Kiçik pozuntular səsvermənin yekun nəticəsinə təsir edə bilməz – MURADOVA – FOTOLAR

ATƏT PA Azərbaycandakı prezident seçkilərini müzakirə etdi

Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın prezidenti Georgi Tseretelinin məruzəsi ətrafında müzakirələr aparılıb.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova müzakirələrdə çıxış edib.

ATƏT PA-nın və şəxsən onun sədrinin fəaliyyəti barədə müsbət fikirlər söyləyən B.Muradova Azərbaycanın ATƏT PA ilə dialoqa böyük əhəmiyyət verdiyini, ölkəmizin onun işində fəal iştirak etməyə çalışdığını diqqətə çatdırıb.

baharrrr-atettttttt

baharrrr-atettttttt-1

Azərbaycan nümayəndəsi dövlətlərarası regional münaqişələrin faciəli nəticələri və suveren dövlətlərin ərazilərinin işğalı ilə bağlı məsələlərin təşkilatın diqqət mərkəzində olmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, ATƏT PA-nın üzvləri belə münaqişələr nəticəsində insan haqlarının pozulmasına etirazını birincilər sırasında bildirməlidirlər.

O, həmkarlarını Avropada təhlükəsizlik və əməkdaşlıq konsepsiyasına uyğun olaraq daha qəti addımlar atmağa çağırıb.

Azərbaycan nümayəndəsinin nitqində ATƏT-in və onun parlament forumunun qərarlarının icra mexanizmlərinin daha da təkmilləşdirilməsi istəyi ifadə olunub.

B.Muradova çıxışının sonunda qeyd edib ki, Azərbaycan multikulturalizm sahəsində müsbət təcrübəsini bölüşməyə hazırdır.

G. Tsereteli isə  başçılıq etdiyi təşkilatın fəaliyyətinin azərbaycanlı həmkarlar tərəfindən yüksək qiymətləndirilməsinə görə Azərbaycan nümayəndə heyətinin başçısına təşəkkür edib və belə bir fikirlə razılaşıb ki, ATƏT-in qərarlarının həyata keçirilməsi mexanizmləri həqiqətən təkmilləşdirilməlidir.

Eyni zamanda, B. Muradova sonra  təşkilatın Daimi Komitəsinin iclasındakı çıxışında ATƏT-in müşahidə missiyasının xüsusi əlaqələndiricisi Nilza de Senanın hesabatına cavab olaraq, bəzi strukturların Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibətdə qərəzli və subyektiv mövqeyinə diqqət çəkib.

O, xüsusi əlaqələndiricinin tənqidi fikirlərini şişirdilmiş adlandırıb və qeyd edib ki, seçkilər şəffaflıq şəraitində keçirilib, vətəndaşların bütün konstitusion hüquqları tam olaraq təmin edilib, namizədlərə isə qanunvericilik çərçivəsində hər cür şərait yaradılıb.

B. Muradova deyib:

“Təbii ki, heç bir ölkədə seçkilər hər hansı kiçik pozuntular olmadan keçirilmir. Azərbaycan da istisna deyil, lakin qeydə alınmış kiçik pozuntuların heç biri səsvermənin yekun nəticəsinə təsir edə bilməz”.

Nümayəndə heyətinin rəhbəri həmkarlarını əmin edib ki, Azərbaycanda konstruktiv dialoqa hazırdırlar və obyektiv tənqidə hər zaman müsbət yanaşırlar. Lakin selektiv və qərəzli qiymət verilməsi tərəqqiyə kömək etmir.

G. Tsereteli də  öz növbəsində, konstruktiv mövqeyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib və gələcəkdə də Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsini arzulayıb.

O, həmçinin,  təşkilatın illik 27-ci sessiyası çərçivəsində Berlində keçirilən Daimi Komitənin iclasında cari ilin mart ayında İpək Yoluna Dəstək Qrupunun konfransında iştirak etmək üçün Bakıya etdiyi səfərdən danışıb.

G. Tsereteli dövlətimizin rəhbərliyi ilə görüşünə dair təəssüratlarının bölüşüb, ATƏT PA və Azərbaycan hökuməti arasında əməkdaşlığın yüksək səviyyəsindən razılığını bildirib, tərəflər arasında qarşılıqlı anlaşmanın olduğunu qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

ATƏT PA-nın Berlin sessiyası…

Read Next

İngiltərə də yarımfinala yüksəldi- sonuncu yarımfinalçı isə Xorvatiya oldu – 1:1- YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir