Kim könüldə taxt qurursa… Qənirə Paşayevanın yeni yazısı

Əsl müəlimlər heç zaman unudulmurlar, çünki könüllərdə taxt qururlar. Əsl müəllim kimdir? – deyiləndə bir zamanlar oxuduğum, ilginc həyat hekayətini xatırlayıram; Möhtəşəm bir hekayədir və müəllim olmaq istəyən gənclərimizin mütləq oxuması vacibdir.
…Sinifin Tomsonun soyadlı yeni müəlliməsinin ilk günlərdə ən ön sırada sanki çökmüş kimi oturan Teddi adlı şagird xüsusi diqqətini çəkir. Xanım Tomson Teddini müşahidə edir və onun digər uşaqlarla oynamadığını, geyiminin çirkli və özünün də daima hamam qəbul etməsi gərəkən bir halda olduğunu görür. Teddinin hər zaman kədərli olması onun diqqətindən qaçmır. Çalışdığı məktəbdə xanım Tomsona hər şagirdin keçmişdəki qeydlərini incələmək də tapşırılmışdı və o, Teddinin “qovluğ”unu incələdiyində heyrətlənir. Çünki birinci sinif müəllimi “Teddi ağıllı bir uşaqdır və hər an gülməyə hazırdır. Tapşırıqlarını nizamlı olaraq yerinə yetirir və çox xoş təbiətlidir. Dostları onunla dostluqdan xoşbəxtdir…”- deyə yazmışdı. II sinif müəllimi: “Mükəmməl bir şagirddir. Dostları tərəfindən çox sevilir. Amma evdə anasının amansız xəstəliyi onu üzür və düşünürəm ki, evdəki yaşamı çox çətindir” – deyə yazırdı. III sinif müəllimi: “Anasının ölümü onun üçün çox çətin oldu. Atası ona yetərincə ilgi göstərmir və əgər bir şeylər edilməzsə, evdəki dözülməz yaşam ona təsir edəcək” – deyə yazmışdı… IV sinif müəllimi isə: “Teddi özünə qapalıdır və məktəbə heç bir ilgi göstərmir. Heç bir dostu yoxdur və bəzən sinifdə yatır” – deyə, qeyd etmişdir…
Xanım Tomson məsələni çözmüşdü və özündən utanırdı.Yeni il gəlirdi. Şagirdləri ona gözəl kağızlara sarılmış Yeni il hədiyyələri gətirdiyində özünü daha da pis hiss etdi. Çünki Teddinin ərməğanı qəhvəyi rəngli bir kisə kağızına səliqəsiz sarılmışdı. Bəzi şagirdlər Teddinin saxta daşlardan hazırlanmış, bir neçə daşı düşmüş bilərzik və sadəcə üçdə biri dolu ətir şüşəsindən ibarət hədiyyəsini gördükdə gülməyə başladılar. Amma müəllimə bilərziyin çox zərif olduğunu söylədi və ətirdən də bir neçə damlanı biləyinə damladaraq onun çox gözəl olduğunu deyib, Teddiyə təşəkkür etdi. Müəllimənin bu addımı ilə gülüşlər kəsdi. O gün dərs saatları bitdikdən sonra Teddi müəllimənin yanına gedərək “xanım Tomson, bu gün anam kimi ətir verirdiniz” dedi!.. Teddi və digər uşaqlar getdikdən sonra müəllimə təqribən bir saata qədər ağladı. O gündən sonra da uşaqlara sadəcə oxuma, yazma, riyaziyyat öyrətmədi… onları tərbiyələndirməyə də başladı. Onların qayğıları, fikirləri ilə ilgilənməyə başladı və şagirdlərinin gözlərinin ifadəsindən tutumuş, hərəkətləri, özlərini aparmalarındakı kiçik dəyişikliklər belə onun diqqətindən yayınmadı. Şagirdlərin sevimlisinə çevrildi xanım Tomson. Teddiyə isə özəl bir diqqət göstərirdi o. Onunla çalışarkən
Teddinin zəkası təkrar canlanmışdı. Ona cəsarət verdikcə uşaq əməlli-başlı dirçəlir, inkişaf edirdi. Xanım Tomson onda oxumağa, həyata elə gözəl maraq yaratmışdı ki, Teddi tamamilə dəyişilməyə başlamış, yenidən toparlanmışdı. İlin sonunda Teddi sinfin ən çalışqan şagirdi oldu. Bir il sonra xanım Tomson qapısının arxasında bir yazı tapdı. Yazı Teddidən idi. Bütün həyatı boyunca ən yaxşı müəlliminin xanım Tomson olduğunu yazırdı. Teddidən yeni bir yazını isə altı il sonra aldı. Liseyi bitirdiyini, sinfində üçüncü ən yaxşı tələbə olduğunu və xanım Tomsonun hələ də həyatında gördüyü ən
yaxşı müəllimi olduğunu yazmışdı. Dörd il sonra Teddidən daha bir məktub aldı xanım Tomson. Teddi Universitetdə oxuduğunu və çox yaxşı dərəcə ilə məzun olmaq üçün çoxlu səy sərf etməsi lazım olduğunu yazırdı. Və xanım Tomson hələ də onun həyatında tanıdığı ən yaxşı müəlliməsi idi – o, belə yazırdı. Daha dörd il keçdi və xanım Tomson Teddidən daha bir məktub aldı. Teddi çox yaxşı bir dərəcə ilə məzun olduğunu, amma daha irəliyə getmək istədiyini və hələ də xanım Tomsonun onun tanıdığı, ən çox sevdiyi müəlliməsi olduğunu yazırdı. Bu dəfə məktubun altındakı imza bir
az daha uzun idi: “Teodor F.Stoddard, Tibb doktoru”. Yazda xanım Tomson daha bir məktub aldı. Teddi həyatının eşqi ilə tanış olduğunu və evlənəcəyini yazmışdı. Atasının da bir neçə il öncə öldüyünü, xanım Tomsonun onun toyunda bəyin ata-anası üçün ayrılan yerdə oturub-otura bilməyəcəyini soruşurdu… Xanım Tomson mərasimə gedəkrən diqqətlə saxladığı bir neçə daşı düşmüş, Teddinin bir zamanlar ona bağışladığı o bilərziyi taxdı, Teddinin ona verdiyi və anası kimi qoxlandığını söylədiyi ətirdən də sürtdü… Bir-birini sevgi ilə qucaqlarkən Teddi onun qulağına “Mənə inandığınız üçün çox təşəkkürlər, xanım Tomson, özümü önəmli hiss
etməyimi təmin etdiyiniz üçün və məni belə dəyişdirdiyiniz üçün də…” – deyə pıçıldadı. Xanım Tomson gözündəki yaşlarla ona qarşılıq verdi: “Yanılırsan, Teddi… Mən deyil, sən mənə öyrətdin. Səninlə qarşılaşana qədər mən müəllimliyin nə olduğu bilmirmişəm!..”
Bax, belə… Məncə, başqa heç nə əlavə etməyə ehtiyac yoxdur – müəllim Tomson olunca şagird Teddi… “Teodor F.Stoddard, Tibb doktoru” olur… Müəllim adını daşıyan və ona iddialı olanlar üçün ilginc olacaqğını düşünürəm bu ibrətamiz müəllim-şagird hekayətinin… Bu həyat hekayətinin bizi, yaşamımızı dəyişdirən müəllimlərə hər zaman borclu olduğumuzu xatırltmağa, onlara diqqət və qayğı göstərməmizin vacibliyini düşünməyə səsləyəcəyinə də ümid edirəm. Onların borcundan çıxmaq çətindir, amma onlara diqqətimiz, qayğımız, sayğımızla yanaşı, onların bizim inkişafımız üçün etdiklərini biz də buna ehtiyacı olanlara etməklə az da olsa, çıxa bilərik. (Zira, MÜƏLLİM sözünün yanında bir də MƏKTƏB(LƏŞMƏ!) var, təcrübənin ötürülməsi, gələnəklərin yaşadılması, “öyrəndiklərini layiq olanlara öyrət!” əmri var…) Onlar bizdən hər zaman bunu gözləyirlər. Çünki gerçək müəllimlər hər
zaman ilk öncə toplumu, sonra özlərini düşünürlər. Bütün yaxşı müəllimlərin qarşısında baş əyir, onlara ən gözəl arzularımı ünvarlayıram.

Etikxeber.az

Read Previous

Əflatun Amaşov: “Şura jurnalist hüquqlarının qorunması ilə bağlı da tədbirlər həyata keçirməkdədir”

Read Next

Ermənilər atəşkəsi 12 dəfə pozdular

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir