“Kataklizmlər dünyanın bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi” – AZƏR BADAMOV

“Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır”
Etikxeber.az Milli Məclisin deputatı Azər Badamovun müsahibəsini təqdim edir:

– Azər müəllim, 2016-cı ili başa vurmaqdayıq. Ümumiyyətlə, cari ili sosial-iqtisadi, eləcə də digər kontekstlərdə necə qiymətləndirmək olar?

– Vurğulamaq lazımdır ki, 2016-cı il həyatımıza müəyyən qədər çətin şərtlər çərçivəsində daxil olmuşdu. Belə ki, 2015-ci ilin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, eləcə də dünya bazarında bir sıra kataklizmlərin yaşanması, enerji ixrac edən ölkələrdə hərbi qarşıdurmaların yaşanması dünya iqtisadiyyatında müəyyən geriləmələrə səbəb oldu. Bu kataklizmlər dünya iqtsadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi. Bununla belə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət kursumuz Azərbaycanın bu gərginliklərdən ən minimal itkilərldə çıxmasına yol açdı. Ölkəmizdə sosial müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, orta və kiçik sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, verilən qərarlar qeyri-neft sektorunun daha da dirçəlməsinə, insanların rifah halının yüksəlməsinə yol açdı.

Birmənalı vurğulamaq lazımdır ki, Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası kənd təsərrüfatının inkişafı ilə bağlı planlı tədbirlər görülür. Məsələn, baramaçılığın inkişafı, pambıqçılığın dirçəldilməsi, ixracyönümlü aqrar məhsulların xarici bazarlara çıxışının təmin edilməsi ölkəmizdə qeyri-neft iqtisadiyyatının yüksəlişinə mühüm tövhələr verəcək. Digər tərəfdən, yeni sənaye komplekslərinin yaradılması yönündə aparılan fəaliyyət ölkəmizin qısa zaman kəsiyində yeni-yeni uğurlara imza atacağını deməyə əsas verir.

– Qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri  də aqrar sahədir. Hazırda aqrar sahənin inkişafı yörnündə  atılan addımların effektivliyini necə dəyərləndirərdiniz?

– Bu gün regionlarda aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinin təmini istiqamətində strateji əhəmiyyət kəsb edən işlər görülür. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı 2014-cü ildə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Təkcə bu ilin 9 ayında qeyri-neft sənayemiz 3,6 faiz artıb. Kənd təsərrüfatımızda 2,4 % artıma nail olmaqla ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatının 80% məhz daxili istehsalla təmin edə bilirik. Dövlətimizin təsdiq etdiyi «Azərbaycan 2020: Gələcəyə baxış» iqtisadi inkişaf konsepisyası mövcuddur. Düşünürəm ki, qarşıya qoyulan proqramlar icra olunandan sonra Azərbaycan ölkədə ərzaq təhlükəsizliyini tam təmin etməklə xarici bazarlara da kifayət qədər məhsul ixrac edən ölkəyə çevriləcəkdir.

Digər tərəfdən, 2014-2018-ci illərə dair regional inkişaf proqramı yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışları özündə əks etdirir. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırki müasir inkişaf mərhələsinin reallıqlarıdır. Yeni inkişaf konsepsiyası Azərbaycanda innovativ-kreativ iqtisadiyyatın yaradılmasını və rəqabətədavamlı milli məhsul ixracının gücləndirilməsini, bunun fonunda ölkəmizin milli ixrac potensialının qlobal bazarlarda üstünlüyünü təmin etməyi nəzərdə tutur. Bu pozitiv proqnozları yeni onilliklə bağlı inkişaf ssenariləri də ehtiva etmiş olur.

– Sizcə, Tarif Şurasının qazın və elektrik enerjisinin qiymətlərində diferensial qiymətləndirmə və optimallaşdırma üsulundan istifadə etməsi hansı tendensiyalara yol açacaq? Bununla bağlı birmənalı olmayan fikirlər var…

– Dünyada bir sıra dövlətlər enerjilərin qiymətləndirilməsində müxtəlif üsullardan istifadə edirlər. Məsələn, bəzi ölkələrdə bu həftənin günləri, bəzilərində isə limit prinsipi ilə aparırlar. Ölkəmizdə də Tarif Şurasının qiymətləndirmədə diferensiallaşdırmanı tətbiq etməsi ilk növbədə izafi itkilərin qarşısını alacaq, istər qazın, istərsə də elektrik enerjisinə qənatə yol açacaq. Digər tərəfdən, bu məsələdə limitlərin təyin edilməsi olduqca əhəmiyyətlidir. Məsələn, qazın əhali üçün yeni qiymətləri yalnız 1500 kubmetrdən sonrakı həcmə şamil ediləcək. Eləcə də elektrik enerjisinin yeni qiymətləri 250 kilovatsaatdan sonra əsas götürüləcək. Fikrimcə, yeni qiymətləndirmə əhalinin mühüm hissəsinin ödənişlərində dəyişikliyə səbəb olmayacaq.

– Azər müəllim, 2016-cı il həm də “Multikulturalizm ili” idi. İl ərzində multikulturalizmin təbliği yönündə görülən işlər haqqında fikirlərinizi bilmək istərdik.

– 2016-cı ilin «Multikulturalizm ili» elan edilməsi olduqca böyük bir addım idi. Bu gün dünyada baş verən kataklizmlərin, dini-irqi səbəblərlə əlaqələndirilən qarşıdurmaların fonunda ölkəmizdə var olan tolerant mühit bir daha dünyaya nümunə göstərilməlidir. Azərbaycan hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkədir. Elə buna görə də, ölkəmizin adı yüksək tolerantlıq sərgiləyən ölkələrin siyahısında ən yüksək yerlərdən birini tutur.

2016-cü ilin “Multikulturalizm ili” kimi Azərbaycan tarixinə yazılması nəinki ölkə daxilində, hətta regionda və bütün dünyada tolerantlığın qorunmasına yüksək töhfə verməyə imkan yaratdı. Ümumiyyətlə, multikulturalizmin qorunması  ötən dövrlərdə də ölkəmiz üçün aktual bir məsələ olub. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər, ortaya qoyduğu mövqe dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə dünyada tolerantlığın, sivilizasiyalar arasında dialoqun yaradılması istiqamətində bir sıra beynəlxalq tədbirlər keçirilib. Bundan başqa, Heydər Əliyev Fondunun, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə bir çox tədbirlərə Bakı ev sahibliyi edib ki, məhz bu da ölkəmizin tolerantlığa, dünyada barışa verdiyi töhfə kimi dəyərləndirilməlidir. Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bu yöndə aparılan fəaliyyətin gücləndirilməsi isə xalqımızın bir amal, bir ideya-azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsini təmin edir. Fikrimcə, əsrlərdir ki, ölkəmizin həyat tərzinə çevrilmiş multikulturalizm, tolerantlıq gələcək illərdə də xalqımızın əsas təməl prinsipi kimi yaşayacaq.

Etikxeber.az

Read Previous

“Heydər Əliyev bir ailənin oğlu kimi dünyaya gəldi, amma…” – DEPUTAT

Read Next

Dövlət İmtahan Mərkəzi valideyn və müəllimlərlə görüşlər keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir