KİM KİMƏ TƏZYİQ EDİB? – Politoloq yazdı

Amerika prezidenti Donald Tramp impiçment təhlükəsi (respublikaçıların nəzarətində olan Senat Nümayəndələr Palatasının prezidentə qarşı impiçment qərarını böyük ehtimalla təsdiq etməyəcək) qarşısında ağıllı gediş edib.

Trampa qarşı impiçment proseduru guya onun Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqiylə bağlı başlayb.

Yəni Tramp telefon danışığında guya Zelenskiyə təzyiq edib ki, Ukrayna prezidenti keçmiş vitse-prezident Cozef Baydenin və onun oğlunun şirkətinin Ukraynadakı fəaliyyətini araşdırsın. Demokratlar məhz bundan sonra haray-həşir qaldıraraq, Tramp prezident seçkilərində ona rəqibi ola biləcək Baydenə qarşı qanunsuz hərəkət edib. Halbuki, demokratlardan məhz Baydenin prezidentliyə namizəd olacağı hələ bəlli deyil, ilkin seçki keçirilməyib, debatlar başlamayıb.

Donald Tramp və onun müşavirləri demokratların hücumlarından qorunmaq üçün prezidentin dostu və Nyu-Yorkun keçmuş meri Rudolf Culianini Kiyevə göndəriblər. Culiani bir güllə ilə iki dovşan vurub. O Kiyevdə həm Tramp üçün alibi axtarıb, həm də Amerikanın televiziya kanallarından biri üçün araşdırma hazırlayıb.

Culiani Kiyevdə Ukraynanın keçmiş prokuroru və digər məmurları ilə görüşüb, onların çoxu Baydenin oğlunun şirkətinin qanunsuz əməlləri haqqında xeyli fakt sadalayıblar. Bayden zamanında Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya təzyiq edib ki, Poroşenko vitse-prezidentin oğlunun şirkətinin qanunsuz əməllərini araşdıran prokuroru işdən çıxarsın.

Poroşenko təzyiq qarşısında prokuroru işdən çıxarıb. İndi həmin prokuror əlindəki faktlarla Amerikaya gedib Konqresdə şahidlik etməyə hazır olduğunu bildirib. Bundan başqa Culiani özü ilə Vaşinqtona bir neçə ukraynalı şahid də aparıb.

Beləliklə, Tramp və onun komandası demokratlara güclü zərbə vurublar. Demokratlar Trampı Amerika daxili məsələ ilə bağlı Ukraynanın indiki prezidentinə təzyiq etməkdə günahlandırırlar. Halbuki, keçmiş vitse-prezidenti Cozef Bayden Ukraynanın keçmiş prezidentinə daha böyük təzyiq edib və Pyotr Poroşenko bu təzyiqə dözməyərək prokuror işdən çıxarıb.

Məsələ burasındadır ki, Poroşenko prokuroru işdən çıxarmasaydı keçmiş Ağ Ev administrasiyası Ukraynaya maliyyə yardımı etməyəcəkdi. İndi kim kimə – Tramp Zelenskiyə, yoxsa Bayden Poroşenkoya təzyiq edib?

Bu suala Amerikanın siyasi və ekspert dairələri cavab verməlidirlər.

Ümumiyyətlə hazırki vəziyyət dünyanın super dövlətinə xasdır. Amerikalı siyasətçilər elə bilirlər ki, dünyada hamı onların fikrini qəbul etməli, onlar kimi düşünməli və onlara etiraz etməməlidirlər.

Əksi baş verəndə də başlayırlar qorxutmağa, təhdid etməyə və sanksiyalarla hədələməyə.

Elxan ŞAHİNOĞLU,

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Etikxeber.az

Read Previous

“Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar…” -CAVİD QURBANOV – FOTO

Read Next

“Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk”- PREZİDENTLƏR BƏYANATLA ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir