“KİV haqqında” qanunda dəyişiklik edilir… – YENİLƏNİB – (1)

Vüsalə MAHİRQIZI: Reklamı məhdudlaşdırılan spirtli içki və tütün məmulatları şirkətlərinin sponsor olması həqiqətən də düzgün deyil

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasının gündəliyinə 3 məsələ salınıb.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Ombudsmanın illik məruzəsi, o,  cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” və “Müəllif hüquqları və əlaqəli şəxslər haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) “Reklam haqqında” qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərdə bu barədə məlumat çar olunmalıdır: “Dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

meclissssss

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yenu məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur: yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur: “Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.

***

vusala-2

Müzakirələrə dəvət olunan “APA-Holding”in rəhbəri Vüsalə Mahirqızı da öz növbəsində  dəyişikliklərə-uyğunlaşdırmalara münasibətini bildirib, təkliflərini səsləndirib.

***

O, deyib:

Təşəkkür edirik ki, Milli Məclis o təklifləri nəzərə aldı. Hazırda isə müzakirə olunan layihə tamamilə lazımlı bir dəyişiklərdir. Xüsusilə reklamı qadağan edilmiş malların istehsalı və ya satışı ilə məşğul olan şəxslərin sponsor ola bilməməsi tamamilə haqlı dəyişiklikdir. Çünki bir müddət əvvəl reklamı məhdudlaşdırılan spirtli içki və tütün məmulatları şirkətlərinin sponsor olması həqiqətən də düzgün deyil”.

V. Mahirqızı  həmçinin digər dəyişikliyi – dövri mətbu nəşrlərdə yayımlanan elanlarda, anonslarda əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi ilə bağlı dəyişikliyi də təqdir edib: “Çünki təbii olaraq reklam xarakterli press-relizlər xüsusi işarə ilə təqdim olunmalıdır”.

V. Mahirqızı 45-ci maddədə edilən əlavəyə isə (Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur) iradını bildirib:

“Burada haqsız reklam ifadəsi qeyd olunur ki, məncə bu bir qədər yanlışdır. Çünki haqsız reklam olmur ki, mətbu orqan da ona görə təkzib versin. Kimsə bizə reklam xarakterli material veribsə, niyə biz onun əvəzinə təkzib verməliyik? Məsələn, bu gün televiziyalarda tibb verilişlərində bir həkim çıxıb bir neçə dəfə ən yaxşı həkim kimi təqdim olunursa, dərhal cəmiyyətdə hər kəs onu ən yaxşı kimi qəbul edir. Halbuki, bu, digər həkimlərə qarşı haqsızlıqdır. Amma burada televiziyanın günahı yoxdur. Çünki o həkimin mənsub olduğu tibb müəssisəsi sponsordur və təbii ki, aparıcı da həmin tibb müəssisəsinin həkimini ən yaxşı həkim kimi tamaşaçılara təqdim edəcək. Eyni zamanda burada gizli reklam ifadəsi qeyd olunur ki, bu da dəqiq ifadə deyil. Gizli reklamı necə təyin etmək mümkün olacaq? Məsələn, bugünkü iclasda masada istifadə olunan su qablarının məxsus olduğu şirkət çəkiliş zamanı dərhal reklam olunur. Bunu indi iclası çəkən mətbuat orqanı o qabın üzərini bağlaya da, yaxınlaşdırıb hiss olunmadan aydın çəkə də bilər. Yaxud mən burada görürəm ki, Milli Məclis bu sulardan istifadə edir, dərhal düşüncəm ki, bu daha yaxşı sudur və öz şirkətimizdə də bundan istifadə edə bilərik. İndi necə müəyyən etmək olacaq ki, bu, gizli reklamdır, yoxsa yox? Ona görə də düşünürəm ki, bu bəndin işlək olması sual altında olacaq. Çox yaxşı olardı ki, gələcəkdə bu, nəzərə alınsın”.

V. Mahirqızı ümumilikdə layihəni müsbət qiymətləndirib.

Onun təklifləri və iradları komitə üzvləri tərəfindən də dəstəklənib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

“Öyrənmək istərdim ki…” – MİLLƏT VƏKİLİ

Read Next

Azərbaycanın yeni baş naziri məlum olacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir