyi qlobal siyasi-iqtisadi axınlar bizim suveren milli dövlət yolumuzdan çıxarmağa qoymayacaq. İnam və etibar hissi minillik tariximizin, islamın təməlində dayanan məhək daşları kimi indi Əliyevin dövlətinin əsasında durur və onu daimi tənqid, şübhəçilik təlqin edən digər quruluşlardan fərqləndirir.

Ona görə də beyinlərdə özünə kök salan və ideoloji, siyasi boşluğun nəticəsində rəsmi kursdan qopmuş vətəndaşlarımızla dialoq-daimi kommunikasiya rejiminə qayıtmaq, korrupsiya cinayətlərinə qarşı mübarizəni dövlətin əleyhinə yönəldənlərin qarşısında şəffaf məhkəmələr quraraq qanunun torunu yırtıb keçən akulaları tutub saxlamaq, “yuxarılara aşağılar”ın ləyaqətini qəbul etdirmək, onunla daima hesablaşmağa yönəltmək və millətdən qoparılan sərvətləri dövlətin, xalqın büdcəsinə qaytarmaq bir neçə cəbhədə savaş aparan insanları vahid bayraq altında birləşdirməyin yeganə formuludr. Lakin bununla bərabər, dövlət və məmur arasında bərabərlik işarəsi qoyaraq, ötən on illərin uğur hekayələrini təbii, yaxud məcburi vəzifələrdən qoparılan adamlarla birgə tapdamaq düşmən iddialarının qalib gəlməsinə yol açır, kütləvi qaralama kampaniyasının yaratdığı sosial dopinq altında ən yaxın tərəfdarlar ordusunu passiv müşahidəçiliyə sürükləyir. Uğursuz və cinayətkar kadrların əməllərinə qiymət verərkən “çirkli su ilə bərabər uşağı, indiki halda dövləti çölə atmaq olmaz”! Ötən 16 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yolunu on, iyirmi odioz, antisosial məmur, yaxud digər yüksək ranqlı fiqurun üzərindən qiymətləndirmək rəqiblərin məntiq tələsinə düşmək deməkdir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda yeni tədris ili başladı-6 AY YARIMDAN SONRA MƏKTƏBLƏR AÇILDI, ÖLKƏ PREZİDENTİ AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB – FOTO

Read Next

Naxçıvandan Yaqublu ilə bağlı-TƏHZİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir