“KİV haqqında” qanun dəyişməli, mediaya nəzarət gücləndirilməlidir – AMAŞOV

“Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O, qeyd edib ki, Azərbaycan mediası peşəkar mediadır, ancaq suların durulmasına ehtiyac var:

“Hesab etsək ki, ölkədə 5 mindən artıq KİV reyestrə alınıb, eyni zamanda KİV kimi fəaliyyət göstərən internet media resurslarının sayı da durmadan artır, yaranmış durumun peşəkarlıq baxımından yüksək qiymətləndirilməsi sadəcə mümkünsüzdür. Əslində, gerçək jurnalistika nə qədər ciddi resursa malik olsa da, çoxluğun yaratdığı ab-hava həqiqi media təmsilçilərinə baxışa da təsir göstərir. Baxış isə haqlı olaraq mənfidir. Biz çalışmalıyıq ki, bu tendensiya kökündən dəyişsin. Peşəkarlığın artırılmasının bir yolu bununla bağlı vərdişləri dərinləşdirməkdən, maarifləndirici tədbirləri artırmaqdan, peşəkarların sahədə qalıb işləmələri üçün rentabelli mühiti formalaşdırmaqdan keçirsə, digər məqam məqam sırf mənəvi amillərə söykənir. Yəni elə edilməlidir ki, informasiya dalınca hansısa idarə, müəssisə və təşkilata üz tutan peşəkara olan münasibət həmin yerə başqa məqsədlər üçün üz tutan “jurnalistə” olan münasibətdən fərqli olsun. Təcrübə göstərdi ki, bunu reallaşdırmaq vaxt alır, bəzənsə mümkün olmur. Mümkün deyilsə, demək ki, ikincilər sıradan çıxmalıdır. Bunun üçün “Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır”.

amasov-aliyev

AMŞ sədrinin sözlərinə görə, ümumən bu sahəyə nəzarət gücləndirilməlidir:

“Mən əvvəldə suların durulmalı olduğunu söyləyərkən də bu tədbirlərin gerçəkləşdirilməsinin vacibliyini nəzərdə tutmuşdum. Əlbəttə, bu, çətin prosesdir, amma gedilməsi vacib olan yoldur.Yenə də sözümün əvvəlinə qayıdaraq deyirəm ki, Azərbaycan mediası ümumən peşəkar mediadır. Amma buna müqayisəli də yanaşmaq lazımdır. Çünki peşəkarlığın dünya üzrə qəbul edilən standartları fərqlidir. Bu standartlara çatmaq üçün işlər gücləndirilməlidir. Ayrıca media peşəkarlığı institutu formalaşdırılmalıdır. Redaksiyaların texniki bazası daha da gücləndirilməlidir. KİV-lər üçün reklam mühiti olmalıdır. Bizi tam peşəkarlığa çatmaq üçün məhz bu tədbirlər gözləyir. Sözüm ondadır ki, peşəkarlıq özünü yalnız ayrı-ayrı fərdlərin ortaya qoyduqları məhsullarda göstərməməli, sahənin özünə peşəkar yanaşılmalıdır…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Prezidentin ilk 100 günü” – FOTOLAR

Read Next

“Ziya Bünyadov”-da avtomobil tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir