“Kimliyindən, hansı dövlət olmasından asılı olmayaraq, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdır…”-MİLLƏT VƏKİLİ ÖLKƏ PREZİDENTİNİN HACIQABUL SƏFƏRİ VƏ SON MÜSAHİBƏSİNDƏN YAZIR

Yenə növbəti açılışlar yaşandı, yaşadıq.

Yenə Azərbaycanımızın sürətli və dinamik inkişafına, İkinci Vətən Müharibəsindən sonrakı tarixi Zəfərimizə töhfə verəcək yeniliklərin şahidi olduq.

Yenə uğurumuza uğur, nailiyyətlərimizə nailiyyətlər qatıldı.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Hacıqabula son səfəri və səfər zamanı baş verən açılışlar bir daha Güclü, Qüdrətli Azərbaycanın öz yolu, öz seçimi ilə qarşısına qoyduğu hədəflərə doğru inamla addımlamasının təsdiqi və təcəssümü oldu.

Ölkə Prezidentin Hacıqabula səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsinin, “Azərsun Şamaxı Aqropark”ın, “Agro Dairy” MMC-nin aqroparkın, 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının və sair açılışı və təqdimatı oldu ki, bunlar hər biri iqtisadiyyatımızın gücləndirilməsi, möhkəmləndirilməsi ilə yanaşı, həm də insanlarımızın, bölgə sakinlərinin yeni iş yerləri ilə təmin olunması, maddi rifah hallarının, güzəranlarının yaxşılaşdırılması ilə birbaşa bağlı olan addımlardır.

Bunlar Azərbaycan dövlətinin, ölkə rəhbərinin bütün çətinliklərə, xüsusilə, bütün bəşəriyyət üçün bəlaya çevrilmiş koronavirus pandemiyası və onun iqtisadiyyata təsirlərinə rəğmən, öz vətəndaşının yanında olmasının, onun düşünməsinin göstəricisidir.

Azərbaycan dövləti, ölkə rəhbəri hər zaman öz vətəndaşının, öz insanının yanında olub və bundan sonra da yanında olacaq.

Kimsənin buna şübhəsi ola bilməz, şübhəsi olanların da vicdanını, ədalət hissini itirməsi lazımdır.

Hacıqabul səfəri həm də bir Dərs, bir Zərbə idi-istər 30 ildə müstəqilliyimizi həzm və qəbul edə bilməyənlərə,istərsə tarixi-məkrli qonuşlarımıza, düşmənlərimizə və onları üstümüzə qaldıranlara.

Ali Baş Komandan Azərbaycan Televiziyasına növbəti və tarixi müsahibəsində elə mesajlarla, elə bəyanatlarla, elə xəbərdarlıqlarla çıxış etdi, elə Dərs keçdi, elə Zərbə vurdu ki, çoxları bunun təsirindən hələ çox gec ayılacaq.

Bəli, Müzəffər Ali Baş Komandan Azərbaycanın və özünün birmənalı mövqeyini ifadə edərək, bir daha Qətiyyətini, Cəsarətini, İradəsini nümayiş etdirdi.

Son zamanlar bütün çıxışlarında qırmızı xətt olaraq keçən Zəngəzur və Zəngəzur dəhlizi məsələsinə toxunan Qalib Sərkərdə bir daha özünün prinsipial və geridönməz mövqeyini ortaya qoydu, Azərbaycan xalqının 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağını birmənalı şəkildə bəyan etdi.

Ölkə rəhbəri “…biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”-deyərək bildirdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.

“Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq”-deyə, sözlərinə davam edən Müzəffər Ali Baş Komandan son zamanlar ölkə və dünya gündəmindən düşməyən daha bir vacib məsələyə, “İsgəndər-M” məsələsinə qayıtdı və yenə özünəməxsus Dik duruşu, Cəsarəti ilə Azərbaycan xalqı və Azərbaycan dövlətinin haqlı tələblərini, gözləntilərini səsləndirdi.

Qeyd etdi ki, Azərbaycan xalqı bu məsələ ilə bağlı ortada olan və açıq qalan suallara cavab gözləyir.

Bəli, biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir.

“Bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır”-deyən ölkə Prezidenti eyni zamanda ümidini ifadə etdi ki, bu məsələyə nəhayət, aydınlıq gətiriləcək, çünki strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır.

Bəli, kimliyindən, hansı dövlət olmasından asılı olmayaraq, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar.

Səmimiyyət və dostluq qarşılıqlı olmalıdır.

Bu, bizim haqlı tələbimizi və mövqeyimizdir.

Bu mövqeyimiz, bu tələbimiz də nəzərə alınmalıdır, əksi mümkün deyil!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

Daha 2047 yeni yoluxma-DAHA 39 ÖLÜM…

Read Next

“Azərbaycan dövləti üçün ən ümdə məsələ milli maraqlarımızın qorunmasıdır və…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir