Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Keçmiş həyat yoldaşları tərəfindən tərk edilmiş bir qrup Şəhid anası ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Birinci vitse-prezident, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, Milli Məclisin sədri Sahibə Qafarovaya və millət vəkillərinə müraciət ünvanlayıblar.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Cənab Prezident!
Xanımlar xanımı Mehriban xanım!
Hörmətli Bahar xanım!
Övladlarını İkinci Vətən Müharibəsində Səhid vermiş Analar olaraq, yazıb Sizə bildirmək istəyirik ki, balalarımız 1988-ci ildən başlayan qanlı Qarabağ münaqişəsinə, 28-30 illik işğala cəmi 44 gündə qanları, canları ilə son qoymuş oğullardır. Bizlər övladlarımızı, balalarımızı torpaqlarımızın, Qarabağımızın işğaldan azad olunması, murdar, şərəfsiz erməni tapdağından qurtulması üçün qurban vermişik. Bizim balalarımız Qələbə və Zəfər Şəhidləridir.
Bu müraciəti imzalayanlar arasında elələri var ki, tək, subay, nişanlı oğullarını, iki övladından-iki oğlundan birini Vətən yolunda Şəhid verib. Hətta elə analar var ki, hər iki oğlu və hətta hər üç övladı, hər üç oğlu İkinci Vətən Müharibəsində iştirak edib, Şəhid, Qazi olub, qəhrəmanlıq Dastanı yazıb. Balalarımız, Şəhidlərimiz, Qazilərimiz bizim Baş Tacımızdır. Övlad, oğul itkisi nə qədər dözülməz, çəkilməz və əzablı olsa da, bizlər onların ruhları, xatirəsi naminə dözürük, həm də balalarımızla Fəxr edir, Qürur duyuruq. Fəxr edirik, Qürur duyuruq ki, belə İgid, Qəhrəman oğulların analarıyıq.
Bizlər 3 ilə yaxındır övlad acısı, övlad dərdi yaşayırıq. Biz yaşadıq, kimsə yaşamasın, biz çəkdik, kimsə çəkməsin bu acını. Ancaq dərdimiz, acımız azmış kimi, indi də bizləri-Şəhid analarını tərk etmiş keçmiş həyat yoldaşları, bizlər bir yana-balalarını atıb getmiş, öz keflərini sürmüş, ata adına ləkə olan “atalar” ortaya çıxaraq, balalarımızın, Şəhidlərimizin, onları minbir əzab-əziyyətlərlə yetişdirən Dərdli, Yaralı anaların Haqqına girməklə məşğuldurlar. Azərbaycan qanunvericiliyindəki boşluqlardan istifadə edərək, “Şəhid atası” statusuna yiyəələnərək, üzərlərində heç bir Haqqı olmayan Şəhidlərimizin Uca adına, şərəfinə ləkə gətirirlər. Abır-həya bilmədən “Şəhid atasıyam”-deyərək, dövlətdən Haqq tələb edirlər, öz şəxsi, çirkin məqsədlərinə çatmaq üçün hətta dövlət qurumlarını, səlahiyyət sahiblərini, dövləti özünü belə şantaj etməkdən çəkinmirlər. Bunu onların yaydıqları videolardan da açıq-aşkar görmək mümkündür. Nə haqla, hansı haqla?
Biz övladlarımızı kirayələrdə, daxmalarda, ata, qardaş qoltuqlarında, ondan-bundan söz götürə-götürə, minbir əzab-əziyyətlərlə böyüdəndə bu üzdəniraq atalar haradaydı? Niyə ata olduqları yadlarına düşmürdü? Çoxları aliment belə verməyiblər ötən illər ərzində. Övladları necə böyüyüb, necə boya-başa çatıb, rəngləri-ruhları necədir, ondan belə xəbərləri yoxdur, olmayıb. Övladların bir xoş günündə, bir tədbirində iştirak etməyiblər. İndi nə üzlə, nə haqla çıxıblar ortalığa? Amma biz analar hər bir əzaba qatlaşaraq, balalarımızı atmamışıq, onlara sarılmışıq, bir qarnı ac-bir qarnı tox olsa da, böyütmüşük, boya-başa çatdırmışıq və ən əsası bu Vətən üçün yetişdirmişik.
Övladlarımız arasında ali təhsilli və kollec (texnikum) təhsilliləri, o cümlədən, idmanla, musiqi ilə, yaraddıcılıqla məşğul olanları var, olub. Biz əxlaqlı, tərbiyəli, Vətənpərvər övladlar böyütmüşük yaşadığımız, çəkdiyimiz acılara rəğmən. Bəli, bizlər belə Vətənpərvər övladlar böyütməsəydik, onlar bir an belə tərəddüd etmədən Vətən yolunda Şəhadəti, Şəhidliyi, Qaziliyi seçməzdilər, Vətən yolunda canlarını qurban verməzdirlər. Bəli, onlar-balalarımız kimi bizlər də qəhrəmanlarıq, Qəhrəman analarıq. Qəhrəman anaların Qəhrəman oğullarıdır bizim oğullar.
Amma övladlarımızın Şəhidliyindən sonra xortlayıb ortaya çıxan “atalar” balalarımızın uca Şəhid adına xələl gətirməklə, həm onların, həm də bizlərin Haqqına girməklə məşğuldurlar. Qeyd etdiyimiz kimi, məhz Azərbaycan qanunvericiliyindəki boşluqlardan istifadə edərək, yaramaz, nanəcib əməlləri həyata keçirir, balalarımızın, bizim Haqqımıza girirlər. Balalarının hətta dəfnindən, Anım mərasimlərindən, mövludlarından xəbəri olmayanlar, indi guya “Şəhid atası” olublar. Yenə də qeyd edirik-nə üzlə, hansı haqla? Niyə imkan vermlər ki, acımızı yaşayaq, dərdimizi çəkək?!”
Müraciətdə sonra deyilir:

“Cənab Müzəffər Ali Baş Komandan!
Əzizimiz və dəyərlimiz Mehriban xanım!
Hörmətli Bahar xanım!
Bu müraciət ünvanlamaqla, Sizlərdən bu Dərdli, Yaralı, Qəhrəman anlara həm mənəvi, həm də hüquqi müstəvidə dəstək olmağınızı istəyirik. İstəyirik ki, balalarımızın Uca Şəhid adına xələl gətirilməsin, onların və onları yetişdirən anaların Haqqına girilməsin, Haqqı tapdalanmasın göz görə-görə. Həmçinin, Azərbaycan dövləti şantaj olunmasın, dünyada biabır edilməsin.
Ona görə Sizlərdən xahiş və rica edirik ki, səlahiyyətlərinizdən istifadə edərək, bu məsələdə bizə dəstək olasınız, müvafiq qurumlara, məhkəmə insatansiyalarına üzdəniraq ataların “Şəhid atası” statusundan məhrum edilməsi, ümumiyyətlə, onların atalıq hüququndan məhrum olunması, onların yaramaz əməllərinə görə həm balalarının ruhları, həm Şəhid anları, həm də ölkə qanunları qarşısında cavab vermələri, məsuliyyətə cəlb olunmaları üçün müvafiq tapşırıq və göstərişlər verəsiniz.
Yaxud da, qanunvericilik təşəbbüsü ilə çıxış edərək, parlamentə bu məsələnin tez bir zamanda ədalətli həlli üçün qanun layihəsi göndərəsiniz və onun ali qanunverici orqanda qəbuluna nail olasınız.
Ümid edirik və inanırıq ki, belə də olacaq, müraciətimiz qısa bir zamanda nəzərə alınacaq, öz müsbət həllini tapacaq və həm balalarımızın ruhu huzur tapmış olacaq, həm də biz anaların acısı, yarası az da olsa, xəfifləmiş olacaq. Sizlərdən dönə-dönə rica və xahiş edirik!
Allah Sizləri, Qalib Azərbaycanımızı qorusun!“

Milli Məclisin rəhbərliyinə və millət vəkillərinə göndərilən təxminən eyni məzmunlu müracitədə isə bildirilir:
“…Sizlərdən xahiş və rica edirik ki, səlahiyyətlərinizdən istifadə edərək, bu məsələdə bizə dəstək olasınız, çox yaxın zamanlarda bizləri-bu müraciətə imza atanları birlikdə qəbul edəsiniz, dinləyəsiniz, harayımıza, fəryadımıza, səsimizə səs verəsiniz.
Üzdəniraq ataların “Şəhid atası” statusundan məhrum edilməsi, ümumiyyətlə, onların atalıq hüququndan məhrum olunması üçün müvafiq qanunvericliyə dəyişiklik və əlavələri nəzərdə tutan qanun layihəsi hazırlayasınız və onun ali qanunverici orqanın növbəti-payız sessiyasında təcili müzakirələrə çıxarılaraq qəbuluna nail olasınız. Hər halda istəməzsiniz ki, biz Yaralı, Dərdli Analar Milli Məclisin qarşısına toplaşaq və etiraz aksiyası keçirək. Bunu biz də istəmirik. Bu, nə Sizlərə, nə də biz Analara lazımdır…”
Etikxeber.az





