Karate, paracüdo və cüdoçularımız nə qədər medal qazanıb? – FOTO

V İslam Həmrəyliyi Oyunlarının karate yarışlarının ikinci günündə – mayın 14-də Bakı İdman Sarayında idmançılar kumite və kata üzrə mübarizə aparıblar. Yarışların ikinci və sonuncu günündə karateçilərimizdən İrina Zaretska, Ayxan Mamayev və Roman Heydərov qızıl, Fəridə Əliyeva gümüş, Asiman Qurbanlı isə bürünc medal qazanıb.

Etikxeber.az xəbər verir ki, kumite yarışlarında qadınlardan Azərbaycanı İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil ediblər. Karatenin kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlarda Neda Rezei, kişilərdə isə Roman Heydərov olub.

Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. O, finalda türkiyəli Eda Eltemuru 3:0 hesabı ilə məğlub edərək “Bakı-2017″nin qızıl medalına yiyələnib. Bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traiş sahib çıxıblar.

Kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Ayxan Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Bürünc medalları özbəkistanlı Əbdüləziz Ataboyev və misirli Muhammed Elkotbu əldə ediblər.

Kata yarlarında Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib. Roman Heydərov finalda türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edərək “Bakı-2017″nin qızıl medalına yiyələnib. Bu yarışlarda bürünc medalları misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi qazanıblar.

Kumite yarışlarında Azərbaycan idmançısı Fəridə Əliyeva yarışa dörddəbir finaldan qoşulub. O, bu mərhələdə rəqibi əlcəzairli Atif İmeneni məğlub edib. Karateçimiz yarımfinalda pakistanlı Nargis Nargisdən 1:0 hesabla üstün olub. İdmançımız finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olaraq “Bakı-2017”nin gümüş medalını qazanıb. Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Ağaei əldə ediblər.

Kumite yarışlarında Azərbaycan idmançısı Asiman Qurbanlı dörddəbir finalda Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. Asiman Qurbanlı bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamediyə 4:2 hesabla qalib gəlib. Bu çəki dərəcəsində qızıl medalı iranlı Sayad Qanzade, gümüş medalı isə Türkiyə təmsilçisi Enes Erkan qazanıb.

Xatırladaq ki, karateçilərimiz yarışın birinci günündə – mayın 13-də beş medal əldə ediblər. Medallardan ikisi qızıl, biri gümüş, ikisi isə bürünc olub. Rəfael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal əldə ediblər.

Bununla da Azərbaycan karateçiləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını beş qızıl, iki gümüş və üç bürünc medalla başa vurublar.

***

Cüdo yarışlarının ikinci günündə atletlərimiz 2 qızıl və 2 gümüş medal əldə ediblər.

Əvvəlcə 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev komandamızın aktivinə ilk qızıl medalı əlavə edib. O, finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanıb. Bu çəkidə bürünc medallara türkiyəli Batuhan Efemgil və Livan idmançısı Nasif Elias sahib olublar.

Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində finalda Azərbaycanın iki titullu cüdoçusu – dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov qarşılaşıb. Rəqibini ipponla məğlub edən Elxan Məmmədov “Bakı-2017”nin qalibi olub.

Bu çəki dərəcəsində üçüncü yeri Əlcəzair idmançısı Lyes Buyakub və Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu İvan Remarenko tutublar.

Qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medalla kifayətlənib. Bu çəkidə bürünc medal əlcəzairli Sonya Asselahın aktivinə yazılıb.

Digər çəki dərəcələrində kişi idmançıların yarışında iranlı Sayed Mollaei (81 kq) və Qırğızıstan təmsilçisi Yuri Krakovetski, qadınlarda isə özbəkistanlı Gülnoza Matniyazova (70 kq) və Tunis idmançısı Sarra Mzuqi (78 kq) IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend və nişanlar üzrə direktoru Daniel Tomlinson təqdim ediblər.

***

Paracüdo yarışının ikinci günündə atletlərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.

66 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Elçin Talıbov finalda digər təmsilçimiz Bayram Mustafayevi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu çəki dərəcəsində üçüncü yeri Türkiyə təmsilçisi Recep Çiftçi tutub.

Yarışda 73 kiloqramda çıxış edən “Rio-2016” XV Yay Paralimpiya Oyunlarının çempionu Ramil Qasımov həlledici qarşılaşmada özbəkistanlı Feruz Sayidov üzərində inamlı qələbə qazanaraq qızıl medal əldə edib. Bu çəki dərəcəsində bürünc medallar Azərbaycan idmançıları Natiq Talıbova və Əlcəzair təmsilçisi Yusef Racaya nəsib olub.

Doxsan kiloqram çəki dərəcəsində bürünc medal uğrunda görüşdə idmançılarımız Rövşən Səfərov ilə Tofiq Məmmədov qarşılaşıblar. Rəqibindən aşkar üstün olan Rövşən Səfərov ipponla qalib gələrək “Bakı-2017″ni üçüncü yerdə başa vurub. Bu çəki dərəcəsində çempion adına finalda iranlı Mohammad Ali Şananini məğlubiyyətə uğradan Özbəkistan idmançısı Şuxrat Boboyev layiq görülüb.

Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində təmsilçimiz Kənan Abdullaxanlı qızıl medal uğrunda görüşdə Özbəkistan idmançısı Şirin Şapirovla dueldən məğlub ayrılıb və Oyunların gümüş medalı ilə kifayətlənib.

Həmin çəkidə mübarizə aparan digər təmsilçimiz – ikiqat Olimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev (+100 kq) üçüncü yeri tutub. Bürünc medal uğrunda təmsilçimiz türkiyəli Dursan Hayranı mübarizədən kənarlaşdırıb.

Qalib idmançılara medalları Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend və nişanlar üzrə direktoru Daniel Tomlinson təqdim ediblər.

Beləliklə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında idmançılarımız ümumilikdə 20 medal – 8 qızıl, 9 gümüş və 3 bürünc qazanıblar.

Etikxeber.az

Read Previous

“Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil…” – MƏMMƏDYAROV

Read Next

Qadın həndbolçularımız “İslamiada”nın birincisi oldular – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir