Kamran Əliyev: Korrupsiya ilə bağlı 159 cinayət işi başlanıb

Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Etikxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, 2016-cı il ərzində Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb. Araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.

K. Əliyev qeyd edib ki, 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib.

Tədbirdə çıxış edən  Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı islahatlar ili olub: “Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyətin Planının 86%-i və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının 82%-i dövlət orqanları tərəfindən icra olunub. Azərbaycan Respublikasının Beynəlxalq Şəffaflıq təşkilatının “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri” hesabatlarında mövqeyinin irəliləməsini, “2016-cı il Qlobal Korrupsiya Barometri”nə əsasən, sorğuda iştirak edən respondetlərin 79%-nin korrupsiyanın ölkəmizin üzləşdiyi əsas problemlərdən hesab etmədiyini bildirib”.

Mətbuat konfransında qeyd olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da fəaliyyətini göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.

Etikxeber.az

Read Previous

6 vəzifəli şəxs rüşvət alarkən tutuldu…

Read Next

Düşmən mövqelərinə cavab atəşi endirilib – MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir